24 Sentyabr 2021 09:05
1 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Soçidə Prezident Ərdoğanla Putinin görüşündə sensasiya qeydə alınmayacaq. Hesab edirəm ki, bu dəfə Rusiya daha çox Türkiyənin mövqeyindən maraqlıdır, nəinki Türkiyə Rusiyanın. Nəzərə almaq lazımdır ki, Ərdoğan Soçiyə ABŞ səfərindən dərhal sonra gedəcək. ABŞ-da isə Prezident Ərdoğan İngiltərə Baş naziri Boris Conson daxil olmaqla bir sıra mühüm şəxslərlə fikir mübadiləsi aparıb. Yəni Ərdoğan həm də ABŞ-dan hansısa ümumi mövqeyə gəlib. Rusiya isə buna qədər necə qalırdısa, elə də qalıb, üstəlik izolyasiya mühitindədir. Bu mənada Türkiyədən çox şey asılıdır. Məsələn, Moskva arzu edir ki, Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatında aktiv iştirak etsin. Hesab edirəm ki, tərəflərin müzakirə edəcəyi böyük bir gündəlik məsələlər var”.

Bunu Teleqraf.com-a professor Əli Abbasov sentyabrın 29-da Soçidə keçirilməsi planlaşdırılan Türkiyə Prezidenti Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin görüşü haqqında danışarkən deyib.

Professor əlavə edib ki, Qarabağla bağlı bəzi məsələlər var ki, bunları da həll etmək lazımdır: “Biz görürük ki, bu məsələdə böyük dəyişiklik yoxdur. Danışırlar, deyirlər. Amma real addımlar yoxdur.

İkincisi, Ermənistan-Türkiyə arasında əlaqələrin qurulmasında İrəvanın mövqeyi var, amma bunun üçün platforma yoxdur. Belə bir platformanın olması lazımdır. Rusiya burada mediatır rolunu oynaya bilər. Ancaq görünən budur ki, Moskva bu əlaqələrin qurulmasına açıq etiraz etməsə də, bu prosesdə iştirakçı olmaq istəmir”.

Analitik qeyd edir ki, əslində bu, Türkiyə-Rusiya görüşündən daha çox Putin-Ərdoğan görüşüdür:

“Bu iki şəxs bir-birindən razıdırlar, bir-birini anlayırlar. Odur ki, bu, daha çox iki tanınmış liderin görüşüdür. Mən inanmıram ki, həmin görüşdə hansısa sensasiyalı nəticələr ortaya çıxsın. Nəzərə almaq lazımdır ki, hər bir ölkənin öz problemləri var. Xüsusilə, Qafqazda, Suriyada, Liviya da və s. Deməli, bu iki şəxs vaxtaşırı görüşüb bu məsələləri müakirə etməlidir ki, real toqquşma baş verməsin”.

Professor xatırladır ki, görüş ərəfəsində Moskva Ankaranın Krımla bağlı qərarlı davranışlarından, Ankara isə Moskvanın Suriyadakı fəaliyyətindən, xüsusilə İdlib hissədəki davranışlarından narahatdır:

“Mümkündür ki, bu addımlar görüş öncəsi tərəflərin bir-birinə mesajıdır. Bəli, onların bəzi nöqtələrdə ya maraqları toqquşur, ya da paralel gedir. Bu mənada tərəflər bir-birinin niyyətini bilmək istəyirlər. Hər halda belə nöqtələrdə məsələlər yığılıb problemə çevrilən kimi bu liderlər görüşür. Amma bəllidir ki, tərəflər bir-birindən asılı qalmış kimidir. Aydındır ki, rus diplomatları Türkiyə ilə belə yaxınlaşmaya o qədər də səy göstərmirlər, amma anlayırlar ki, bu, Putinin mövqeyidir. Ankara da buna bənzər yanaşma var.

Həm də unutmaq lazım deyil ki, İngiltərə, ABŞ və Avstraliya yeni blok yaradıb. Bu blok sözsüz ki, Çin və Rusiyaya qarşıdır. Aydındır ki, Ərdoğanda da hansısa məlumatlar ola bilər. Çünki Ərdoğan ABŞ-da görüşləri zamanı yəqin ki, bu məsələləri də müzakirə edib. Ruslar isə buna qarşı Şanxay Əməkdaşlıq Təşkilatını fəallaşdırmaq istəyəcək. Artıq Pakistan və İran bu quruma daxil olub. Türkiyənin bu qurumda olub-olmaması da ruslar üçün maraqlıdır”.

Sonda professor qeyd edib ki, Ərdoğan-Putin görüşünün bütün detalları haqqında informasiyanı heç kim əldə edə bilməyəcək: “Hesab edirəm ki, tərəflər müzakirə etdikləri məsələlər haqqında ümumi açıqlama edəcəklər. Amma hansı detalların və məsələlərin müzakirə olunduğu, hansı tərəfin mövqeyinin nədən ibarət olması açıqlanmayacaq”.


Müəllif: Nemət

Oxşar xəbərlər