20 Aprel 2017 17:17
1 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov və Rauf Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Əhməd Quliyevin sədrlik etdiyi prosesdə şahid qismində Faiq Baladadaşov ifadə verib.

O, bildirib ki, bankın Kredit Komitəsinin sədri Akif Əliyev Dünyamin Xəlilovun göstərişi ilə 1 milyon 500 min manat kredit ayırılmalı olduğunu deyib.

Daha sonra Beynəlxalq Bankın İdarə Heyətinin sədr müavini vəzifəsində çalışan Emil Mustafayev ifadə verib. O, qeyd edib ki, 2011-ci ildən 2015-ci ilədək bankın Kredit Komitəsinin sədri vəzifəsində işləyib. Emil Mustafayev Dünyamin Xəlilovun adına kreditləri Cahangir Hacıyevin göstərişi ilə rəsmiləşdirildiyini deyib: “Dünyamin Xəlilov bu kreditləri xaricdəki layihələrə yönəldiləcəyini deyirdi”.

Dünyamin Xəlilov Emil Mustafayevlə bankda görüşdüyünü, onunla şirkətlərin yaradılması ilə bağlı danışıqlar apardığını bildirib. Emil Mustafayev isə Dünyamin Xəlilovun bankda yalnız Cahangir Hacıyevlə görüşdüyünü deyib.

Digər şahid, Beynəlxalq Bankın İdarə Heyətinin sədrinin müşaviri olan Akif Əliyev qeyd edib ki, kreditlərin ayrılmasına göstərişi bankın İdarə Heyətinin sədri verib: “Mən isə ola bilsin ki, filiallara göstəriş vermişəm. Bundan da rəhbərliyin xəbəri olurdu”.

Akif Əliyevin istintaqa ifadəsi ilə məhkəmədəki ifadəsi arasında kəskin ziddiyyət yaranıb. Bu səbəbdən onun istintaqa verdiyi ifadəsi elan edilib.

Akif Əliyev istintaqa verdiyi ifadəsində göstərib ki, Dünyamin Xəlilovun yaratdığı şirkətlərə kreditlərin ayrılması göstərişi Cahangir Hacıyev tərəfindən verilib: “Dünyamin Xəlilovun banka göndərdiyi 30 nəfərin adına ümumilikdə 6 milyon manat kredit ayrıldı. Daha sonra Dünyamin Xəlilovun hesabına 1 milyon 800 min dollar pul keçirilməsi barədə Cahangir Haciyevdən göstəriş aldım. Mən də həmin göstərişə əsasən bunu icra etdim”.

Akif Əliyev istintaqa verdiyi ifadəsini təsdiqləyib.

Daha sonra şahid qismində istintaqa ifadə verən Elşən Məmmədzadənin ifadəsi elan edilib. O, ifadəsində göstərib ki, bankın nağdsız hesablaşmalar departamentinin direktoru vəzifəsində çalışıb: “İşlədiyim dövrdə Dünyamin Xəlilovun rəhbərlik etdiyi şirkətlərə 28 milyon dollar məbləğində kredit ayrılması ilə bağlı komitənin qərarını imzalamışam”.

Daha sonra dövlət ittihamçısı təqsirləndirilən şəxslərin əmlaklarına həbs qoyulduğunu, lakin əmlakların qiymətləndirilmədiyini bildirib. O, məhkəmə əmtəəşünaslıq ekpertizasının keçirilməsini və təqsirləndirilən şəxslərin əmlakının qiymətləndirilməsi barədə vəsatət verib. Məhkəmə vəsatəti təmin edib və bununla bağlı ekspertizaya təyin edilib.

Ekspertiza ilə əlaqədar proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

İttihama görə, Dünyamin Xəlilov "Azərbaycan Beynəlxalq Bank" ASC-nin İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevlə yaxın dostluq münasibətində olub. Bir neçə cinayətin törədilməsi üçün "Səbail Mebel" ASC-nin baş direktoru Seyfulla Seyfullayev, "Aqora" MMC-nin direktoru Fərhad Əmiraslanov, "Kondor Qrup" MMC-nin direktoru Mənsur Zeynalov və qeyriləri ilə cinayətkar qrup – mütəşəkkil dəstənin tərkibində külli miqdarda özgə əmlakı qəsdlə və təkrar talayaraq mənimsəyib israf etməklə "Azərbaycan Beynəlxalq Bank"ına külli miqdarda ziyan vurublar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər