Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Uzun sürən mübarizədən sonra Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəmiz quruldu. Hadisələrin bundan sonrakı gedişinə dair proqnozunuz necədir?
- Bu, olduqca vacib hadisədir. Bunun önəmi hər kəsə bəllidir, bundan sonra isə önümüzə baxmalıyıq ki, nələr ola bilər. Sərhəd-buraxılış məntəqəsinin qurulması ilə bağlı kənardan – ABŞ, Rusiya, Fransa və digər Avropa Birliyi dövlətlərindən müxtəlif reaksiyalar gəldi. Fransa istisna olmaqla, digərlərinin bu məsələyə münasibəti çox da sərt olmadı. Əslində, təpki göstərən dövlətlər Azərbaycanın öz suveren ərazisində sərhəd-keçid məntəqəsi qoymasını anlayışla qarşılayırlar.
Biz bunun fevralın 18-də ABŞ-ın vasitəçiliyi ilə keçirilən görüşdə açıqlandığını xatırlayırıq. Bu, ABŞ və Avropa Birliyi tərəfindən məntiqli qəbul edilmişdi. Çünki bu, həm beynəlxalq hüquq, həm də Azərbaycan Konstitusiyasına, eyni zamanda, üçtərəfli bəyanatın şərtlərinə uyğun addımdır.
Daha çox üçtərəfli bəyanat istinad edən tərəflər onu da anlamaldırlar ki, bu sənəddə Laçın və Zəngəzurda eyni prinsiplərin tətbiqi öz əksini tapır və bunu bilirlər. Buna Ermənistan da imza atıb. Ermənistanın uzun müddət Zəngəzur dəhlizinin açılmasını yubatması da Azərbaycana imkan verdi ki, Laçında eyni prinsipin tətbiqini tələb edək. Artıq Laçın yolunda sərhəd-keçid məntəqəsi qurulub və öz işinə başlayıb.
Ermənilər hay-küy salacaqlar, əks-təbliğat aparacaqlar, onlara yaxın dövlətlər və ya havadarları təpkilər göstərəcəklər. Bunlar Azərbaycanı öz qəti mövqeyindən döndərmək imkanında deyil. Bu bəyanatlar ermənilərə təskinlik vermək və Azərbaycanı müəyyən qədər təzyiq altında saxlamaq məqsədi güdür.
Önəmli addım atıldı, Azərbaycanın təhlükəsizliyini təhdid edən ən önəmli ünsürlərdən biri aradan qaldırıldı. Bilirsiniz ki, 44 günlük müharibədən sonra Laçın dəhlizi nəzarətsiz qalmışdı, sülhməramlılar bu yoldan istənilən, xüsusən də hərbi təyinatlı yüklərin daşınmasına şərait yaradırdılar. Bunan əlavə, Azərbaycana qarşı düşmən mövqeyi ilə seçilən siyasətçilərin, ən əsası, Ermənistandan olan hərbçilərin, İran və Yaxın Şərqdən gələn terrorçuların bölgəyə keçidlərinə imkan verirdilər. Bu da qəbuledilməz idi. Azərbaycanın bu addımı ilə bunların qarşısının birdəfəlik alındığını söyləmək olar.
- Bəs bundan sonrakı dövr necə ola bilər?
- Uzunmüddətli bir proses olacaq, çətin bir mərhələni keçirik. Azərbaycan qarşıdakı mərhələləri aramla və ardıcıl şəkildə keçəcək, sədləri bir-bir aşırıq. Düşünürəm ki, artıq qarabağlı ermənilər də mövqelərini müəyyən etməlidir. Münasibətləri normallaşdırmaq istəyən təmsilçilərini danışıqlara göndərməlidirlər. Hazırda Qarabağda mülki erməni əhalisni girovluqda saxlayan, Azərbaycanın hüquq-mühafizə orqanlarının barələrində cinayət işi açdığı terrorçu-separatçılarla danışıqlar olmayacaq. Real təmsilçilərlə müzakirələr mümkündür. Azərbaycan vətəndaşlığını qəbul edən şəxslərin reinteqrasiya prosesi aramla həyata keçirilməlidir.
