ABŞ maraqlıdır ki, proses daha da sürətlənsin və qısa zaman çərçivəsində Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi imzalansın. Çünki sülh müqaviləsinin imzalanması Ermənistanın təhlükəsizliyinin təminatı kimi görülür.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.
Onun sözlərinə görə, Ermənistan üçün sülh müqaviləsi Azərbaycan, həm də qardaş Türkiyə ilə regionda münasibətlərin normallaşdırılması deməkdir:
"Eyni zamanda, Amerika istəyərdi ki, bu məsələyə “töhfə” versin, yenidən Vaşinqton platforması dövriyyəyə girsin. Azərbaycan Prezidenti Blinkenlə telefon danışığında xüsusi olaraq vurğulayıb ki, dörd kəndin qaytarılması ilə bağlı danışıqlar məhz ikitərəfli müstəvidə baş tutub. Bu ikitərəfli müstəvidə konkret ortaq qərarlar qəbul olunub. Bu həm də o deməkdir ki, münaqişə tərəfləri heç bir qlobal güclərin geosiyasi maraq və istəkləri vasitəçiliyi olmadan baş tuta, oturub danışa və strateji qərarlar verə bilərlər. Qlobal güc mərkəzlərinin yenidən dövriyyəyə girməsini o qədər də arzu olunmadığını Azərbaycan Prezidenti Blinkenin diqqətinə çatdırıb.
Yaxın zaman çərçivəsində Qazaxıstanın paytaxtı Astanada iki dövlətin xarici işlər nazirlərinin görüşüb, bu məsələ ilə bağlı danışıqlar aparacağı da vurğulanıb. Heç bir geosiyasi maraqları olmayan və hər iki ölkə tərəfindən normal qarşılanan Qazaxıstan variantı bu gün hər iki dövlət üçün məqbul variant olaraq dəyərləndirilir. Çünki Rusiya, Avropa Birliyi və ABŞ dan fərqli olaraq, Qazaxıstan o iddiada deyil. Qazaxıstanın konkret maraqları ondan ibarətdir ki, bu iki dövlət arasında sülh müqaviləsi imzalansın ki, Qazaxıstandan keçə biləcək orta dəhliz normal səviyyədə fəaliyyətə başlasın. Çünki belə dəhliz nəqliyyat kommunikasiya sistemi fəaliyyətə başlayarsa burada Qazaxıstan da daxil hər kəs qazanacaq.
Düşünürəm ki, ABŞ-nin dövlət katibinin zəngi sadəcə olaraq Paşinyanı nəyəsə məcbur etmək deyil, danışıqları davam etdirmək və mümkün qədər müəyyən razılaşmaları sürətləndirərək yaxın zaman da ən azından sülh çərçivə sazişini imzalamaq istəyidir. Bu məsələnin içərisində ABŞ-nin maraqları kontekstində olan yeni nəqliyyat kommunikasiya sistemləri var. Məhz unutmayaq ki, Blinken Çinə səfərdən sonra iki ölkənin liderinə zəng etdi. Çünki Çin orta dəhliz məsələsində maraqlıdır və “Bir kəmər bir yol” layihəsinin həyata keçirilməsini istəyir. Azərbaycan bu layihənin əleyhinə deyil. Eyni zamanda Qazaxıstan da bu prosesin içərisində maraqlıdır. Düşünürəm ki, bu məsələ də tərəflər arasında müzakirə predmeti olub”.
Natiq Miri bildirib ki, sülh prosesində Qazaxıstanın platforma olmaq istəyi əvvəlcədən Azərbaycanla razılaşdırılmış məqamdır:
“Bu məqam Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin son Azərbaycan səfərində müzakirə olunub və belə məsələ razılaşdırılıb. Rusiya və yaxud onun rəqibləri olan Qərb dünyasından istənilən platformanı dövriyyəyə qoşmaq qarşı tərəfi hərəkətə keçirir. Hər zaman bu mübarizə fonunda müəyyən təxribatlar baş verir və sülh prosesi uzanır. Ancaq Qazaxıstan variantı ortaya çıxandan sonra və 4 kəndin razılaşdırılması kontekstində bəzi gerçəklər ortada ikən kimsə iddia edə bilmir ki, mütləq mənada danışıq platforması məhz bu qlobal güc mərkəzlərinin platformasında olmalıdır. Dolayısı ilə bu arqumentləri, silahları Azərbaycan həmin ölkələrin əlindən almış oldu. Bu gün kimsə Qazaxıstan variantını birmənalı qəbul etməyə bilməz. Çünki bunun üçün ciddi arqumentlər olmalıdır.
Düşünürəm ki, Ermənistanın Qazaxıstanla normal münasibətləri var. Zəngəzur dəhlizi vasitəsilə bu kommunikasiyalar açılarsa, bu, Ermənistan-Qazaxıstan münasibətlərini gücləndirməklə bərabər, həm də enerji daşıyıcılarının Ermənistan üzərindən Qərbə yolu açılacaq. Bu Ermənistan üçün yeni bazarlar yeni maliyyə imkanları deməkdir. Qazaxıstan belə bir təkliflə Ermənistana getmişdi. Ermənistan Qazaxıstan üçün elə də böyük bazar deyil ki, Astana bunun üçün ciddi şəkildə fəaliyyət ortaya qoysun.
Azərbaycan və Qazaxıstanın maraqları dünyasının ortaq maraqlarını ehtiva edir. Bu kontekstdə kommunikasiyaların açılması, Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalaması Türk Dövlətlər Təşkilatının da maraqlarına uyğundur”.