Respublika Diaqnostika Mərkəzinin (RDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsi 2019-cu ildə son böyrəkköçürmə əməliyyatını uğurla həyata keçirib.
Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, klinikaya müraciət edən baldızın donorluğu ilə qardaşın həyat yoldaşı üzərində böyrəkköçürmə əməliyyatı aparılıb.
Əməliyyat uroloq-cərrah Rəşad Şolanın rəhbərliyi ilə icra olunub.
Cərrahın sözlərinə görə, pasiyent uzun müddət əziyyətli hemodializ senasları alıb: “Bu da orqanizmin sağlamlığına yan təsirsiz ötüşmürdü. Ona təcili böyrək köçürülməli idi. Qohumları arasında nəticəsiz uyğun donor gözləmələrinin sonunda kömək əlini baldızı uzatdı.
Zəruri analiz və müayinələrdən sonra yalnız baldızın böyrəyinin resipiyentin orqanizminə uyğun olduğunu aşkarladıq və o da heç tərəddüd etmədən öz böyrəyini bağışladı.
2019-cu ildə son böyrəkköçürmə əməliyyatımız da uğurla keçdi, köçürülmüş böyrəyi orqanizm qəbul etdi. Hər iki pasiyent evə sağlam şəkildə yazıldılar".