Bütün bunlarla yanaşı, iki mühüm məsələ də var. Bunlardan biri ekofəallarımızın aksiyalarda irəli sürdükləri tələblərin həyata keçirilməsidir. Həm Gülyataq, həm də Dəmirli mis-molibden və qızıl yataqlarında nəzarət və monitorinq təmin olunmalıdır. Eyni zamanda, Azərbaycan üçün olduqca strateji önəm daşıyan Sərsəng su anbarında da nəzarət və monitorinq prosesi həyata keçirilməlidir. Bunların da vaxtı yaxınlaşır. Ən önəmlisi isə hələ də ərazilərimizdə Ermənistan ordusunun 10 minə yaxın qalıqlarından gələcəkdə təxribatlar üçün istifadə edilməsinə yol verilməməsi məqsədilə bölgədən çıxarılması məsələsi qoyulmalıdır. Bölgə tam şəkildə silahsızlaşdırılmalıdır. Əks halda, silahlılar ölkəmiz üçün təhdid və təhlükə mənbəyi olaraq qalacaqlar.
Ermənistan və onun havadarları bu silahlılardan dinc əhaliyə qarşı terror aktları həyata keçirə, bunu da Azərbaycanın adına yazmağa cəhd edə bilərlər. Çünki qarşımızdakı düşmən üçün terror bir “ənənə”dir və buna həmişə meyllidir. Onların bu “keyfiyyər”ləri də, daim havadarları tərəfindən öz maraqları üçün istifadə olunur. Bu baxımdan, həmin məsələlərin həllinə diqqət yetirilməlidir.
Artıq Ermənistanın qarabağlı ermənilərə təsirləri minimuma endirilib. Bundan sonra Ermənistanın onlara maliyyə yardımları ayırmasının dayandırılması gündəmdə olacaq. Beləliklə, qarşımızda ağır, xeyli zəhmət və iradə tələb edən proses durur. Kənar oyunçuların müdaxilə və əngəl olma cəhdlərini də nəzərə aldıqda, bu işin nə qədər çətin olduğunu görürük. Çünki bölgə 35 ildir Azərbaycandan qoparılıb, bütün əlaqələr kəsilib. Bu əlaqələri bərpa etməkçün xeyli enerji sərf olunacaq.
- Son gəlişmədən sonra Rusiya bölgədəki sülhməramlılarının komandiri Andrey Volkovu general-polkovnik Aleksandr Lentsovla dəyişdirmək barədə qərar verdi. Sizcə, bu dəyişiklik gedişata təsir göstərəcəkmi?
- Məncə, ehtimallar üzərində düşünməkdən əvvəl nəzərə almalıyıq ki, bölgəyə göndərilən istənilən adam Moskvadan verilən əmr və təlimatlara uyğun fəaliyyət göstərir. Hesab edirəm ki, Volkov iki məqsədlə dəyişdirilib. Birincisi, onun vaxtı bitmişdi. Rotasiya qaydasına görə, onu yeni komandir əvəzləməlidir. İkincisi, Volkovun fəaliyyəti Azərbaycan tərəfindən narazılıqla qarşılanmışdı. Onun Ruben Vardanyanla əlbir olaraq, Azərbaycanın təbii sərvətlərini qanunsuz şəkildə istismar etməsi ölkəmizdə ciddi qəzəb doğurmuşdu.
