14 Sentyabr 2020 13:01
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 1-də Bərdə rayonu, Alaçadırlı kənd sakinləri Nəzirə Zeynalova və qızı Əminə Zeynalovanın odlu silahla qəsdən öldürülmələri faktı üzrə Bərdə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılmışdır.

Bərdə rayon prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

İstintaqla Toğrul Zeynallının şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq anası Nəzirə Zeynalova və bacısı Əminə Zeynalovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

İstintaqla həmçinin, Toğrul Zeynallının yaşadığı Alaçadırlı kəndi ərazisində 7 ədəd ümumi təmiz çəkisi 166 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib becərərək kultivasiya etməsinə şübhələr üçün əsaslar müəyyən eilmişdir.

Toğrul Zeynallı təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 237.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər