14 Yanvar 2019 13:42
1 582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin 11 ayında orta aylıq əmək haqqı 2.9 faiz artıb və bu ay pensiya məbləğləri 2018-ci ildə orta aylıq əmək haqqındakı faiz artımına indeksasiya olunmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramlı deyib.

Ekspertin sözlərinə görə, pensiyanın baza hissəsi ləğv olunduğundan tam məbləğin indeksasiyası həyata keçiriləcək: “2018-ci ildən başlayaraq pensiya məbləği inflyasiya səviyyəsinə deyil, orta aylıq əmək haqqındakı artım faizinə indeksasiya olunur.

Əvvəllər də təklif etdiyim kimi, pensiyaların indeksasiya mexanizminin təkmilləşdirilməsinə ehtiyac var. Pensiya məbləğinin orta aylıq əmək haqqıdakı artıma deyil, əhalinin gəlirlərindəki artım faizinə indeksasiya olunması daha məqsədə uyğun olardı.

Belə ki, qeyri-rəsmi məşğulluq mövcud olduğundan orta aylı əmək haqqıdakı artım gəlirlərin artımını tam ifadə edə bilmir.

2018-ci ildə orta aylıq əmək haqqının 3 faiz ətrafında artacağı gözlənilsə də, əhalinin gəlirləri 9.2 faiz artıb. Bu baxımdan, bu islahatların tərkib hissəsi kimi indeksasiya sistemində meyarların dəyişdirilməsi vacibdir.

Əmək müqavilələrində maaş məbləğinin tam göstərilməməsi, hətta əmək müqavilələrinin bağlanmaması hallarının az olmadığını nəzərə alsaq pensiyaların orta aylıq əmək haqqındakı artıma deyil, əhalinin gəlirindəki artım faizinə indeksasiyası daha doğru olardı. Bu halda indeksasiya nəticəsində pensiya məbləğlərinin daha çox artmasının şahidi ola bilərik.

Əgər təklif etdiyim kimi, pensiya əhalinin gəlirlərindəki artıma indeksasiya olunarsa nəticədə pensiyalarda artım 3 faiz deyil, 9 faizdən çox ola bilər”.


Müəllif: Aytən