Azərbaycanla yanaşı, Volkovun fəaliyyətləri erməniləri də qəzəbləndirmişdi. Dekabrın 12-də ekofəallarımız aksiyaya başladıqdan sonra erməni mediasında belə məlumatlar yayılmağa başladı ki, sülhməramlılar yüklərin və fərdlərin Qarabağdan Ermənistana və geri daşınması üçün hər maşın üçün konkret tarif müəyyən ediblər. İlkin dövrdə 1000-1500 dollardan söhbət gedirdi. Zaman keçdikcə, yollarda baş verən təxribatlardan sonra daşınan yüklərə nəzarət artıqca, sülhməramlılar da daşınan yüklər üçün qiyməti artırdılar. Son məlumata görə, bir maşın yükün daşınmasının qiyməti 10 min dollara qalxmışdı. Bir qrup erməni də buna etiraz olaraq, sülhməramlıların qərargahı önündə aksiya keçirmişdi.
Bir sözlə, Volkovun fəaliyyəti həm Azərbaycan, həm də erməniləri narazı salmışdı. Çox güman ki, Rusiya həm də bunu nəzərə alıb onu dəyişdi.
Yeni komandirin fəaliyyətinə gəldikdə, bu, daha çox Rusiyaya bağlı məsələdir. Hər halda yeni mərhələ başlayır. Yeni gələn komandir də yeni şərtlər daxilində işləməlidir. Bundan sonra separatçılar və terrorçularla yeyib-içmək yox, daha rasional davranaraq, Azərbaycanla birgə fəaliyyətlərin həyata keçirilməsi istiqamətində addımlar atmalıdır.
- Ermənistanda isə həm Bakının son addımı, həm də Baş nazir Nikol Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması müzakirə mövzusudur. Paşinyan bu bəyanatının davamını real addımlarla gətirə bilərmi?
- Ermənilərin zehniyyəti, siyasi baxışları, təbliğat metodları 1878-ci il Berlin konfransından bəri dəyişməyib. Paşinyana gəldikdə, hakimiyyətdə olduğu müddətdə bir-birinə zidd bəyanatlar verdiyini görmüşük. Bu baxımdan, onun bu gün dediyi sözü sabah dəyişməyəcəyi ilə bağlı təminatımız yoxdur. Əlbəttə, dövlətlərin ərazi bütövlüyü ilə bağlı səsləndirdiyi son bəyanatında pozitiv məqamlar var. Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı qərarını nə qədər tezləşdirsə, bu, hər iki tərəf, xüsusən də Ermənistan üçün faydalı olacaq. Yox, bundan sonra da vaxt uzatmağa çalışsa, bunun ən çox zərəri Ermənistana dəyəcək. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayana, işğalda saxladığı Qazaxın 7, Naxçıvanın 1 kəndini qaytarmayana, normal dövlət kimi masa arxasında oturub sülh sazişini imzalamayana qədər gərginlik qalacaq, bundan da ən çox zərəri onlar görəcəklər.
Ermənistan Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımasa, biz də onun ərazi bütövlüyünü tanımayacağıq. Bu da gərginliyin qalmasına səbəb olacaq, bundan da ən zərəri Ermənistan çəkəcək. Çünki Ermənistan çox da uzaq olmayan keçmişdə Azərbaycanın tarixi torpaqlarında yaradılıb. Bunu sübut edəcək bütün materiallar üzdədir.
1920-ci il Paris konfransında Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 114 min kvadratkilometr olaraq qəbul edilmişdi və bu sərhədlər daxilində tanınmışdı. Sovet hakimiyyəti dönəmində bu ərazilərin 20 min kvadratkilometri Ermənistana peşkəş edilib: xüsusilə Qərbi Zəngəzur, Dərələyəz, Göyçə mahalı, Vedinin bir hissəsi. Azərbaycanın bu məsələni qaldırmaq üçün əlində kifayət qədər imkanları və faktları var. Amma Azərbaycan bu gün 5 prinsip əsasında sülh müqaviləsinin imzalanmasını təklif edir. Bunlardan biri də ərazilərin qarşılıqlı şəkildə tanınması ilə bağlıdır.
Seçim Ermənistanındır. Ermənistan nə qədər tez masaya gəlsə, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib sülh müqaviləsini imzalasa, bu, həm ona, həm bizə, həm də bütün bölgəyə faydalı ola bilər. Bundan sonra iqtisadi məsələlər önə çıxacaq.