1 Noyabr 2015 08:18
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 1-də ölkəmizin hər yerində olduğu kimi, Şəki-Zaqatala bölgəsində də beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərə start verilib.

AZƏRTAC xəbər verir ki, səhər saat 8.00-dan etibarən bölgəyə daxil olan Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında fəaliyyət göstərən 9 seçki dairəsinin 417 seçki məntəqəsi qapılarını seçicilərin üzünə açıb.

Dairə seçki komissiyalarından verilən məlumata görə, bu seçki dairələri üzrə adları seçici siyahılarına daxil edilən seçicilərin ümumi sayı 377 min 204 nəfərdir. Onlardan 5 min 876 nəfəri bu seçkilərdə ilk dəfə səs verirlər. 6 min 774 seçicinin yaşı isə 80-dən yuxarıdır. Seçkilərdə bu dairələr üzrə Milli Məclisə 9 mandat uğrunda 53 namizəd mübarizə aparır. Onlardan 18 nəfəri müxtəlif siyasi partiyaları təmsil edir. 35 iddiaçı isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb.

Səsvermənin şəffaf və demokratik keçməsi üçün bütün seçki məntəqələrində lazımi şərait yaradılıb, məntəqələr zəruri avadanlıq və texniki vasitələrlə, o cümlədən etibarlı rabitə sistemi və elektrik generatorları ilə təmin olunub. Səsvermənin gedişini onlayn izləmək üçün 77 seçki məntəqəsində veb-kamera quraşdırılıb.

Bu dairələr üzrə seçkilərin gedişini 4 min 579 nəfər yerli müşahidəçi, həmçinin nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri izləyirlər.


Müəllif: