Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Tofiq müəllim, Ermənistanın indiki halda "Madrid prinsipləri"nə, 1991-ci ilin Almatı sənədlərinə istinad məsələsini gündəmə gətirməsi hansı amillərlə bağlıdır?
- Əslində prinsipial sənədlərdə müqayisə olmur. İndi Nikol Paşinyan vəziyyəti sovet dövrü ilə mübahisələndirir. Guya ki, onlar sovet qaydası ilə bu ərazilərə sahib ola bilərdilər. Əgər "Madrid prinsipləri" olmasa idi bunlar üçün daha asan olacaqmış. Qarabağın vilayət olarkən, yəni sovet dövrü qaydalarına görə Ermənistanın tabeçiliyinə verilməsi onlar üçün əlverişli ola bilərdi kimi absurd iddialar gündəmə gətirirlər. Sözsüz ki, bu, həqiqətə uyğun deyil.
- Qarabağa siyasi “statusun” verilməsi məsələsi hansı dövrdə müzakirə edilib?
- Sovet dövrü reallıqları və "Madrid prinsipləri"nə əsasən Qarabağın Azərbaycandan ayrılması və Ermənistana verilməsi nəzərdə tutulmurdu. İstənilən halda bu belə olacaq bir hal deyildi. Hətta ATƏT-in Minsk qrupunun mandatında belə bu yox idi. Çünki Minsk Qrupunun mandatında ancaq siyasi statusdan söhbət gedirdi. Müzakirələr də ancaq bu istiqamətdə aparılırdı.
- “Siyasi statusu” müstəqilliklə eyniləşdirmək nə dərəcədə məntiqlidir?
- “Siyasi status” heç də o demək deyil ki, bu çərçivədə müstəqillik prinsipləri yer alsın. Elə bir hal yox idi. Əslində indiki halda erməni tərəfinin bu məsələni gündəmə gətirməsi sırf daxili auditoriyanı aldatmaq üçün edilmiş bir cəhddir. Ona görə də, burada ciddi bir məsələ yoxdur.
- İndiki halda sovet reallığı və "Madrid prinsipləri" necə əsas kimi qəbul edilə bilər?
- Artıq müharibədən sonra Azərbaycanın mövqeyi konkretləşib və dəqiqləşib. Azərbaycan Qarabağ məsələsini həll edib. Ona görə də, burada baxılması üçün heç bir məsələ qalmayıb. Azərbaycan beynəlxalq qurumlara o cümlədən sovet dövrü ilə bağlı ali orqanlara müraciəti ilə bağlı mövqeyi də məsələnin həllinə yönəlmişdi. Amma təəssüf ki, bu məsələ sovet dövründə olduğu kimi ondan sonrakı dövrdə də həll edilməmiş qalmışdı. Bu da Azərbaycanın məsələ ilə bağlı konkret qərar verməsi ilə nəticələndi. Ona görə də, indiki halda sovet reallığında olmuş hansısa bir məsələ və yaxud "Madrid prinsipləri" Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir.
- Erməni tərəfi sərhəd xəttindən qoşunları geri çəkməyə hazır olduqlarını bildirir, ancaq ortada heç nə yoxdu. Eyni zamanda da deyirlər ki, Qarabağın hüquq və təhlükəsizliyi məsələsi öz həllini tapmalıdır. Bu fikirlər hansı məntiqə əsaslanır?
- Bunlar erməni tərəfinin növbəti dəfə söz oynatmaq cəhdindən başqa bir şey deyil. Çünki iddia edirlər ki, guya 1991-ci ildə Qarabağ Azərbaycanın tərkibində olmayıb. Belə olan halda Azərbaycanın ərazi bütövlüyünü hansı şərtlər və sərhədlər çərçivəsində tanınması məsələsi suallar yaradır. Ona görə də, erməni tərəfi istənilən dövrdə, istənilən məsələ ətrafında mümkün qədər manevr etməyə çalışır.