7 Oktyabr 2015 14:07
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı rəssam Mehriban Əfəndi beynəlxalq sərgidə ölkəmizi yenidən təmsil edəcək. O, qəzetimizə açıqlamasında XXI əsr dünya sürrealizm hərəkatına təkan verən və Avropada öz mənşəyini tapmış "Sürrealizm bu gün" ("Sürrealizm Now") sərgisində iştirakından və gələcək işlərindən danışıb. Onun sözlərinə görə, sərgi 2016-ci il üçün bir çox dövlət və təşkilatlardan təklif alıb:

"Bu xəbəri "Sürrealizm bu gün" layihəsinin rəhbəri portuqaliyalı sürrealist rəssam və incəsənət kuratoru Santiaqo Ribeiro məlumat verib. Mən bu layihədə 2010-cu ildən iştirak edirəm. Çox maraqlı tarixçəsi var. Deməli, 2010-cu ildə Portuqaliyada Bissaya Bareta Fondunun təşkilatçılığı ilə baş tutan "Sürrealizm bu gün" adlı bu sərgiyə 30 ölkədən 56 rəssam cəlb olunmuşdu. Amma təşkilatçılar mənim rəsmlərini görəndən sonra Azərbaycanı 31-ci ölkə olaraq müstəsna qaydada layihənin iştirakçısına çevirdilər. Orada ilk dəfə olaraq "Muğam" əsərini dünya sənətsevərlərinə təqdim etmişdim. Elə o vaxtdan bu günə kimi hər il Azərbaycanı orada əsərlərimdə təmsil edirəm. Növbəti sərgi 2016-cı ilin fevral ayına planlaşdırılıb. Sərginin məkanı Multimedia Poros muzeyidir. Sərgidə 64 rəssam iştirak edəcək. İllər əvvəl bu sənətdə ilk addımlarımı atanda Mehdi Hüseynzadə ilə birlikdə müharibədə çiyin-çiyinə vuruşan Rusiyanın qocaman rəssamı əsərlərimi görəndə demişdi ki, bu formada nə Şərq, nə də Qərb rəsm çəkir. İlk dəfə onda anladım ki, əsərlərim böyük təsirə malikdir. Rəssamlıq mənim vergimdir. Hesab edirəm ki, rəssam kimi nə edirəmsə, yaradana öz yaradıcılığımla qulluq edirəm. Əsərlərimlə həm insanlara, həm də kainata gözəllik bəxş etməyə çalışıram. Çox sevinirəm ki, əsərlərimlə tanış olan bütün millətlərin nümayəndəsi özləri üçün maraqlı olan məqamları orda tapa bilirlər. Bəzən əsərlərim barədə elə fikirlər söyləyirlər ki, heç özüm onu yaradanda elə düşünmürəm. 2011-ci ildə "Nyu-York Tayms"ın bestseller yazıçısı, Hollivudun bəzi filmlərinin ssenaristi Syuzan Kolins öz şəxsi bloqunda mənim əsərlərim haqda yazı yazıb. Və məni özünün həyat və yaradıcılığına təsir edən sənət adamlarının siyahısına salıb. O fikirləri oxumaq mənim üçün çox maraqlıdır. Əsərlərimin xarici sərgilərdə iştirakında 2003-cü ildə britaniyalı vebmasterin mənim üçün açdığı saytın böyük rolu var. O saytın sayəsində xarici ölkələr əsərlərimlə tanış oldu. Hər bir əsərim digər əsərimə qapı açır. Bir də beynəlxalq arenaya çıxmaq üçün mənə ingilis dilini bilməyim çox kömək olub".

Məlumat üçün bildirək ki, 2010-cu ildə M.Əfəndi həm də Bolqarıstanda keçirilən "Radiance" müsabiqəsinin iştirakçısı olan 22 ölkədən 123 rəssam arasında qalib elan olunub. O, Avropa və Amerika ölkələrində təşkil olunan bir sıra qrup sərgilərinin iştirakçısı olmaqdan savayı Avstraliya və Amerikada fərdi sərgilərini açıb.
İtaliyadan yeni təkliflər


Bu il rəssamın "Gecənin mistikası" adlı əsəri İtaliyanın prestijli "Sandro Bottiçelli" mükafatına layiq görülüb. Amma nailiyyətlər bununla bitmir. O bildirib ki, professor Salvatore Konstantino tərəfindən Palermoda yerləşən elmi tədqiqat komitəsindən xüsusi dəvət alıb: "Onlar məni 2016- cı ilin iyun ayında keçirilən "Polychromia" layihəsinə qatılmağa dəvət ediblər. Bu layihənin məqsədi "National Geographic" tərəfindən qiymət almış dünyanın 10 yüksək səviyyəli, möhtəşəm muzeylərinə "Studio Byblos" tərəfindən seçilmiş rəssamların əsərlərini və bioqrafik informasiyalarının toplandığı kataloq təqdim etməkdir.

"Studio Byblos"un rəhbəri professor Salvatore Konstantino mənəmüraciətində əsərlərimin özəlliyini və yüksək dəyərini vurğulayıb. O mənə bildirdir ki, studionun saytında onun haqqında material dərc olunacaq".

O bildirib ki, hazırda onun "İmpressiya" adlı əsəri Slovakiyanın "Coop art" qalereyasında ilə Azərbaycanı təmsil edir: "Qalereyanın rəhbəri Frantisek Jakub Mehriban Əfəndiyə qalereyada 1 ay müddətində fərdi sərgisinin keçirilməsini də təklif edib".

"Təəssüf ki, bizdə belə deyil"

Əsəri dünyanı dolaşan rəssam etiraf edir ki, hər əsərini satmır: "Birincisi, onlardan ayrılmaq mənim üçün çətindir. İkincisi isə bir sərgi açmaq imkanı yarananda, yaxud da hansısa beynəlxalq layihəyə cəlb olunanda əliboş qalmaq istəmirəm. Əsərlərim baha başa gəlir. Onlara xərclədiyim pulu daha çox başqa sahələrdən: serial, film, kliplərdəki işlərimdən qazanıram. Bizdən fərqli olaraq xaricdə rəssamlar işlərini daha asan sata bilirlər, çünki onların qalereyaları var. Qalereyaların çox olması hər rəssamın öz stilinə uyğun qalereyalarla işləməsinə imkan verir. Təəssüf ki, bizdə belə deyil".

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər