29 İyun 14:59
426
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, ev dustaqlığında vəfat edən Vidadi Muradovun hüquqi varisi Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib.

Teleqraf.com xəbər verir ki, hüquqi varis Vidadi Muradov barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi və ona məxsus 30 milyon manatlıq əmlakın üzərindən həbsin götürülməsi istənilib.

Şikayət ərizəsi artıq Ali Məhkəməyə təqdim edilib.

İttihama görə, Muradov Vidadi Aydın oğlu Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs olunub.

Vidadi Muradova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.

Onkoloji xəstəliyi ilə əlaqədar təqsirləndirilən şəxs barəsində məhkəmə tərəfindən humanist qərar qəbul edilib və barəsindəki həbs qətimkan tədbiri dəyişdirilərək müalicəsinə şərait yaradılıb.

Vidadi Muradov ötən ilin noyabrın 5-də vəfat edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Vidadi Muradov ittihamlarda təqsirli bilinib. Təqsirləndirlilən şəxs məhkəmə istintaqı zamanı vəfat etdiyi üçün ona cəza təyin edilməyib, cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov