22 Dekabr 2021 17:29
1 358
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Təhsil naziri Emin Əmrullayev brifinqdə təhsil sistemində fandreyzinq sisteminin tətbiq olunması mövzusunu açdı. Bu termindən məlumatsız olanlar müxtəlif və bəzən də yanlış fikirlər irəli sürdülər.

Teleqraf.com geniş müzakirələrə səbəb olan mövzu ilə bağlı araşdırma aparıb.

Fandreyzinq nədir?

“Fandreyziq” dilimizə tərcümədə xeyriyyə fondlarını, müəssisələri, dövlət qurumlarını işə cəlb edərək könüllü ianələr toplamaq deməkdir.

Fandreyzinq fəaliyyəti 18-ci əsrdən başlayaraq əsasən Qərbi Avropada maarifçilik dövründə populyarlaşmağa başlayıb. Bu ənənə start götürərkən insanlar əsasən dini ideyalar ətrafında formalaşmışdı. Aristokrat və varlı insanlar hər hansı bir elm, tədris və ya mədəniyyət sahəsinə dəstək olmaqdan ötrü ianələr edirdilər.

Müsəlman ölkəsi olduğuna görə ölkəmizdə fandreyzinq məscid və ya dini liderlərin ətrafında formalaşan vəqflər vasitəsilə həyata keçirilirdi. Azərbaycan Çar Rusiyasının tərkibində olduğu müddətdə bu cür fəaliyyətlər geniş intişar tapmışdı. Təkcə 1909-cu ildə Çar Rusiyasında 11040 xeyriyyə cəmiyyəti var idi ki, onun 20 faizini müsəlman cəmiyyətləri təşkil edirdi. Bu cəmiyyətlərin arasında Azərbaycanla yanaşı, Tatarıstan və Kırım kimi ölkələr daha ön plana çıxmışdı.

Fandreyzinqdə əsas istiqamətlər

Sosial sahədə dəstəyə Çar Rusiyasının da marağı var idi. Dövlət səviyyəsində sosial dəstək göstərilməsə də, imperatorun xanımı bir milyona yaxın insana sosial müavinət ödəyirdi. Bu dövrdə oyun kartları çox populyar idi. Bu oyun kartlarının istehsalından, kazinolardan əldə edilən gəlirlər və vergilər sosial sahələrə yönləndirilirdi.

Azərbaycanda isə fandreyzinqlə bağlı Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev kimi neft milyonçularının adını çəkə bilərik. Onlar istər mədəniyyət, istər məktəblərin açılması, istərsə də xaricdə təhsil sahəsində gənclərə sponsorluq edirdilər.

Fandreyzinq fəaliyyətləri necə həyata keçirilirdi?

Çar Rusiyası dövründə xeyriyyə aksiyaları təşkil olunurdu. Dəvətlə gələn insanlar arasında xeyriyyə lotoreyaları keçirilirdi. Yığılan pullara dövlət tərəfindən əlavə olunaraq əldə edilmiş vəsait xeyriyyə xərclərinə sərf olunurdu.

Xeyriyyə tədbirləri vəqflər vasitəsilə də həyata keçirilirdi. Maraqlı faktlardan biri də odur ki, həmin dövrdə ər və arvad bəzən bu kampaniyalara ayrı-ayrılıqda dəstək göstərirdilər. Məsələn, bir ailədə ər mədəni sahəyə dəstək göstərirdisə, arvadı qızların təhsilinə maliyyə ayrırırdı.

1918-ci ilə qədər “Bəyaz çobanyastığı” deyilən gün təyin olunurdu. O dövrdə çox ciddi problem olan vərəm xəstəliyi ilə mübarizə üçün “Bəyaz çobanyastığı” günündə vəsaitlər toplanır, vərəmlə mübarizəyə sərf olunurdu.

1918-ci ildə Azərbaycan müstəqilliyini əldə etdikdən sonra da neft milyonçuları dəstəklərini davam etdirirdilər. Amma müstəqilliyimiz uzun çəkmir və sovet hakimiyyəti dövrü başlayır. Sovet dönəmində digər sahələrdə olduğu kimi sosial istimqaətlərdə də hər şeyi dövlətin əlində cəmləşmişdi. Bu baxımdan özəl və ya fərdi faəliyyətə imkan verilmirdi.

Buna baxmayaraq sovetlər dövründə iki yardımlaşma növü var idi:

Biri fabrik və zavodlarda olan qarşılıqlı yardımlaşma fondu idi. Bu, əslində Çar Rusiyasından qalma ənənə idi. Digər yardımlaşma növü isə lotoreya oyunlıarı idi.

