13 May 2022 11:34
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün dünyanın müxtəlif yerlərində Avropada, Yaxın Şərqdə, bizim bölgədə dini, məzhəb zəminində və başqa səbəblərə görə qarşıdurmalar baş verir. Məhz bu fonda Azərbaycan sülh mesajları ötürür, dinlərarası diloq üçün təşəbbüslər göstərir, nümunə olur, humanitar aksiyalar, tədbirlər təşkil edir. Ölkəmiz Şərqlə Qərb arasında, qədim İpək yolu üzərində yerləşdiyi üçün Avropanı yaxşı anlayırıq, müsəlman ailəsinin də bir parçasıyıq. Dövlətimiz çalışır ki, sivilizasiyalararası dialoq, daha da güclənsin. Bu mənada Azərbaycan bütün dünya üçün örnək olacaq bir ölkə kimi tanınır, qəbul edilir. Çünki bu günə qədər ölkəmizdə milli, dini zəmində heç bir qarşıdurma qeydə alınmayıb.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, Qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Professor qeyd edib ki, Azərbaycan vətəndaşları təhlükəsizlik şəraitində yaşayır və bütün dünya xalqları ölkəmizin dini, mədəni tolerantlıq modelini qəbul edir:

“Bu təcrübə öz unikallığı ilə seçilir. 30 illik fasilədən sonra ötən ilin 12-13 mayında keçirilən “Xarıbülbül” festivalında Prezident İlham Əliyev vurğulayıb ki, Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı var. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi. Bu amil ölkəmizdə milli birlik, milli həmrəyliyin olduğunu göstərən vacib amildir. Həmin festivaldan, qədim torpağımız Şuşadan bütün dünyaya mühüm mesaj verildi. Onun əsasında ölkələrin, dövlətlərin inkişaf modeli dayanır. Ölkə başçısının dediyi kimi: “Ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur”. Azərbaycan həm ölkə daxilində, həm beynəlxalq müstəvidə, o cümlədən ölkəmizdə keçirilmiş çoxsaylı tədbirlərdə multikulturalizmi təbliğ edir, müxtəlif xalqların birgəyaşayışını təbliğ edirdi. Bununla da bütün dünya Azərbaycan təcrübəsində bunun mümkün olduğunu gördü”.

Millət vəkili hesab edir ki, builki, V “Xarıbülbül” Festivalı isə dünyaya bir daha müxtəlifliyin vəhdət yaratdığını əyani şəkildə göstərir:

“270 yaşı tamam olan Şuşa təkcə Azərbaycanın mədəniyyət paytaxtı, dünya azərbaycanlılarının böyük və tarixi evi, beynəlxalq diplomatik mərkəzi deyil, həm də multikultural şəhərdir”.

Komitə sədri əlavə edib ki, bu gün Qarabağ və Şərqi Zəngəzur addım-addım, qarış-qarış qurulur, yenidən tikilir:

“Ermənilər 30 il tarixi Azərbaycan torpaqlarını işğal edərək, ancaq talançılıq, dağıtmaq, qədim tarixi-dini-mədəni irsimizi saxtalaşdırmaq, ekoloji terror törətməklə məşğul olublar. Ancaq Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qısa bir zamanda Qarabağda, Şərqi Zəngəzurda nəhəng layihələr, tikinti-quruculuq işləri həyata keçirilir. Vətən müharibəsindən sonra ikinci dəfə Xarıbülbül festivalı, “Vaqif” Poeziya Günləri, I Beynəlxalq Kulinariya Festivalı, Suqovuşanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş avarçəkmə üzrə “Prezident kuboku-2022” turnirinin təntənəli açılış mərasiminin keçirilməsi bir daha göstərir ki, Azərbaycan sülhü, təhlükəsizliyi, əməkdaşlığı, dinc yaşamağı təbliğ edir və bunu əyani surətdə göstərir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər