14 İyun 2022 12:11
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublunun sosial şəbəkə hesabındakı paylaşımı müzakirələrə səbəb olub. O, “Hərbi Qənimətlər Parkında uşaqlara düşmən tanklarının üstünə çıxmağa imkan verilmədiyindən gileylənib.

Tofiq Yaqublunun statusu sosial mediada ironiya ilə qarşılanıb.

Tofiq Yaqublu yazıb: "Uşaqlar (lap elə böyüklər də) tankın üstə çıxsalar hər mərminin zədələyə bilmədiyi tanka nə olacaq ki? Sanki lüks avtomobillərin sərgisidir, toxunmaq olmaz. Qəhrəman Azərbaycan əsgəri vətənin ərazi bütövlüyü ilə yanaşı, həm də onun uşaqlarının sevinci, xoşbəxtliyi uğrunda döyüşüb. Uşaqların sevincinə niyə mane olursunuz?"

Bir qrup gənc hökumətdən Tofiq Yaqublu üçün tankın üstünə çıxmaq üçün icazə "petisiya"sı başladıb.

Tarixçi Altay Göyüşova da Yaqublunun bu paylaşımına istehza ilə yanaşıb. O qeyd edib: “Tofiq Yaqublu hökumətə etiraz edir ki, parkda uşaqları tankın üstünə çıxmağa qoymurlar. Mətanət var, cəsarət var, vicdan var, baş yoxdur. Ona görə də, nəticə belədir”.

Mövzu ilə bağlı Teleqraf.com-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu hesab edir ki, vacib olanı müharibədə qələbə qazanmağımızdır: “Tankla, tanksız udmuşuq, bu, əsas deyil. Uşaqlara məktəblərdə bunları danışmaq lazımdır, o gənclərin şücaətindən danışmalıyıq. Çünki qəhrəman gənclər bu müharibəni qazanıb. Ona görə də bu gün müharibədən ironik danışmaq şəhidlərimizə, qazilərimizə qarşı hörmətsizlikdir. Hərbi Qənimətlər Parkında tankın üzərində uşaqlar oynadılar-oynamadılar, əsas odur ki, bu park var. Qarabağı azad etmişik. Ətrafda olanlara nəzər salmaq lazımdır. Baxın, görün Vladimir Putin nə edir, o Ukraynanı nə günə salıb? Ona görə də, bizim birliyimiz, bir yerdə olmağımız lazımdır. Nə olursa, olsun hansısa bir məsələdə belə hamımız bir yerdə olmalıyıq. Biz müharibəni udmuşuq, amma bizim dinc yaşamağımızı istəməyənlər var. Ukraynaya bütün dünya kömək edir, lakin çətinlikdən çıxa bilmir. Yəqin ki, bunu da hamımız görürük. Ona görə də, yazılarda, müsahibələrdə, bu milləti bir-birini sevməyə, dəstək olmağa səsləmək lazımdır. Tənqidi də bir-birimizi sevə-sevə etməliyik. Başa düşürük ki, bu gün ölkədə məmur özbaşınalığı var. Bu baxımdan tənqid etməyə çox mövzu var. Amma Qarabağ müharibəsinə aid olan məsələlərə toxunmaq olmaz”.

Novella Cəfəroğluna görə, əsas olan düşmən tankını gətirib Hərbi Qənimətlər Parkında sərgiləməyimizdir: “Kim istəyir onun üstünə çıxsın-çıxmasın, bu, vacib deyil. Bizim üçün vacib olan odur ki, düşmən tankını orada saxlamağa qeyrətimiz çatsın, bir daha müharibəyə girməyək. Başqa heç bir sözə ehtiyac yoxdur”.


Müəllif: Tapdıq Qurbanlı