Anım Günü ilə bağlı xalqa müraciətində də dövlət başçısı bəyan etdi ki, Azərbaycan bölgədə yeni konfiqurasiya yaradıb. Artıq şərtləri müəyyən edən və tələb edən Azərbaycandır. Yeni reallıqdan bölgə dövlətlərinin də yararlanması mümkündür. 44 günlük müharibədən sonra 30 ilə yaxın bölgədə reallaşan iqtisadi layihələrdən kənarda qalan Ermənistan da sivil münasibətlərə uyğun davransa, onun da iştirakı reallaşa bilər.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun fikrincə, Ermənistan siyasi rəhbərliyi dialoq və əməkdaşlıqla bağlı konkret fəaliyyət ortaya qoymalıdır:
“Münasibətləri manipuliyasiya etmək, hansısa bir maraqlar naminə manevrlər etmək artıq mənasızdır. Çünki bölgədə yaranan yeni reallıq açıq əməkdaşlığı diktə edir. Artıq beynəlxalq birlik də bölgədə olan prosesləri diqqətlə izləyir. Ona görə də Ermənistan və ona havadarlıq edən mərkəzlər bu prinsiplərə uyğun addımlar atmaq məcburiyyətindədir”.
Millət vəkilinə görə, Azərbaycan əraziləri işğal altında olduğu dövrdə belə proseslərin danışıqlar müstəvisində həllinə maraqlı oldub:
”Bu gün Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü təmin edib. Ermənistandan da tələb edilən prinsip odur ki, bu ölkə Azərbaycanın suveren ərazilərini tanısın. Delimitasiya və demarkasiya məsələləri tez bir zamanda həll edilsin. 10 noyabr 2020-ci ildə əldə olunmuş razılaşmada əksini tapmış kommunikasiya xətlərinin açılması təmin edilsin”.
Vüqar İskəndərov hesab edir ki, razılaşmada nəzərdə tutulmuş kommunikasiyaların bərpası Ermənistan üçün də əlverişli çıxış yoludur:
“Zəngəzur dəhlizi ilə Ermənistan da mümkün iqtisadi blokada vəziyyətindən çıxmış olacaq. Eyni zamanda regionda yeni bir canlama iqtisadi, siyasi münasibətlərin inkişafı üçün də zəmin yarana bilər. Amma bunun əksinə olacaq bütün proseslər birbaşa Ermənistan üçün zərərlidir. Bu gün Ermənistanı revanşizm və digər məsələlərdə “şirnikləndirənlər” unutmamalıdırlar ki, Azərbaycanın hərbi, siyasi qətiyyəti yerindədir. Ali Baş Komandanın vurğuladığı kimi: Əgər kimsə Ermənistan üçün hansısa bir “status” düşünürsə, bunu öz ərazisində reallaşdırsın”.