2 Avqust 2023 18:09
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Euronews” televiziyası sıradan bir kanal deyil. O, bütün dünyada yayılan, gedən materialları diqqət doğuran, bəzən isə xüsusi olaraq hansısa bir verilişin getməsi gözlənilən bir telekanaldır. Bu telekanalın Prezident İlham Əliyevdən müsahibə götürməsi, onun fikirlərinə olan maraqdan, Azərbaycanın bu gün dünyada qazandığı nüfuzla bağlıdır. Şübhəsiz ki, bu nüfuz Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsində mümkün olub. Ölkə başçısının iyulun 22-də Şuşada, Milli Mətbuat günündə “Euronews” televiziyasına müsahibə verməsi xüsusi əhəmiyyət daşıyır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, bu gün Azərbaycanda azad, demokratik, sərbəst fikir bildirən mətbuat var:

“Prezident İlham Əliyev müsahibəsində bir çox məqamlara dair Azərbaycanın mövqeyini bir daha vurğuladı. Onun dediyi fikirlər əvvəl də səslənmişdi. Bir daha dövlət başçısı Azərbaycanın prinsipial mövqeyini ortaya qoydu. Azərbaycanın ərazi bütövlüyü, bütün vətəndaşlara bərabər hüquq və azadlıqların təmin edilməsi onun çıxışının əsas tezisi idi”.

Deputatın fikrincə, dünyanı, o cümlədən, “Euronews”u Azərbaycanın Qarabağ İqtisadi Zonasında yaşayan azsaylı erməni icması ilə bağlı olan məsələlər də maraqlandırır:

“Prezident faktlar sadalayaraq həmin ərazinin Ermənistan tərəfindən vaxtilə işğal edildiyini bildirdi. Həmin insanlara probleminin ilk növbədə Ermənistan və oradakı separatçı rejimin rəhbərləri tərəfindən yaranmasına dair fikrini söylədi. Laçın yolunun məsələsi də bu gün erməni təbliğatı tərəfindən süni surətdə ortaya atılıb. Burada hər hansı bir problem yoxdur. Laçında Azərbaycanın sərhəd-buraxılış məntəqəsinin olması tam qanunidir. Bununla Azərbaycanın sərhəd bütövlüyü təmin edilir. Çünki Azərbaycan dünyanın digər ölkələri kimi öz ərazisinə giriş-çıxışa nəzarət etmək hüququna malikdir”.

Millət vəkili bildirib ki, müsahibəsində eyni zamanda Prezident İlham Əliyev Laçın yolundan Ermənistanın sui-istifadə etməsini sadaladı:

“Bunun qarşısının alınması üçün addımlar atıldığını bir daha göstərdi. Eyni zamanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin nə səbəbdən Bakı ofisi ilə deyil, İrəvanla əlaqə saxlamasına Azərbaycan Prezidenti öz etirazını bildirdi. Ölkəmizin ərazisində olan təşkilatlar Bakı ofisinə tabe olmalı və Azərbaycan hökuməti ilə işləməlidir. Digər tərəfdən orada yaşayan erməni əhalisinin bütün sosial-humanitar problemləri Azərbaycan tərəfindən asanlıqla həll edilə bilər. Ölkə başçısı da vurğuladı ki orada yaşayanalar Azərbaycan vətəndaşlığını qəbul etməlidir. Bunu istəmirləsə, Azərbaycan ərazisindən çıxıb getməlidirlər. Bu tamamilə düzgün fikirdir. Heç bir dövlət öz ərazisində həmin ölkə ilə hüquqi münasibətləri tənzimləməyən bir toplumun yaşamasına razı ola bilməz. Bu da Azərbaycanın hüququdur”.

Aydın Mirzəzadə vurğulayıb ki, müsahibədə həmçinin Ermənistanın Azərbaycanla normal münasibətlər qurmasına ölkəmizin vermiş olduğu təkliflər xatırlandı:

“Azərbaycanın bu danışıqlarda səmimi olduğu göstərildi. Məhz indiki reallıqda Ermənistan tərəfindən konstruktivlik gözlənilir. Əgər konstruktivlik olarsa Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Ermənistanın şifahi dediyi fikirləri artıq sənədlə təsdiqləmək olar. İki ölkə arasında diplomatik əlaqələr qurula bilər. Zəngəzur dəhlizi açılar və Ermənistan Azərbaycan ərazisindən keçməklə dünyaya çıxış əldə edə bilər. Bir sözlə Prezident İlham Əliyevin fikirləri bu gün regiona uzunmüddətli sülh və stabillik gətirəcək yanaşmalardır. Ermənistan bundan nəticə çıxarmalıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər