5 Noyabr 2014 12:54
1 375
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hüseyn Məlik Nostradamusluq edir”

Müsavat Partiyası başqanlığına keçmiş namizəd Qubad İbadoğlu noyabrın 8-də tərəfdarları ilə nəzərdə tutduğu görüş barədə yeni müraciət ünvanlayıb.

Q.İbadoğlu qeyd edib ki, hər bir vicdanlı müsavatçının narahatlığına səbəb olan hazırkı durumun ciddi müzakirələr əsasında dəyərləndirilməsi baş tutacaq və gələcəyə yönəlik pozitiv təkliflər müzakirə olunacaq. Bizim yeganə məqsədimiz ayrı-ayrı şəxsləri deyil, bütövlükdə Müsavatı bu arzuolunmaz durumdan qalib çıxarmaqdır.

Q.İbadoğlunun sözlərinə görə, görüşdə, eyni zamanda, nizamnamə pozuntuları ilə bağlı hazırlanan arayışa və Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) verdiyi rəyə münasibət açıqlanacaq.

MNTK sədri Sevinc Hüseynova keçiriləcək görüşü Teleqraf.com-a şərh edib. O qeyd edib ki, Qubad İbadoğlu ancaq MNTK-nın rəyinə görə görüş keçirmir, bundan sonrakı fəaliyyət istiqamətlərini müəyyənləşdirəcəyini deyib. Onun sözlərinə görə, Q.İbadoğlu çox pozitiv bir mövqe bildirib: “Yəqin MNTK-nın rəyinə münasibəti olacaq. Amma bu rəyi biz obyektiv yazmışıq, bənd-bənd, nizamnaməyə tam uyğun şəkildə hazırlanıb. Hətta Qubad İbadoğlunun bizə göndərdiyi arayışı sosial şəbəkələrdə paylaşmışdım. Bizim verdiyimiz müvafiq rəyi də mediaya göndərmişik. Arayışda göstərdikləri və hesab etdikləri çatışmazlıqlar aşkarlanmayıb və biz də ona uyğun rəy vermişik. Rəyə münasibət bildirmək haqları var. Narazı tərəfdirlər, özləri bilər, necə reaksiya verəcəklər. Yenidən müraciət etsələr və ortaya hansısa faktları qoysalar, biz onları da müzakirə etməyə hazırıq”.

S.Hüseynova keçmiş başqan müşaviri Hüseyn Məlikin onun barəsində “Sevinc Hüseynovanın MNTK sədri olacağı qurultaydan öncə bəlli idi” fikirlərinə belə reaksiya verib: “Hüseyn Məlik Nostradamusluq edib əvvəlcədən deyirdi ki, Qubad İbadoğlu Müsavat başqanı seçiləcək. Bunu nə cür, təyinatlamı edəcəkdilər, bilmirəm, amma o plan baş tutmadı. Mən o insanın öncəgörmələrinə inanmıram. Hüseyn Məlik öz səviyyəsinə uyğun çıxış edir. Mənsə qurultayda 280 səs alaraq MNTK-ya üzv oldum. MNTK sədrliyinə isə alternativ seçki olub. Gizli səsvermə nəticəsində 8 MNTK üzvündən 7-si mənə etimad göstərib. Hüseyn Məlikin dediyi o qədər qeyri-ciddi bir şeydir ki, ona münasibət bildirmək istəmirəm”.

Qeyd edək ki, Başqanlığa namizəd Qubad İbadoğlu özünün Facebook statusunda partiya üzvlərinə müraciət edib. O, qurultaydan sonrakı dövrdə Müsavat daxilində gedən proseslərlə bağlı partiya strukturlarında sağlam dialoqa, ciddi polemikaya kəskin ehtiyac yarandığı fikrini bir daha gündəmə gətirib: “Belə dialoq və polemikalar Müsavatın bütövlüyünü istəyən, onun bu günü və sabahı üçün narahatlıq keçirən, ittiham və umu-küsüləri bir kənara qoyub hər vəchlə partiyamızın güclənməsinə çalışan əqidəli və fədakar bacı və qardaşlarım üçün bir sınaq meydanıdır. Bizim yeganə məqsədimiz ayrı-ayrı şəxsləri deyil, bütövlükdə Müsavatı bu arzuolunmaz durumdan qalib çıxarmaqdır. Bunun üçün hər bir müsavatçının potensialından daha səmərəli faydalanmaqla birgə fəaliyyət platforması müəyyənləşdirmək, qərarları azlığın diqtəsi ilə deyil, birlikdə qəbul etmək tələb olunur. İnanıram ki, bu görüş Müsavatın çağdaş tarixində barışıq, birlik, vəhdət və bütövlük görüşü kimi yadda qalacaq. Odur ki, sonuncu qurultayda başqanlığa namizəd olmuş bütün iddiaçıları və onların tərəfdarlarını açıq müzakirəyə dəvət edirəm” - deyə keçmiş namizəd vurğulayıb.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər