29 İyul 2023 17:23
2 827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarixi vərəqlədikdə erməni vandalizminin sonsuz olduğunu və dünyada azərbaycanlılara, türklərə qarşı ermənilərin apardığı terror aktının 100 ildən artıqdır ki, mövcud olduğunu görmək mümkündür. Bu etnos uzun illərdir türk düşmənçiliyi edir, islamafobiyanı, türkofobiyanı və azərbaycanafobiyanı bütün dünyada təbliğ edir. Bu cür faşist təfəkkürə sahib olan Ermənistan hakimiyyəti və cəmiyyəti terrorçuların qəhrəmanlaşdırılması, hətta onların erməni gənclərinin idealına çevrilməsi üçün hər cür təbliğatdan istifadə edirlər. Onlar türklərə qarşı cinayət törədənləri, soyqırımı edənləri “milli qəhrəman” sayırlar. Qaregin Nidje, Andronik Ozanyan, Sarkis Abrahamyan erməni gənclərinin ideallarıdır. Bu etnosun yeni nəsli belə “qəhrəmanlar”ın çürük və faşist düşüncələri ilə tərbiyə olunurlar.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Onun sözlərinə görə, Ermənistanda və erməni lobbisinin fəal olduğu ölkələrdə müxtəlif tədbirlərlə hər il bu vandal, faşist “qəhrəmanların” anım mərasimi keçirilir:

"Belə mərasimlərdən biri də “Lissabon 5” adlı anım mərasimidir. Bu tədbir Amerika Birləşmiş Ştatları, Fransa, Livan erməniləri tərəfindən də qeyd olunur. Adətən belə tədbirlərdə erməni ruhaniləri “öz ləyaqətli ölümləri ilə erməni icmasını sarsıtmış azadlıq uğrunda canlarından keçən qəhrəmanların” şərəfinə rekviyemlər söyləyirlər. Bu tədbirlərin keçirilməsi, terrorçuların qəhrəmanlaşdırılması erməni cəmiyyətinin faşist, vandal simasının və faşizm meyillərinin bu etnosun xarakterik özəlliyi olduğunun təzahürüdür".

Deputat bildirib ki, “Lissabon 5” anım mərasimi 1983-cü il iyulun 27-də Türkiyə səfirliyində xüsusi vəhşiliklə terror aktını həyata keçirən və müvəqqəti işlər vəkilinin xanımını və bir Portuqaliya polisini qətlə yetirərək özləri ilə bərabər binanı partlatmış Sarkis Abrahamyan, Setrak Acemyan, Vaçe Dağlıyan, Ara Kurcuhliyan və Simon Yahneyanın anmaq məqsədilə keçirilir. Hətta Lissabon beşliyinə erməni şairi Ovanes Şirazın "Lissabonlu özünü yaxanlar" şeri həsr olunub.

Bundan əlavə, Vaqe Oşakanın "Telefon" hekayəsi və Qarnik Sarkisyanın "İnq Ay Serder" ("Beş erməni ürəyi") mahnısı da bu bədnam hadisəyə həsr edilib.

Əlbəttə, bu faktlar erməni cəmiyyətinin terroru təbliğ etdiyini və terrorçuları qəhrəmanlaşdırdığının əyani göstəricisidir. Dəhşətli terror hadisəsinə ABŞ Prezidenti Ronald Reyqan da münasibət bildirmişdi. Terrorçuların xanımı qətlə yetirmələri onu xüsusilə təsirləndirmişdi. Roland Reyqan demişdi: “Biz digər ölkələrin hökumətləri ilə birgə çalışaraq buna birdəfəlik son qoyacağıq.”

ABŞ Milli Təhlükəsizlik Şurasının üzvü Oliver North terrorçuların neytrallaşmasına yönəlmiş Milli Təhlükəsizlik Qərarları Direktivi (MTQD) hazırlamışdı. 138 nömrəli həmin MTQD Amerikanın özünü terrorçulardan qoruma hüququnu özündə ehtiva edir.

Qeyd etməliyik ki, ermənilər terrorçu fəaliyyəti dünyanın bir çox ölkələrində qadağan olunmuş ASALA ilə fəxr edirlər. İki il əvvəl onun üzvlərindən biri Xambik Sasunyan İrəvanda “qəhrəman” kimi qarşılanmışdı.

O, 1982-ci il yanvarın 28-də Türkiyənin Los-Ancelosdakı baş konsulu Kamal Arıkanı odlu silahdan atəş açaraq qətlə yetirmişdi.

ABŞ-ın o vaxtkı prezidenti Ronald Reyqan hadisəni terror aktı adlandıraraq qətli qınamışdı. Bu terrorçu 2016-cı ildə Kaliforniyanın Əfv Komissiyası tərəfindən bağışlansa da, ştatın qurbernatoru Cerri Braun X.Sasunyanın cəmiyyət üçün təhlükəli olacağını əsas göstərərək qərara veto qoymuşdu.

Həmçinin, 2021-ci il noyabrın 13-də, yəni Ermənistan kapitulyasiya aktını imzalayandan bir il üç gün sonra Norayr Mirzoyan adlı erməni Azərbaycan və Rusiya hərbçilərinin üzərinə qumbara atmışdı. Bu, terror aktı idi. Rusiya sülhməramlıları terrorçunu saxlasa da, sonradan onu sərbəst buraxmışdılar.

Mirzoyanı ermənilər “qəhrəman” olaraq qarşıladılar. Həmçinin, bu ilin aprelin 15-də İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatında Azərbaycan və Türkiyə bayraqlarına qarşı hörmətsizlik edildi. Bunu edən Aram Nikolyan adlı erməni barbarına da “qəhrəman” kimi münasibət göstərildi. Bu azmış kimi, Ermənistanın hakimiyyət orqanları qarşı tərəfdən üzr istəməkdənsə, Azərbaycanı günahlandırmaqla bu vəhşiliyi törədənə haqq qazandırdılar".

Tamam Cəfərova hesab edir ki, bütün bu hadisələr erməni cəmiyyətinin iç üzünün açıq təzahürüdür: "İfrat millətçilik əhval-ruhiyyəsindən doğan və "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni terrorizmi daim onların dəyişən siyasi məqsədlərinə uyğunlaşırdı.

XIX əsrin sonlarında yaranmış və XX əsrin ortalarında sürətlə artan erməni terrorizmi Avropa, Asiya, Amerika və hətta Avstraliya da daxil olmaqla dörd müxtəlif qitədə baş verən 200-dən çox terror aktı ilə region ölkələri və onun hüdudlarından kənarda əsas təhlükəyə çevrilmişdi.

44 günlük Vətən müharibəsində Azərbaycanın hərbi-siyasi yolla əldə etdiyi qələbə nəticəsində şanlı ordumuz guya “məğlubedilməz erməni ordusu mifini” darmadağın etdi. Əlbəttə, bu reallıq erməni cəmiyyətində ciddi aqressiya və revanşizm meyilləri ilə qarşılandı.

Erməni millətçilik ruhunun hər bir kəskinləşmə mərhələsində daim terror və zorakılıqdan istifadə olunmuşdur. Bunun həm regional, həm də beynəlxalq səviyyədə sülh, təhlükəsizlik və sabitliyin təmin edilməsi baxımından ciddi təhlükə olduğunu nəzərə alaraq, erməni millətçiliyinin qarşısının alınması istiqamətində beynəlxalq səviyyədə tədbirlər görülməsi olduqca vacibdir".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər