Hər hansı bir adamın şəxsi məlumatlarının əldə edilməsi, parolunun oğurlanması mümkün deyil.
Teleqraf.com xəbər verir ki, bunu İKT üzrə mütəxəsis Rəşad Əliyev sosial şəbəkə istifadəçilərinə şəxsi məlumatları ifşa edən müxtəlif xidmətlər təklif olunmasına münasibət bildirərkən deyib.
“Kodu tapmaq mümkün deyil. Gərək müəyyən bir üsulla həmin adamın məlumatları əldə edilsin. Ya həmin adamın telefonuna və ya kompüterinə proqram köçürülsün”.
Qeyd edək ki, son zamanlar pul müqabilində şəxsi mesajlardan tutmuş, şəkillərə qədər bütün informasiyaları bir neçə dəqiqə ərzində qarşı tərəfə ötürəcəyini iddia edən "hakerlər"in sayı artıb. Əslində bu hal həm mənəvi, həm də qanuni baxımdan yolverilməzdir. Kimliyi bəlli olmayan bu "hakerlər"in bu tip əməlləri bütün hallarda şəxsi həyata müdaxilədir. Onların bu əməlinə görə qanun çərçivəsində məsuliyyət nəzərdə tutulur.
Kiber cinayətkarlıq hətta azadlıqdan məhrumetmə cəzası ilə də cəzalandırıla bilər. Eyni zamanda başqasının internet hesabını sındıranlarla yanaşı, bunu sifariş edənlər də cinayət məsuliyyəti daşıyır.
Ümumiyyətlə, hakerlər tərəfindən qeyd edilən şəkildə kiməsə təklif gələrsə, yaxud kimsə özünə aid məlumatların hansısa şəxs tərəfindən ələ keçirildiyindən şübhələnsə, ən yaxşı hal sivil yolla, qanun çərçivəsində hərəkət etməkdir.