30 Dekabr 2023 14:06
2 696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki rayonunda 1994-cü il təvəllüdlü Mahir sevgilisinə sataşan həmyerlisi Abbasa (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 4 fevral 2022-ci ildə saat 22 radələrində Qumux kəndi ərazisindəki “Qıcalıtala” adlanan yerdə baş verib.

Mahirin orada Abbasa onun sevgi münasibətində olduğu Ləmana zəng etməsi, mesaj yazması və onu narahat etməsini irad bildirməsi səbəbindən mübahisə yaranıb. Mübahisə zamanı Abbasa çoxsayıl yumruq və təpik zərbələri vurub.

İstintaq orqanı tərəfindən Mahirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mahir ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, zərərçəkmiş Abbası tanıyır: “Abbas qonşu Qumux kəndində yaşayır. 2021-ci ilin yay aylarında Ləmanlaə aramızda sevgi münasibəti yarandı. Mayda işləmək üçün Rusiya Federasiyasına getdim. Yay aylarında Abbas Ləmana vatsapda ismarıclar yazaraq narahat edib. Ləman bu haqda zəng edərək mənə məlumat verdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Rusiyadan yaşadığı Şəki rayonu Baş Layısqı kəndinə qayıdıb: “Bu zaman Abbas universitetdə təhsil alması səbəbindən Bakı şəhrində olduğuna görə onunla görüşərək məsələni aydınlaşdıra bilmədim. 2022-ci ildə küçədə gəzən zaman Abbasın tanışları ilə kəndin mərkəzində söhbət etdiyini gördüm. Abbasla görüşdüm, amma yanında tanışları olduğundan onun Ləmanı narahat etməsi ilə bağlı heç bir şey demədim”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisə günü, saat 22 radələrində Abbasa zəng edib və harada olduğunu soruşub: “Yaşadığı evin yaxınlığında küçədə olduğunu dedi. Ona görüşmək istədiyimi bildirdim, olduğu yerdə gözləməsini xahiş etdim. Abbasın yanına çatıb onunla görüşdüm və söhbət üçün yaxınlıqdakı “Qıcalıtala” deyilən əraziyə getməyi təklif etdim. Birlikdə həmin istiqamətdə getməyə başladıq.

Yolda söhbət zamanı Abbasa Ləmanla aramızda sevgi münasibəti olduğunu bildirdim, ona ismarıc yazaraq narahat etməsini irad bildirdim. Abbas da Ləmana əvvəllər ismarıc yazsa da, artıq bir müddətdir münasibət saxlamadığını söylədi.

Biz “Qıcalıtala” deyilən əraziyə çatanda Abbasdan Ləmanı narahat etməsinə görə üzrxahlıq etməli olduğunu bildirdim. O, üzərimə gələrək əynimdəki gödəkçənin yaxasından tutdi, məni nalayiq ifadələrlə təhqir etdi. Bu zaman əsəbiləşdim və sağ əlimlə Abbasın üzünə şillə vurdum.

Abbas zərbənin təsirindən özünü itirərək bir qədər arxaya tərəf getdi. Sonra məni söydü və qaçaraq oradan uzaqlaşmağa çalışdı. Amma bir qədər qaçaraq yıxıldı. Arxadan qaçaraq ona çatdım. Abbası yerdən qaldırdım və onun sifət nahiyyəsinə bir neçə şillə zərbəsi vurdum”.

Mahir deyib ki, həmin vaxt Abbas əlindən çıxmağa çalışıb və gödəkçəsinin yaxası əlindən çıxıb: “Abbas əks istiqamətdə çevrilkən arxa tərəfindəki çəpərə dəydi. Sonra əllərini üzünə tutaraq mənə tərəf çevrildi. Onun sol göz nahiyəsində qan izi olduğunu gördüm. Abbas Ləmanı narahat etdiyinə görə məndən üzr istədi və getdi. Daha sonra onun məndən Şəki şəhər-rayon polis şöbəsinə şikayət etdiyini öyrəndim”.

Təqsirləndirilən şəxs deyib ki, baş vermiş hadisə ilə bağlı onun barəsində Şəki şəhər-rayon polis şöbəsində aparılmış araşdırma nəticəsində “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilib və barəsində olan material həmin şöbənin ictimai təhlükəsizlik bölməsinə göndərilib: “Barəmdə İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildi. Həmin protokol əsasında Şəki şəhər-rayon Polis Şöbəsinin rəis müavinin qərarına əsasən 300 manat cərimə olundum. Cəriməni ödədim. Hadisədən xeyli vaxt keçməsinə baxmayaraq məni hazırki cinayət işi ilə bağlı çağırdılar. Barəmdə cinayət işi açıldı”.

İş üzrə zərərçəkmiş Abbasın sözlərinə görə, Ləmanla 2020-ci ilin sentyabrından 2021-ci ilin mayınadək aralarında sevgi münasibəti olub: “2021-ci ilin mayında anlaşılmazlıq səbəbindən ayrılıdıq. Mahirin də Ləmana istəyi vardı. Buna baxmayaraq aramızda qarşılıqlı istəklə Ləmanla münasibət saxlamışam. Mahir və Ləmanın əvvəllər olan münasibəti barədə heç bir söhbət və ya mübahisəmiz olmayıb”.

Zərərçəkmiş qeyd edib ki, 2022-ci ildə təhsil aldığı Bakı şəhərindən yaşadığı Şəki rayonu Qumux kəndinə gəlib: “Hadisə günü saat 22 radələrində yaşadığım evə piyada gedən zaman Mahir mobil telefonuma zəng etdi, olduğum yeri soruşdu, məndən oarada gözləməyimi xahiş etdi. Mən də onu gözlədim. Bir qədər sonra yanıma gəldi və məndən kəndinin ərazisində olan yaxınlıqdakı “Qıcalıtala” deyilən yerə getməyi xahiş etdi.

Yolda Mahir Ləmanla aralarında sevgi münasibəti olduğunu söylədi və mənim onunla əlaqə saxlamağıma irad bildirdi. Ona Ləmanla əvvəllər sevgi münasibəti saxlasam da, artıq bir müddətdir əlaqələri kəsdiyimi dedim”.

Zərərçəkmiş qeyd edib ki, Mahir onunla mübahisə etməyə başlayıb: “Biz “Qıcalıtala” deyilən əraziyə çatdıqda Mahir qəflətən əlindəki mobil telefonun işığını üzümə tutdu və gözaltı nahiyəmə yumruq zərbəsi endirdi. Zərbənin təsirindən üzü üstə yerə yıxıldım. Mahir boyunumun arxa tərəfinə bir neçə dəfə yumruq zərbəsi vurdu. Ayağa qalxmağa çalışdıqda kürək nahiyəmə də yumruq zərbəsi endirdi. Yenidən üzü üstə yerə yıxıldım.

Mahir qarın və kürək nahiyələrimə bir neçə dəfə təpik zərbələri vurdu, nalayiq ifadələrlə məni söyərək təhqir etdi. Məni “səni burada öldürsəm, heç kimin xəbəri olmaz” – deyərək hədələdi. Daha sonra məni ayağa qaldırdı.

Bu zaman Mahirin əlindən çıxdım və oradan qaçaraq evimizə getdim. Bədənimdə ağrıların olması səbəbindən səhəri gün Şəki rayon Mərkəzi Xəstəxanasına müraciət etdim. Xəstəxanadan çıxdıqdan sonra Şəki şəhər-rayon Polis Şöbəsinə müraciət etdim”.

Bu cinayət işinə Şəki Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mahir təqsirsiz hesab edilib və onun barəsində bəraət hökmü çıxarılıb.

Təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dərhal ləğv edilib.

Hökmdən narazı qalan prokuror apellyasiya protesti verib. Prokuror birinci instansiya məhkəmənin hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxsin barəsində ittihamedici hökm çıxarılmasını istəyib.

Prokurorun protesti araşdırılması üçün Şəki Apellasiya Məhkəməsinə təqdim olunub. Hakimlər heyəti protestin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, protest təmin edilməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər