Feysbuk sosial şəbəkəsində izləyici sayının azaldılması şirkətin özü ilə əlaqəli problemdir. Alqoritmlə bağlı məsələlər var. Feysbuk istifadəçiləri üçün hər hansı təhlükənin olmadığını düşünürəm. Guman ki, qısa zamanda problemi aradan qaldırılacaq və çatışmazlıq bərpa ediləcək.
Bunu Teleqraf.com-a Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz Feysbuk sosial şəbəkəsində istifadəçilərin izləyicilərinin sayının səbəbsiz azaldılmasını şərh edərkən deyib.
Onun fikrincə, bu, Feysbuk istifadəçisi və ona məxsus olan resurslardan asılı bir şey deyil: “Bu, ola bilsin, Feysbukun özünün daxili işindən dolayı yaranmış bir məsələdir. Burada sayt və agentliklərin, eyni zamanda bloggerlərin, Feysbuk istifadəçilərinin izləyici sayının azaldılması məsələsi var.
Əslində bu məsələlərə diqqət edilməlidir. Saxta izləyicilərin olması ehtimalları da dəyərləndirilməlidir. Çünki saxta hesabların çoxalması faktdır. Bəzi istifadəçilərdə izləyicilərin azalma sayı həddən artıq çoxdur. Guman ki, bu texniki qüsurdur. Ola bilsin, sistemdə aparılan hansısa yenilənmədən sonra bu fakt ortaya çıxıb. Feysbukun özünün açıqlama verəcəyi gözlənilir”.
Qeyd edək ki, Feysbuk istifadəçiləri, məşhur blogerlər izləyici sayının ötən günə nisbətən azalmasından narahatlıq ifadə ediblər. Eyni zamanda dünyanın bir neçə aparıcı informasiya daşıyıcıları və yayıcıları da bu problemlərlə üzləşiblər. Tanınmış “USA Today”, “The New York Times”, “New York Post”, “Washington Post” kimi nəşrlərin Feysbuk izləyicilərinin kəskin azalması baş verib.
“Newsweek” nəşri bunu Feysbuk sosial şəbəkəsinin bot hesabları silməsi ilə əlaqəli olduğunu açıqlayıb.
“Meta” şirkətinin rəhbərinin rəsmi hesabında da izləyicilərin sayı kəskin azalıb. Yaranmış faktla bağlı isə hələlik Feysbuk sosial şəbəkəsinin daxil olduğu “Meta” hər hansı izahatla çıxış etməyib.