7 Aprel 2015 14:30
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin, habelə Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Leyla Ağayeva ifadə verib. O, bildirib ki, məhkəmədə mühakimə olunan şəxslərdən heç kimi tanımır: “13 ildir “Xudafərin” MMC-nin tikdiyi binadan ev almışam. Hələ də həmin tikinti başa çatmayıb. Həmin binadan iki ev alsaq da, heç bir mənzil bizə təhvil verilməyib. Hər mənzil üçün 34 min 129 manat ödəmişik. Mənzillərdən biri mənim adıma, digəri isə oğlum Orxan Ağayevin adınadır. Hər iki mənzilin pulunu tam ödəmişik”.

Abdulla Abdullayevin vəkillərinin suallarını cavablandıran zərərçəkən qeyd edib ki, mənzillərin alınması üçün vaxtdan uzun müddət keçib: “Bu səbəbdən də müqavilənin kiminlə bağladığımı xatırlamıram. Yalnız həmin şəxsin adının İslam olduğunu xatırlayıram. Müqaviləni bağlayanda Abdulla müəllim yanımızda olmayıb. Amma onun işçiləri olub. Özümü zərərçəkən hesab edirəm. Çünki mənzillər tam təhvil verilməyib”.

Digər zərərçəkən Vüqar Səfərov bildirib ki, “Xudafərin” MMC-dən ev alıb. Onun sözlərinə görə, bina hazır olsa da, mənzillər təmir edilməyib: “Həmin mənzili təmir etməyə imkanım yoxdur. Buna baxmayaraq şikayətçi deyiləm”.

Vüqar Səfərov qeyd edib ki, iki mənzilin alınması üçün ümumilikdə 59 min 882 manat ödəyib. Zərərçəkən Elçin Əliyevin sözlərinə görə, 2005-ci ildə “Xudafərin” MMC-dən bir mənzil alıb. O, qeyd edib ki, artıq mənzil ona verilib: “Mənzilin təmirə ehtiyacı var. Həmin təmiri özüm edəcəm. Bu səbəbdən şikayətim yoxdur. Mənzilin alınması üçün ümumilikdə 34 min 194 manat ödəmişəm. Mənzilin alınması üçün müqaviləni “Xudafərin” MMC ilə bağlamışam. Mənzili ala bilməməyim ilə bağlı prokurorluğa da şikayət etməmişəm. 2010-cu ildə mənzilimi təhvil veriblər, mənzilin də qapısını qoymuşam. Heç bir problemim yoxdur. Sonradan korrupsiya idarəsinə çağırılmışam. Orada məni müstəntiq dindirib. Ona dedim ki, mənzilimi almışam. Onlarda dəqiqləşdirmə apardıqlarını dedilər. Mənim zərərçəkmiş şəxs qismində tanımağımı bilməmişəm. Özümü zərərçəkən hesab etmirəm”.

Abdulla Dəmirovun sözlərinə görə, mənzil almaq üçün 2003-cü ildə “Xudafərin” MMC ilə müqavilə bağlayıb. O, qeyd edib ki, müqaviləyə əsasən pulunu tam ödəyib və mənzilini alıb: “Bina təhvil verilib, amma mənzil təmir edilməyib. Mənzilimin belə də verilməsi məni qane edir. Mənzilin alınması üçün 27 min 201 manat ödəmişəm”.

Zərərçəkənin sözlərinə görə, sonradan “Xudafərin” MMC ilə əlavə müqavilə bağlayıb: “Həmin müqavilənin şərtlərinə görə, 2005-ci ildə mənzil təhvil verilməli idi. Amma təhvil verilməyib. Əsas müqavilədə binanın tikilərək təhvil verilməsi barədə müddət yoxdur. Mənzillərin vaxtında verilməməsi ilə bağlı vətəndaşlar mülki qaydada Binəqədi Rayon Məhkəməsinə müraciət ediblər. Amma mən həmin vaxt müraciət etməmişəm. Çünki təmirsiz olsa da, mənzil mənə verilib. Gələcəkdə problem yaranarsa mülki qaydada məhkəməyə müraciət edə bilərəm”.

Başqa bir zərərçəkən Əbülfəz Abdullayev bildirib ki, mənzilin alnması üçün 34 min 264 manat ödəyib. Mənzilini aldığını deyən Əbülfəz Abdullayev qeyd edib ki, iş üzrə heç bir şikayəti yoxdur. O, bildirib ki, korrupsiya idarəsinə özü gedib. Onun sözlərinə görə, müstəntiqin yanında ərizəni yazıb: “Mənzilin alınması üçün müqaviləni “Xudafərin” MMC ilə bağlamışam. Bu səbəbdən də “Xudafərin” MMC-dən şikayətçi olmuşam. Abdulla müəllimlə hər hansı münasibətim olmayıb. Onu heç vaxt tanımamışam. Ondan da şikayətim yoxdur. Tikintinin vaxtında başa çatdırılmayıb. Bu səbəbdən də zərərçəkmişəm.

Daha sonra Vidadi Qurbanovun vəkili Yavər Hüseyn bildirib ki, vətəndaşların “Xudafərin” MMC-ni məhkəməyə verməsi ilə bağlı qətnamənin müəyyən edilməsi üçün Binəqədi Rayon Məhkəməsinə sorğu verilməlidir. Prokuror Fərid Nağdəliyev qeyd edib ki, iddiaçıların adını və ya soyadını müəyyən edəndən sonra belə bir sorğunun verilməsi mümkündür. Hakim isə bildirib ki, cavabdeh “Xudafərin” MMC-nin adı müəyyən edilib və sorğuda da cavabdehin adı göstəriləcək. Hakim yaxın günlərdə qətnamənin əldə olunması üçün Binəqədi Rayon Məhkəməsinə sorğu veriləcək.

Məhkəmə iclası aprelin 9-da davam etdiriləcək.

Hacı Zeynalov


Müəllif: