29 Aprel 17:55
3 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov ifadə verib.

Məlikməmməd Qurbanov bildirib ki, polkovnik rütbəsindədir, 2019-cu ildə ordu sıralarından təxris olunub.

Məhkəmədə məlum olub ki, Məlikməmməd Qurbanov Müdafiə Nazirliyində baş verən 143 milyon manatlıq yeyinti ilə bağlı cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətindən aparılan istintaq zamanı məsuliyyətə cəlb olunub. Sonradan onun barəsində olan cinayət işi ayrıca icraata götürülüb və hazırda barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Prosesə sədrlik edən hakim bildirib ki, Məlikməmməd Qurbanov Nizami Məmmədov və digər şəxslərin cinayət işi üzrə şahid qismində dindirilməsi üçün dəvət olunub. O, məhkəmədə vəkili Ceyhun Hacıyevin iştirakı ilə dindirilib.

Məlikməmməd Qurbanov bildirib ki, idarə rəisi olduğu dövrdə göstərişləri baş qərargah rəisi Nəciməddin Sadıkovdan alıb.

Polkovnik qeyd edib ki, Nəciməddin Sadıkovun tapşırığı ilə Nizami Məmmədova iki dəfəyə pul verib: "Nəciməddin Sadıkov məni kabinetinə çağıraraq 2018-ci ildə 300 min, 2019-cu ildə isə 500 min manat verdi ki, Nizami Məmmədova çatdırım. Mən də həmin pulları Nizami Məmmədova çatdırmışam. Bu pulun Nizami Məmmədova nə üçün verildiyini bilməmişəm. Çünki bu barədə heç bir söz soruşmamışam, söhbətimiz də olmayıb. Mən Baş Qərargah rəisinin göstərişlərini icra etmişəm. Hansı şirkətlərlə bağlı müqavilə bağlamaq lazımdır, bunu da Baş Qərargah rəisi göstəriş verib. Şirkətlərdən gələn təklifləri, eyni zamanda bağlanan müqavilələrlə bağlı Baş qərargah rəisinə məruzə etmişəm. Baş Qərargah rəisi də məni çağıraraq deyirdi ki, hansı şirkətlə müqavilə bağlamaq olar, hansı ilə olmaz. Şirkətlərlə bağlı aparılan komissiya üzvləri 12 nəfərdən ibarət olub. Burda bir neçə nazirliyin nümayəndəsi təmsil olunub. Komissiyanın sədri isə mənim müavinim olub.

Tenderlərdə şirkətlərdən birinə iştirak icazəsi verilib”.

Məlikməmməd Qurbanov onu da bildirib ki, Nizami Məmmədovun satınalma və təhcizata heç bir aidiyyatı olmayıb.

O deyib ki, Nizami Məmmədov şirkətlərlə bağlanan müqavilələrdə iştirak etməyib, danışıqlardan xəbəri olmayıb. Bildirib ki, müqavilələr hansı məbləğlərin yazılması barədə də Nizami Məmmədov məlumatsız olub.

Məlikməmməd Qurbanovun sözlərinə görə, işlədiyi 2015-2019-cu illər ərzində nazirlik tərəfindən ümumilikdə şirkətlərdən 19 milyon 600 min manat pul alınıb.

Bu zaman Nizami Məmmədov Məlikməmməd Qurbanovun ifadəsinə münasibət bildirib. General deyib ki, satınalma ona aidiyyatı olmayan bir sahədir, bunu Məlikməmməd Qurbanov da ifadəsində təsdiq edir: “2023-cü ilin iyulunda bu məsələ ilə bağlı mənə yeni ittiham verdilər. Mən ittihamla ibtidai istintaq bitəndə tanış oldum. Əgər Məlikməmməd Qurbanovun dediyi məbləği alsaydım, deyərəm almışam. Nəcməddin Sadıkovun mənə nə borcu var idi, nə tabeçiliyi var idi, nə də məndən qorxusu yox idi ki, mənə o qədər pul göndərsin. Mən Maliyyə və Büdcə İdarəsinə rəis gələnə kimi, üzr istəyirəm ora “bazar” idi, mən gələndən sonra satınalma ilə bağlı məsələləri yığışdırdım. Daha hər hansı şirkət müdiri yanıma gələ bilməzdi. Şirkət nümayəndəsi Afdandil Abdiyev ifadə verib ki, guya mənə pul verib, məni tanıyır. Gəlsin, desin ki, Nizami Məmmədovu tanıyıram”.

Daha sonra Məlikməmməd Qurbanovun ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli hissələri, həmçinin ibtidai istintaq zamanı Nizami Məmmədovla üzləşmə zamanı yazılan ifadələr elan edilib.

Həmin ifadələrdən Məlikməmməd Qurbanov həmin ifadəsində qeyd edib ki, Maliyyə və Büdcə İdarəsi sadəcə icra sənədləri əsasında həmin şirkətlərə ödənişlər edib.

Qeyd olunub ki, Nizami Məmmədov yalnız ödəniş tapşırıqlarına imza atıb, idarənin işi ancaq ödənişləri həyata keçirmək olub. Əlavə olunub ki, Maliyyə və Büdcə İdarəsinə müqavilələr hazır gəlib.

Bundan sonra Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə suallar ünvanlayıb. Vəkilin əldə olunan gəlirdən nə qədər özünə götürməsi, həmin dövrlərdə şirkətlərdən gələn faizləri kimlərə verilməsi və digər suallarına Məlikməmməd Qurbanov cavab verməkdən imtina edib.

Daha sonra hərbi hissələrdən birinin maliyyə xidmətinin rəisi olmuş Cavidan Mirzəyev ifadə verib. O, tərəfindən vurulmuş ziyanı tam ödədiyini deyib.

Sonra isə şirkət rəhbərləri Azər Rəsulov və Hüseyn Əliyev ifadə veriblər. Onlar Müdafiə Nazirliyi ilə bağlanan 670 min manatlıq müqavilə ilə bağlı danışıblar.

Azər Rəsulov qeyd edib ki, rəhbərlik etdiyi şirkət Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi ilə podrat müqaviləsi imzalayıb, Perekeşkül və Biləcəri qəsəbəsində yerləşən hərbi hissələrdə asfalt çəkilişi, fasad, dam örtüklərinin dəyişdirilməsi, ümumi abadlıq işlər görməli imişlər.

Növbəti proses mayın 3-də davam edəcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər