15 Mart 2018 17:30
1 334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin barələrində çıxarılmış hökmdən verdikləri apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Maqsud Mahmudov çıxış edib.

O, təqsirləndirilən şəxslərə verilən cəzanın artırılmasını və hədə-qorxu yolu ilə ondan alınan 120 min dolların qaytarılmasını tələb edib: “Pulu Azər Mehdiyevə vermişəm. Birinci instansiya məhkəməsi qərar verib ki, gedin, mübahisəni mülki məhkəmədə həll edin. Məndən pulu mülki şəkildə alıblar? Məndən pulu hədə-qorxu yolu ilə alıblar...”

Zərərçəkmiş qeyd edib ki, Azər Mehdiyev vaxtı ilə ona pulu sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovdan almalı olduğunu deyib: “Qardaşı ilə görüşmüşəm, o da deyir, mənlik deyil. O vaxt MTN-də məndən pul alan çox idi. Hamısından pulumu geri almışam. Restoranımı da əlimdən almışdılar, geri qaytardılar”.

Təqsirləndirilən Azər Mehdiyev zərərçəkmişin yalan danışdığını deyib: “Maqsud Mahmudov bu ölkədə yaşayan ən böyük dələduzlardan biridir. Özü bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilib. Hər şeyi yalan danışır. Onunla tanışlığım 2015-ci ildə keçirilən Avropa Oyunlarından sonra olub. İşə çıxan günü nazirimiz Eldar Mahmudovun imzası ilə mənə iş tapşırılmışdı. Həmin vaxtı mən Maqsud Mahmudovu nazirliyə dəvət eləmişəm.

O vaxt nazirliyin ali rəhbərliyinin adından istifadə edərək dələduzluq etmişdi. Hüquq-mühafizə orqanlarında çalışan adamlar Maqsudu yaxşı tanıyırlar. Ona şəxsi telefonumla zəng elədim. Dəvət elədim, dedim sabah nazirliyə gələrsiniz. Axşam bir çox adamlar zəng elədi, dedim, rəhbərlikdən soruşun. Səhəri o, nazirliyi gəldi, mən də onu rəhbər şəxslərin yanına göndərdim”.

Daha sonra çıxış edən Elçin Quliyev bildirib ki, Maqsud Mahmudov 4 dəfə cinayət məsuliyyətinə cəlb edilib: “Ruhi-Əsəb dispanserinə sorğu versəniz, görəcəksiz ki, bu adam orda yatıb. Xəstədir. Bunu həbs ediblər, həmişə də xəstə olduğu üçün azadlığa buraxılıb. Həbsxanda bağırsağında iki telefon tapılıb. Penitensiar xidmətdən bunu öyrənə bilərsiniz. Bu adamın danışdıqların hamısı yalandır. Adını qoyur ki, MTN-ə sahibkar kimi çağırılıb, pulu alınıb”.

General qeyd edib ki, Maqsud Mahmudov MTN-ə çağırılmasına əsas səbəb Ukraynada dövlət çevrilişinə hesablanan “Maydan” hərakatında müxalifətlə birgə Azərbaycan bayrağı qaldırması olub: “Onun xarici ölkələrin xüsusi-xidmət orqanları ilə əlaqəsi olub-olmadığı yoxlanılıb. Bizə inanmırsız, youtub kanalında var. Sizcə, ali rəhbərliyin tapşırığı ilə çağırılan adamdan pul almaq olar? Mən heç kimdən rüşvət almamışam. Bir nəfər də bunu deyə bilməz. İndi belə şəxslər bizim kimilərin üzünə durur”.

Maqsud Mahmudov generalın çıxışıan etirazını bildirib.

Növbəti proses martın 30-da davam edəcək.

Qeyd edək ki, Elcin Quliyev Bakı Hərbi Məhkəməsində çıxarılan hökmün ləğvini və ona bəraət verilməsini istəyib. O, müsadirə olunması üçün üzərinə həbs qoyulan əmlaklarının da özünə qaytarılmasını tələb edib.

Azər Mehdiyev də apelyasiya şikayətində bəraət istəyib. Bu iş üzrə zərərçəkmişlərdən yalnız iş adamı Maqsud Mahmudov apelyasiya şikayəti verib. O, dəymiş ziyanla bağlı mülki iddianın təmin olunmasını, təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib. Maqsud Mahmudov Elçin Quliyev və Azər Mehdiyevə qarşı 200 min manata yaxın mülki iddia qaldırıb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev isə 8 il azadlıqdan məhrum ediliblər. Hər iki təqsirləndirilən şəxsin rütbədən məhrum edilməsi barədə ölkə prezdentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib.

Məhkəmə zərərçəkmişlərin mülki iddiasını təmin etməyib.

Elçin Quliyevə qarşı Dövlət Təhlükəsizlik Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub.

Təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib.

Bu cinayət işi üzrə istintaq 7 milyon 736 min 58 manat ziyan vurulduğu qənaətinə gəlib və DTX bu məbləğin ödənilməsi üçün mülki iddia irəli sürüb. Pulu ödəməli olan şəxs kimi general Elçin Quliyev cavabdeh olaraq tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər