6 Noyabr 2023 20:36
290
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan müstəqillini yenidən bərpa etdiyi dövrlərdə böyük çətinliklər və məşəqqətlərlə üzləşmişdi. 90-cı illərin əvvəllərində hakimiyyətə gələn qüvvələr ölkədə xaosa, anarxiyaya səbəb olan siyasət yürüdürdü. Bu da Azərbaycanda böyük təlatümlərə yol açdı. Ölkəmiz yox olmaq, parçalanmaq təhlükəsi ilə üzləşdi. Ermənistanın təcavüzkar siyasətinin nəticəsində torpaqlarımız işğal edildi. Xalqımıza qarşı soyqırım, entik təmizləmə siyasəti həyata keçirildi. Belə ağır şəraitdən ölkəni xilas edə biləcək yeganə tarixi şəxsiyyət ümummilli lider Heydər Əliyev oldu. Məhz ulu öndər Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi, uzaqgörənliyi və qətiyyəti nəticəsində Azərbaycan ağır durumdan xilas oldu. Tarixi Şəxsiyyətin zəngin dövlətçilik təcrübəsi və strategiyası sayəsində Azərbaycan bütün bəlalardan, ağır sınaqlardan çıxaraq normal inkişaf müstəvisinə, inkişaf yoluna qədəm qoydu. Ölkəmizdə ulu öndərin həyata keçirdiyi düzgün siyasət nəticəsində milli birlik, təmin olundu. Xalqın özünə inamı qayıtdı və ictimai-siyasi sabitlik bərqərar oldu. Ümummilli lideri Heydər Əliyevin dərin zəkası, uzaqgörənliyi, xalqına, dövlətinə olan sonsuz sevgisi sayəsində Azərbaycan güclü, müstəqil dövlət kimi çiçəklənməyə başladı.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

O, Dahi Liderin əzmi və qətiyyəti sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar olunduğunu bildirib: “Təcavüzkar Ermənistanın işğal siyasətinin qarşısını almaq, ordu quruculuğuna nail olmaq üçün atəşkəs əldə olundu. Qısa zamanda ölkədə bütün sahələri əhatə edən islahatlara başlanıldı. İlk növbədə ölkənin iqtisadi əsasları formalaşdırıldı. Ordu quruculuğu sahəsində vacib addımlar atıldı. Əsrin müqaviləsinin imzalanması Azərbaycan müstəqil daxili-xarici siyasət kursunun nəticəsi olaraq mövqeləri beynəlxalq arenada möhkəmlənməyə başladı. Ermənistanın işğal siyasətinin beynəlxalq birlik tərəfindən pislənilməsi, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpası ilə bağlı hüquqi, fundamental əsaslar yaradıldı. Azərbaycanı yox olmaqdan, parçalanmaqdan xilas edən ulu öndər Heydər Əliyev ölkəmizin gələcəyi, inkişafı, ərazi bütövlüyünün təminatı üçün uğurlu strategiya müəyyənləşdirdi. Prezident İlham Əliyev tərəfindən böyük əzm və uğurla davam etdirilən bu strategiya Azərbaycanın regional və qlobal miqyasda güclü, qalib, inkişaf edən, dünyada söz sahibi ölkəyə çevrilməsini təmin etdi. Sözsüz ki, Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması olub. Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaradırdı. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqamətini təşkil edib. Məhz bu məqsədə xidmət edən Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması da ölkəmizin hərbi qüdrətini artırmış oldu. Eyni zamanda Azərbaycan özünün hədəflərinə nail olmaq üçün iqtisadiyyatını gücləndirirdi. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələrlə regionda yeni mənzərə yaradıb. Ölkəmiz bölgənin enerji, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region dövlətlərinin maraqlarını təmin edib. Sözsüz ki, bu amillər Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirdi. Ölkəmizlə tərəfdaşlıq edən dövlətlərin sayının artması beynəlxalq münasibətlər sistemində daha səmərəli əməkdaşlığı təşviq edib. Bu bir reallıqdır ki, Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi baza formalaşdırıb. Bu baxımdan BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlar ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı vacib qətnamələr qəbul edib. Amma bütün bunlara baxmayaraq Azərbaycanın haqlı mövqeyinə hər zaman olduğu kimi riyakar yanaşanlar da olub. Məhz keçmiş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏM-in (sonradan ATƏT) Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışıb. Bütün bunlar isə ikili standartlar siyasətinin nəticəsi olaraq ortaya çıxıb. İşğalçıya, işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilib. Nəticədə beynəlxalq qətnamələr 30 il kağız üzərində qalıb. Hər zaman məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək münaqişənin danışıqlar vasitəsilə həllinə çalışıb. Həmçinin BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi kağız üzərində qalmışdı. Bunun fonunda aramsız olaraq davam edən Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri, keçmiş təmas xəttində dinc vətəndaşlarımızı və hərbiçilərimizi hədəf alan təxribatları artıq təcavüzkarın cəzalanmasını qaçılmaz etmişdi”.

Deputat vurğulayıb ki, Vətən müharibəsi nəticəsində Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi: “Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik siyasəti ermənilərin məhz çar Rusiyası zamanı əzəli torpaqlarımıza Qarabağa köçürüldükləri vaxtdan başlayıb. Azərbaycanlılara qarşı etnik dözümsüzlük çar Rusiyasından sonrakı illərdə də davam edib. Erməni daşnakları və cəlladları tərəfindən 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirilib. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə qalıb. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalıb, yaşadıqları yerlərdən qovulub, onlara işgəncələr verilib, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan olunub. Bu acı tarixi reallıqlar Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması prosesi sovet dövründə də davam edilib. Tarixi ata-baba yurdlarından azərbaycanlı əhalinin deportasiyası 1948-1950-ci illərdən başlayaraq 1956-cı ilə qədər davam etdirilib. 1988-ci ildə 300 min azərbaycanlı öz yaşadığı tarixi torpaqlarından yəni, indiki Ermənistan ərazisindən zorla deportasiya olunub. Bütün bu hadisələri özlərinin məkirli siyasətinin davam kimi icra edən ermənilər 1988-ci ildə başlayan Qarabağ hadisələri fonunda azərbaycanlılara qarşı soyqırım və etnik təmizləmə həyata keçirib. Erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurub. Nəticədə bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olub. Bu illər ərzində isə Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salıb, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv edib, ölkəmizə milyardlarla dollar həcmində maddi ziyan vurub. Buna baxmayaraq işğal siyasətini davam etdirən Ermənistan təxribatlardan da əl çəkmir, davamlı olaraq yaşayış məntəqələrini, Ordumuzun bölmələrini hədəfə alırdı. Nöbəti erməni təxribatı 2020-ci ilin 27-i sentyabr tarixində baş verdi. Məhz Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində bu əmri gözləyirdi. Beləliklə 44 günü davam edən “Dəmir yumruq” əməliyyatı xalq-ordu birliyinin təcəssümü oldu. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. On minlərlə insanın orduya könüllü yazılması, eləcədə təxribatlar zamanı öz evlərinin tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya, qələbəyə inamın göstəricisi idi. Bununla da Azərbaycan tarixinə Zəfər salnaməsi kimi daxil olan “Dəmir yumruq” əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli getdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edildi. Azərbaycan əsgəri, zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Şuşanın işğaldan azad olunması isə olduqca strateji əhəmiyyət kəsb edirdi. Tarixi Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll etdi. Beləliklə işğalçı döyüş meydanında məğlub edildi. Rəsmi İrəvanın kapitulyasiyasının təcəssümü olan üçtərəfli bəyanat imzalandı. Noyabrın 9-dan 10-na keçən gecə Prezident İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməklə yanaşı erməni mifini də darmadağın etdi. Təcavüzkar erməni əsgəri haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında dura bilmədi. Bu gün məhz Bakıdakı Hərbi Qənimətlər Parkına gələn hər bir insan Azərbaycan Silahlı Qüvvələrimizin gücünü və iradəsini görür. Eyni zamanda Vətən müharibəsində Azərbaycanın qələbəsinin şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak edib. Paradı Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edib”.

Millət vəkili hesab edir ki, XXI əsrin müharibəsini aparan Azərbaycan Silahlı Qüvələri döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində tədris edilir: “44 günlük Vətən müharibəsində Prezident İlham Əliyev tərəfindən verilmiş müsahibənin hər biri Azərbaycanın diplomatik uğuru idi. Beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alındı. Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr mediamızın fəaliyyətinə istiqamət verdi. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilir. Sözsüz ki, II Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi. Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə göstərir. Bununla yanaşı iki qardaş ölkə rəhbərinin Qələbə paradını birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş mesaj idi. Vətən müharibəsi həmçinin milli birliyin açıq təzahürü kimi yadda qaldı. “Dəmir yumruq” milli birliyin və gücün rəmzi kimi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri üçün simvola çevrildi. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar da Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərib. İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi. Azərbaycanda yaşayan bütün xalqlar bir böyük ailənin üzvləri olduğunu təsdiq etdi. Amma çox təəsüf ki, tariximizə əbədi olaraq yazılmış Qələbə münasibətilə siyasi partiyaların birgə bəyanatında AXCP, Müsavat Partiyası və “Milli Şura” iştirak etməyib”.

Professor vurğulayıb ki, Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir: “Bu gün qarşıda duran əsas vəzifə dövlətimiz və xalqımızın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Müzəffər Ali Baş Komandan tərəfindən tarixi Qələbənin əbədiləşdirilməsi və müharibə iştirakçılarına aid xüsusi orden və medallar təsis edilib ki, bu da ali diqqətin göstəricisi hesab olunur. Vətən müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis edilib. Həmçinin tarixi Zəfərin təbliği, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi inşa olunur. Bütün bunlarla yanaşı şəhidlərimizin əziz xatirəsi əbədiləşdirilir, onların ailələrinə ölkəmizdə xüsusi diqqət və qayğı göstərilir. Eyni zamanda qazilərin ehtiyacları, reabilitasiyası, sosial təminatı istiqamətində də zəruri addımlar atılır”.

Eldar Quliyevə görə, Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması mühüm tarixi hadisə idi: “Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Fəxarət rəmzimiz olan üçrəngli, ay-ulduzlu dövlət bayrağımız sərhəddə dalğalandırıldı. Bununla da Azərbaycanın ərazi bütövlüyü təmin olundu. II Qarabağ müharibəsindən sonra Ermənistan özünün köhnə mahiyyətindən xilas ola bilməyərək hələ də ərazimizdə qanunsuz silahlı birləşmələr saxlayır, separatçıları himayə edirdi. Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması artıq zərurətə çevrilmişdi. Məhz işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması vacib idi. Eyni zamanda bütün ölkə ərazisində konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən 19 sentyabr 2023-cü il tarixində lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Nəticədə Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da müvafiq şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu. Azərbaycanın Qarabağ bölgəsində yerləşən qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyaraq, ağ bayraq qaldırıb təslim oldu. Qanunsuz silahlıların və separatçıların döyüş mövqelərindən və hərbi postlardan çıxması, tam şəkildə tərksilah olunması, Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazisini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması növbəti tarixi qələbə idi. Məhz həyata keçirilən lokal xarakterli antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Müzəffər Ali Baş Komandan tərəfindən 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırılması isə Zəfər salnaməmizin təntənəsi idi”.

Cənab Prezident İlham Əliyevi, birinci vitse-prezident Mehriban xanım Əliyevanı, xalqımızı Tarixi Zəfər Günü münasibəti ilə təbrik edirəm.

Allahdan torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda canından keçən şəhidlərimizə rəhmət diləyir, qazilərimizə, veteranlarımıza can sağlığı arzulayıram.


Müəllif: Tapdıq Qurbanlı