Yunanları qədim mədəniyyətə, sivilizasiya sadiq bir xalq bilirdim. Onlar bir dəqiqəlik sükuta belə hörmətlə yanaşmadılar. İndoneziyada futbol oyunu zamanı 174 müsəlmanın xatirəsini anmaq onlar üçün “çətin” oldu. Bundan böyük tərbiyəsizlik olmaz. Amma əsas odur ki, “Qarabağ”ımız növbəti tarixi qələbəsinə imza atdı. Həmişə "Qarabağ"a, Qurban Qurbanova inanmışam. Oyundan əvvəl də demişdim ki, biz qalib gələcəyik və bu belə də oldu.
Bunu Teleqraf.com-a “Qarabağ”ın -“Olimpiakos” üzərində qələbəsini (3:0) şərh edərkən Milli Məclisin deputatı Aqil Abbas deyib.
O qeyd edib ki, dünən futbol meydanında sanki bir “YAŞMA” oyunu izlədik:
“Qurban Qurbanov öz komandasından futbolda bir “YAŞMA” formalaşdırıb. Onminlərlə azarkeşin içində biz onlara dərs keçdik. Sözsüz ki, Yunanıstan futbol ölkəsidir. Onlar futbol üzrə Avropa Çempionu olub. Qarabağın köhlən atları sanki Cıdır düzündə idi. Uşaqlar 90 dəqiqə yorulmadan mübarizə apardılar. Adətən Azərbaycan futbolunda 60-cı dəqiqədən sonra futbolçular yorulur. Amma “Qarabağ” komandası heç vaxt yorulmur. Qurbanın taktikası, strategiyası o qədər düzgün və gözəldir ki, bu uğurlu olur. O, bu yaxınlarda dünyanın ən aparıcı futbol məşqçilərinin sihahısına düşəcək”.
Millət vəkili hesab edir ki, ötən gecə 44 günlük Vətən müharibəsində xalqımız necə bir olmuşdusa, komandamız da bu əzmi, birliyi ortaya qoydu:
“Qarabağ”ımızın üzərində xalqımızın duası var idi. Allah bu dualarımızı qəbul etdi. Komandamıza ruh, qanad oldu. VAR sistemi komandamızın əleyhinə işləsə də, bizim qələbəmizə mane ola bilmədilər. Burada da texnoloji fəndləri görünür bizim komandanın əleyhinə işə salmaq istəyənlər az deyil. Amma uşaqlar sona kimi oynadılar. Qara Qarayevə, Şahruddin Məhəmmədəliyevə, Kadi Borgesə, Riçard Almeydaya və bütün uşaqlara eşq olsun. Bir daha Qarabağ komandasını, bütün xalqımızı təbrik edirəm. Bu eyni zamanda ötən gün Prezident İlham Əliyevin siyasi, diplomatik müstəvidəki qələbələrinin idman arenasında davamı idi. Yəqin ki, uşaqlar Prezident İlham Əliyevlə qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birlikdə olan şəkilərinə baxıblar. Eyni zamanda boynu bükük qalan Nikol Paşinyanı da hamı gördü”.
Aqil Abbas Yunanıstana gedən “Qarabağ” azarkeşlərinə də bu qələbə münasibəti ilə təbriklərini çatdırıb:
“Onlara qarşı da yunanlar tərbiyəsizlik etdilər. Əslində futbol barış, sülh oyunudur. Bu, insanları bir-birinə yaxınlaşdıran bir idmandır. Futbol oyunu zamanı müharibələr dayanır. Vaxtilə türmə rəisi Braziliyanın oyununa görə bütün dustaqları komandaya dəstək üçün buraxmışdı. Amma onlar oyundan dərhal sonra həbsxanaya geri qayıtmaqla türmə rəisinin bu jestinə belə cavab vermişdilər. Ötən gecəki oyunda təxribat üçün erməni bayraqları qaldırdılar. Nə qazandılar? Biz Vətən müharibəsində onlara yerlərini göstərmişik. Narahat olmasınlar. İndi cavab oyununda həmişə olduğu kimi qardaş Türkiyə və şanlı üçrəngli bayrağımız stadionda dalğalanacaq. Amma biz onlara acıq vermək üçün bunu etməyəcəyik. Bu, bizim sevgimizdən irəli gələn bir amaldır. İnşallah Bakıda da onlara növbəti futbol dərsi verəcəyik”.