8 Dekabr 2022 09:59
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan mütəxəssisləri haqlı olaraq indi rus sülhməramlıların olduğu əraziyə daxil olaraq burada faydalı qazıntılar, yataqların durumu, ekoloji vəziyyətlə bağlı araşdırma aparır, real vəziyyəti öyrənirlər. Azərbaycan imkan verə bilməz ki, həmin ərazimizdə olan yataqlar dağıdılsın və işlənsin. Bu yataqları yalnız Azərbaycan dövləti işlədə bilər. Bu baxımdan atılan addımlar müsbətdir və bu məsələdə sona qədər getməyimiz lazımdır”.

Bu fikirləri Teleqraf.com-a hüquq müdafiəçisi Novella Cəfəroğlu Azərbaycan dövlət qurumlarının Xocalı, Xocavənd və Ağdərədə ekoloji durum, Azərbaycan dövlətinə məxsus yataqların araşdırılması və onun qanunsuz istismarına imkan verməmək üçün gördüyü tədbirlər haqqında danışarkən deyib.

Hüquq müdafiəçisi xatırladıb ki, hələ gənclik dövründə Kəlbəcərdəki Zod yatağında həyat yoldaşı ilə birlikdə işləyib, eləcə də Vejnəli yatağının işlənməsi prosesində olub.

Onun sözlərinə görə, bu yataqlar 30 il ərzində ermənilər tərəfindən istismar edilib: “Mən hesab edirəm ki, həm Kəlbəcərdəki Zod, həm də Zəngilandakı Vejnəli yataqları araşdırılmalı, son 30 ildə ermənilərin buradan çıxardığı qızılın çəkisi müəyyən edilməlidir. Daha sonra isə Ermənistan beynəlxalq məhkəməyə verilməlidir. Çünki bunlar oğurlanmış qızıllardır. Eləcə də Ağdərə yatağı var. Hazırda orada vəziyyətin necə olduğunu bilmirəm. Ümumiyyətlə, çoxlu yataqlar, faydalı qazıntılar var. Mən sevinirəm ki, indi mütəxəssislərimiz və dövlət qurumları hərəkətə keçib”.

Novella Cəfəroğlu bildirib ki, bu yataqlar işlənməzdən əvvəl geoloji kəşfiyyat ekspedisiyasında onun dəyəri müəyyən olunur, daha sonra işə başlanır: “Odur ki, bu məsələlər olduqca ciddidir və bu istiqaməti əsla boş buraxmamalıyıq”.


Müəllif: Nemət

Oxşar xəbərlər