Əslində sovet dönəmində sosial sahənin dövlət nəzarətinə keçməsi ciddi problemlər yaradırdı. Bu dövrdə institutlaşma fəaliyyətinə başlanıldı. Məsələn, əvvəl xəstə uşaqlara yardım etmək məqsədi ilə pul toplanırdısa, yaxud valideyn himayəsindən məhrum uşaqlara dəstək olmaqdan ötrü müəyyən uşaq evləri var idisə, bunlar tamamilə dövlətin nəzdində, institutlar halında uşaq evlərinə çevrildi.

Əvvəllər yaşlı insanlara qeyri-hökumət təşkilatları və ya fondlar vasitəsilə yardım olunurdusa, bu sahələr də eyni şəkildə dövlətin nəzarətinə keçdi.

Fandreyzinqin hansı növləri var?

Fandreyzinqin 3 növü var.

Fərdi fandreyzinq – bu, daha çox fərdi insanların seçdikləri qeyri-hökümət təşkilatları, yaxud ictimai birliklərə aylıq, yaxud mövsümi və ya bir dəfə ianələr etməsindən ibarət bir sahədir.

Korporativ fandreyzinq – bu, daha çox korporativ sosial məsuliyyətlə əlaqələndirilərək biznes sahəsinin müəyyən təşkilatlara və ya ictimai birliklərə göstərdikləri dəstəkdir.

Dövlət və ya dövlətlərüstü fandreyzinq – burada bir çox nazirliklər və ya beynəlxalq təşkilatların uzun müddətli sosial dəyişikliklər yönündə göstərdikləri fəaliyyət nəzərdə tutulur.

Dünya təcrübəsində fandreyzinq

Dünya təcrübəsinə nəzər salsaq, individual və ya fərdi fandreyzinq fəaliyyətləri tətbiq olunur.
Fandreyzinq sosial bir vərdişdir. Hər hansı bir fikrə, təşkilata, güvəndiyiniz işə maddi vəsaitin ayrılmasıdır. Bu sosial vərdiş Azərbaycanda zamanla itirilmiş olsa da, yenidən gündəmə gəlməkdədir.

Əgər əvvəllər ianə toplamaq üçün küçədə dayanmaq, yaxud insanların qapısına getmək lazım gəlirdisə, fandreyzinq sistemində bu proses təkmilləşdi. Onlayn media, sosial şəbəkələr vasitəsilə yeni fandreyzinq mənbələri yaradılsa da, son illər üzbəüz fandreyzinqdə güclü artım qeydə alınıb.

Fandreyzinqin tətbiqindəki səhvlər

Hazırda bu sosial vərdişin tətbiqində yol verilən səhvlər də var. İnsanlar yardım etməyə çalışsalar da, insan ləyaqətinə hörmət məhfumu unudublar desək, yanılmarıq. Məsələn, uşaqlara, ailələrə yardım edilərkən fotoları çəkilərək sosial şəbəkələrdə paylaşılır. Doğrudur, bütün xeyriyyə aksiyaları paylaşılıb, işıqlandırılmalıdır. Çünki bu vərdiş paylaşıldıqca çoxalır, burada ümumi yardım, qrup fotoları çəkilə bilər.

Lakin xeyriyyə kampaniyaları paylaşılarkən xüsusilə də uşaqların üzlərinin gizlədilməsinə diqqət etmək lazımdır. Çünki bu, uşaqların gələcək həyatında problemlərə səbəb ola bilər.

Digər problem isə odur ki, insanların yardımına nail olmaq üçün həssas fotolardan istifadə olunur, xəstələrik adları ilə müxtəlif müraciətlər edilir.

Əgər yardım etmək istəyirsinizsə, qeyri-hökümət təşkilatları və ya ictimai birliklərə ianə edə bilərsiniz. Çünki onlara ianə etdikdə professional işçilər vasitəsilə daha düzgün yardım göstərməyə çalışırlar.

Bəs ianə etmək üçün ictimai birlik və ya təşkilatı necə seçək?

İctimai birliklər və qeyri-hökümət təşkilatlarının illik hesabatları olur. Mütləq bu illik hesabatları tələb edə bilərsiniz. Professional qeyri-hökümət təşkilatları bu məlumatları heç bir şəkildə gizlətmədən sizinlə paylaşacaqlar.

İanə etmək sosial vərdişdir. Bu sosial vərdiş nə qədər çox insana ötürülsə, o qədər çox insana sosial sahədə dəstək göstərilmiş olunacaq.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər