29 Oktyabr 2023 20:34
232
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan əraziləri 30 ilə yaxın Ermənistan tərəfindən işğalda saxlanıldığı, 1 miyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildiyi vaxtlarda dünya ictimaiyyəti buna səssiz qalmışdı. Beynəlxalq birlik ölkəmizin ərazi bütövlüyü və suverenliyi pozulduğu halda buna reaksiya verməmişdi. BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılması haqqında qətnaməsi kağız üzərində qalmışdı. Bu dövrdə isə Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırım siyasəti həyata keçirib, ərazilərimiz barbarcasına talanıb, bütün yaşayış məntəqələri, məhv edilib. Lakin beynəlxalq birlik bu məsələ ilə bağlı da Ermənistana heç bir reaksiya verməyib. 2020-ci ilin 27-i sentyabrında başlayan və 44 gün davam edən II Qarabağ Müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü təmin etdi. 2020-ci ilin 10 noyabrında kapitulyasiya aktına imza atan Ermənistan daha sonra üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmağa başladı. Öhdəlikləri icra etmək əvəzinə Ermənistan 10 minə yaxın silahlı birləşmələri qeyri-qanuni olaraq Azərbaycan ərazisində saxlamaqla növbəti dəfə ərazi iddiası ilə çıxış edirdi. Bununla yanaşı separatizmi, terroru açıq şəkildə himayə edən Ermənistan ölkəmizin konstitusiya quruluşuna qarşı çıxırdı. 2023-cü ilin 19-20 sentyabr tarixlərində baş tutmuş lokal antiterror tədbirləri ilə Azərbaycan öz ərazisi üzərində suverenliyini bərpa etmiş oldu. Separatçilar ağ bayraq qaldıraraq silah-sursatı təhvil verməklə təslim oldu. Bunun ardınca Qarabağda yaşayan erməni əsilli şəxslər Azərbaycan ərazisindən heç bir təzyiq və zorakılıq olmadan, könüllü şəkildə çıxmağa başlayıb.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

Professor qeyd edib ki, Qarabağdan ermənilərin könüllü şəkildə çıxmasında keçmiş separatçı rejimin, Ermənistan hakimiyyətinin və onlara havadarlıq edənlərin "niyyətləri" başqa olub: “Onlar bu amildən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edəcəkləri ilə bağlı məkirli planlarını reallaşdırmaq niyyətində idi. Azərbaycanlılara qarşı uzun on illiklər etnik təmizləmə və soyqırım siyasəti həyata keçirildiyi halda, əsrin faciəsi, Xocalı Soyqırımı kimi acı bir reallıq ortada olduğu halda beynəlxalq birlik növbətə dəfə bunu görməzdən gəlir. Bəzi Qərb dövlətləri, erməni lobbisinin əlində oyuncağa çevrilmiş siyasətçilər indiki halda Azərbaycana qarşı absurd, məntiqsiz, heç bir əsası olmayan iddialarla çıxış etməyə başlayıb. Fransa başda olmaqla digər ölkələrin bu gün açıq şəkildə ermənipərəst siyasət yürütməsi məhz bu “ssenarinin”, riyakarlığın bariz nümunəsidir. Bu xüsusda regionla heç bir əlaqəsi olmayan Kanadanın yanaşmaları, davranışları hiddət doğurur. Kanada xarici işlər naziri Melani Colinin bu yaxınlarda Ermənistana səfəri zamanı Azərbaycana qarşı əsassız ittihamlar səsləndirməsi, hələ bir qədər də irəliyə gedib hətta Bakını sanksiyalarla hədələməsi riyakarlıqdır. 30 ilə yaxın Ermənistan Azərbaycan ərazilərini işğalda saxladığı dövrdə Kanada heç bir bəyanat verməyib. Bu kontekstdə Kanada XİN rəhbərinin Azərbaycanı “deportasiya”da ittiham etməsi qərəz və səlibçilik təfəkküründən irəli gəlir”.

Millət vəkili hesab edir ki, Colinin Ermənistanın Azərbaycanla sərhəddə döyüş mövqeyinə gələrək binoklla Azərbaycan ərazilərini müşahidə etməsi diplomatik davranış qaydalarına ziddi bir hərəkətdir: “Həmçinin Colinin Azərbaycanı sanksiyalarla hədələməsi isterikadır. Fakt odur ki, Kanada yarandığı gündən indiyədək müstəqil xarici siyasəti olmayan marionet bir dövlətdir. Yerli aborigen xalqların soyqırımı nəticəsində yaradılmış Kanada hansısa ölkələri entik dözümsüzlükdə ittiham etməsi absurddur. Vaxtilə Kanadada hindu uşaqları üçün açılan çoxsaylı internatlarda onların kütləvi şəkildə öldürülməsi faktları yaddan çıxmayıb. Bu mənada Kanada qaranlıq keçmişini unudub tanımadığı və heç bir halda bələd olmadığı regionla bağlı birtərəfli qaydada fikir formalaşdırmağa cəhd etməsi onun özü üçün ziyanlıdır. Çünki Kanada XİN başçısının səsləndirdiyi cəfəng fikirlər göstərir ki, nazirin adi coğrafi bilikləri belə yoxdur. Əks halda o, Azərbaycanın əhəmiyyətini anlayardı. Reallıq odur ki, Kanada uran ehtiyacını Mərkəzi Asiya ölkələri vasitəsilə təmin edir. Uranın isə hava yolu ilə daşınmasına icazə verilmir. Bu halda uranın Çin və Azərbaycan üzərindən Kanadaya daşınması mümkündür. Sözsüz ki, Çinin buna razılıq verməsi mümkün deyil. Kanada bu məsələdə Azərbaycandan asılı vəziyyətə düşür. Azərbaycan isə Kanadanın riyakarlığı və qeyri-obyektiv yanaşmaları fonunda istənilən vaxt bu ixracı dayandıra bilər və dayandırmalıdır. Eyni zamanda Kanada şirkətlərinin Azərbaycanda fəaliyyəti də məhdudlaşdırıla bilər”.


Müəllif: Tapdıq Qurbanlı