13 Mart 2021 14:52
1 946
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avroviziya 2019" təmsilçimiz Çingiz Mustafayev açıqlamaları ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Çingiz Mustafayev İnstaqramda video paylaşaraq ilk dəfə ailəsindən danışıb:

"30 il yaşadıqlarım haqqında danışmaq istəyirəm. Bilənlər bilir ki, Moskvada doğulmuşam. Ailəmiz var idi və maddi vəziyyətimiz çox yaxşı olub. Sonra ailəmizdə problem oldu, biz Qazax rayonuna köçməli olduq. Bu mənim üçün psixoloji çətinlik oldu, çünki başqa bir mühit idi. Eləcə də maddi və mənəvi çətin idi. 14 yaşımda Bakıya gəldik, o zaman da psixoloji sarsıntı yaşadım, şəhərə köçmək dəyişik gəldi, hündür binalar, tıxac, səs-küy və s. Həmin dönəmdə günə 10-20 manata restoranlarda işlədim, ispan mahnıları ifa etdim. Sonra "Yeni ulduz" yarışmasına qatıldım, həyatım dəyişdi. Yenə də çətinlik yaşadım, maddi olaraq o həyata hazır deyildim. Avtobusla, metro ilə gedirdim. Burada ayıb heç nə yox idi. Tanıyan, sevən, sevməyən, saçıma lağ edən olurdu. Buna görə çox mübarizə aparmışam. Ən çox da "yaxşı oğlanın saçı qısa olar" fəlsəfəsinə görə xeyli dalaşmışam. "Yeni ulduz" yarışmasından sonra toy sferasına girmək qərarını verə bilmirdim. Əslində, bu gün də bu qərarı ala bilməmişəm. Bütün toyu aparmıram, demirəm ki, bu mənim üçün çətindir. Amma janrıma uyğun deyil. Buna özümü məcbur etmək istəmirdim. Zamanla bəzi şeyləri anlamağa başladım. Həyatda balans çox vacib məsələdir. Bəzi insanlar sonradan pul görüb, çox dəyişirlər. Pisə tərəf dəyişirlər, insanları alçatmağa çalışırlar. Mən belə insanları çox görmüşəm. Onların ofisiantlarla necə danışdıqlarını görmüşəm, çünki psixoloji olaraq o pula hazır deyildilər. Məşhurluq da belədir, deyirlər ki, filankəs ulduzluq xəstəliyinə tutuldu, ona görə ki, buna hazır deyildi. Düşünür ki, ondan yoxdur, möhtəşəmdir. Belə insanlar digərlərini zəhərləyirlər. Cahilliklərini açıq-aşkar göstərirlər. Çox təəssüf olsun ki, belə insanlar həddən artıq çoxdur. Bu məni çox yorur".

Müğənni Bakıdan köçəcəyini də açıqlayıb:

"Auditoriyamı böyütmək istəyirəm. Yaxın zamanda Moskvaya gedəcəm, fəaliyyətimə orada davam edəcəm".


Müəllif: Rəqsanə Həsənova