27 Fevral 2015 13:29
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Mayns şəhərinin baş meydanı "Gutenbergplatz"da Xocalı faciəsinin 23-cü ildönümü qeyd edilib.

Tədbirin təşkilatçısı, Mayns şəhər bələdiyyəsinin Yabançılar məclisinin üzvü soydaşımız Sarvan Rizvanov Teleqraf.com-a məlumat verib ki, burada Xocalı faciəsini özündə əks etdirən foto-sərgi qurulub, erməni quldurları tərəfindən dinc yerli əhalinin vəhşicəsinə öldürülmələri haqqında xüsusi vərəqələr şəhər sakinlərinə və şəhəri ziyarət edən qonaqlara paylanıb.

Onun sözlərinə görə, anım mərasimində Türkiyənin Mayns şəhərindəki baş konsulu Eser Torun iştirak edib. Tədbirdə çıxış edən baş konsul bildirib ki, Türkiyə hər zaman Azərbaycanın problemlərinin yanındadır: "Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Bunun üçün bu tədbirləri tez-tez keçirmək lazımdır”.

Soydaşımız qeyd edib ki, bu il ermənilərin dünyada yalançı erməni soyqırımının 100 illiyini qeyd etdiyi bir zamanda, yaxın tariximizdə xalqımızın yaşadığı faciələri bəynəlxalq aləmə çatdırılmasında xaricdə yaşayan hər bir soydaşımız öz üzərində məsuliyyət hiss etməlidir.

Qərara alınıb ki, dinc əhaliyə qarşı erməni-rus qoşun birləşmələrinin törətdiyi qanlı cinayətlərin tezliklə beynəlxalq hüquqi qiymətini alması üçün beynəlxalq qurumlar qarşısında ciddi tələblər qoyulsun.

Anım mərasimində Rein-Main bölgəsində yaşayan gənc soydaşlarımız xüsusi fəallıq nümayiş etdiriblər.

BƏXTİYAR


Müəllif: