Politoloq Natiq Miri Teleqraf.com-a müsahibə verib.
Onunla müsahibəni təqdim edirik.
- Hər dəfə Azərbaycan və Ermənistan nümayəndələri arasında görüş olanda qarşı tərəfdən buna və sülhə mane olan addımlar atılır. Yenə də belə oldu. Bu dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən əvvəl sosial şəbəkələrdə “erməni hərbçilərin güllələnməsi” ilə bağlı video yayıldı. Sizcə, proses bu şəkildə nə qədər gedəcək?
- Ermənistan tamamilə çıxılmaz duruma gətirilənədək erməni hiyləsi və təxribatları davam edəcək. Azərbaycanın tarixi ərazilərində süni şəkildə yaradılan və bu gün də dövlət anlayışı olmayan bu toplum hələ də öz dövlət, regional və digər maraqlarını müəyyən edə bilməyibsə, demək, çox ciddi problemləri var. Bu problemləri də bütün qonşu ölkələrə sirayət edir. Biz belə bir dağıdıcı ünsürlər münaqişə içindəyik. Belə qonşuyla yanaşı yaşamaq həmişə müəyyən təhlükələr vəd edir. Bu da onu göstərir ki, Azərbaycan heç vaxt çomağı əldən verməməlidir.
Azərbaycan xalqı anlamalıdır ki, öz geosiyasi maraqları olan böyük dövlətlərin qurduqları formatlar indiyədək heç bir münaqişəni çözməyib. Onlar bundan sonra da heç bir məsələni həll etməyəcəklər. Buna görə də belə vasitəçilərin səyləri ilə keçirilən görüşlərdən konkret nəticələr gözləmək özünü aldatmaqdır.
Qalan məsələlərin yeganə həlli öz gücünü göstərməkdən keçir. Biz həmin gücü 44 günlük müharibədə uğurla göstərdik. Azərbaycan Ermənistanı elə bir çıxılmaz durumda qoyub ki, gedəcək yeri qalmayıb. Düşünürəm ki, bu təxribatları ermənilərin son çırpıntılarıdır.
Əgər Ermənistan düşünürsə ki, hansısa beynəlxalq müşahidəçiləri sərhədə gətirməklə özünü sığortalayacaq – bu, alınası şey deyil. Çünki regionda üç hərbi güc var: Azərbaycan, Türkiyə və Rusiya. Bu güclər üçüncü və ya dördüncü hərbi güclərin regiona gəlməsinə imkan verə bilməz və verməyəcək. Bunu hər bir erməni dığası anlamalıdır. Hətta buna imkan versələr belə (bu da istisnadır), əmin olun ki, nə Fransa, nə də ABŞ əsgəri Ermənistan uğrunda ölmək fikrində deyil. Çünki artıq neçə illərdir ki, dünyada vəkalət müharibələri gedir. Bunu Liviya və Suriyada görürük. İndi Yaxın Şərqdə Amerika əsgəri əvəzinə onun pul və silah verdiyi PKK və bu terror təşkilatının Suriya qanadı vuruşur. ABŞ həmişə belə vasitələrdən istifadə edib.
ABŞ prosesi dağıtmaq və bölgəyə daxil olmasına zəmin yaratmaq üçün burada da Ermənistandan istifadə edə bilər. Ermənistan belə bir alətə çevrilmək üçün yararlıdır. Ancaq Ermənistan bundan o tərəfi ağlına belə gətirə bilməz. ABŞ nə Azərbaycanla strateji, nə də Türkiyə ilə müttəfiqlik əlaqələrini pozmaq istəyər. Çünki regiondakı ən böyük geosiyasi layihələr yalnız Türkiyə və Azərbaycanın razılığı ilə həyata keçirilə bilər və keçirilir.
Sınıq-salxaq ordusu olan cırtdan Ermənistanla böyük geosiyasi hədəflərə çatmaq mümkün deyil. Düşünmürəm ki, ABŞ-da hər kəs ağlını itirib.
- Bəs Ermənistanı necə yola gətirmək olar?
- Çıxış yolu var. Məsələn, 12-13 sentyabr tarixlərində təxribata əl atan Ermənistana hansı cavab verilmişdisə, belə addımlar davamlı olmalıdır. Yəni təxribatlara qarşı görülən adekvat tədbirlər bir qədər də sərtləşdirilməlidir.
Eyni zamanda, Qarabağın dağlıq hissəsindəki separatçı rejimin və onun qanunsuz hərbi qüvvələrinə son qoymağın vaxtı çatıb. Bölgədə dayaqları zəifləyən Rusiyaya başa salınmalıdır ki, 10 noyabr üçtərəfli bəyanatın 4-cü bəndini yerinə yetirsin. Yəni Xankəndi və ətrafındakı qanunsuz silahlı qüvvələr çıxarılmalıdır.
Rusiyaya izah etmək lazımdır ki, bu addımı atmasa, Azərbaycan və Türkiyə ilə münasibətləri korlana bilər. Əgər Rusiya öz üzərinə düşən bu öhdəliyi yerinə yetirməsə, onda Azərbaycan bu əməliyyatı təkbaşına həyata keçirəcək. Belə bir təcrübə var. Lazım olan prosesi Azərbaycanın özü yarada bilir.
Elə bir proses və ya situasiya yaratmalıyıq ki, sərhədlərin müəyyənləşdirilməsi və Naxçıvana dəhlizin açılması işlərini Ermənistanın özü həvəslə görsün. Artıq Azərbaycanın özü Ermənistanla sərhədində demarkasiya prosesi yaradıb və öz mövqelərini möhkəmlədib. İndi çox uğurlu şəkildə prosesə nəzarəti özündə saxlayır. Ermənistana elə bir alternativ qoymaq lazım deyil ki, hansısa havadarlarına arxayın olaraq gələcəklə bağlı hansısa xəyallara qapılsın. Yaradılacaq bu proses həm də onun havadarlarına anlatmalıdır ki, onların və Ermənistanın Azərbaycanla anlaşmaqdan başqa çıxış yolları yoxdur. Əks halda nə ABŞ, nə Rusiya, nə Fransa, nə də ATƏT bu məsələləri həll edəcək.
Heç kimə güvənmək lazım deyil. Bu məsələlərin həlli yolu Türkiyə və Azərbaycanın koordinasiyalı işindən və yeni prosesin yaradılmasından keçir. Türkiyə və Azərbaycanın yaradacağı yeni proses Ermənistanı və havadarlarını çıxılmaz durumda qoyacaq. Yəqin ki, bu yöndə hazırlıq gedir.
Prezident Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasındakı çıxışında belə bir fikir bildirdi ki, Türkiyə də müəyyən adekvat addımlar atacaq. Hesab edirəm ki, bu, atılacaq addımların növbəti ismarışıdır. Əgər Praqada görüş baş tutsa, Ərdoğan Paşinyanın diqqətinə bəzi məsələləri çatdıracaq ki, növbəti təxribatlar olsa, bunun altında qalacaq yeganə dövlət Ermənistan olacaq. Çünki hər təxribat Ermənistana baha başa gəlir, itirən tərəf olur.
Ermənistan düşünürsə ki, bu təxribatları qarşısında havadarları onu qoruyacaq, yanılır. Zənnimcə, bütün bunlar Praqada Paşinyanın diqqətinə çatdırılacaq.
- İran da regiondakı həssas situasiyadan istifadə edərək, bölgəyə geosiyasi oyunçu kimi daxil olmaq istəyir. Bu günlərdə Azərbaycanı açıq dillə hədələyən İranın Zəngəzurda konsulluq açması da diqqət çəkdi. Sizcə, İran bölgəyə geosiyasi oyunçu statusunda daxil ola bilərmi?
- İranın istəyi budur ki, qlobal və regional geosiyasi dəyişiklik fonunda özünün maraqları təmin etsin. İran görür ki, Rusiya getdikcə zəifləyən geosiyasi halqa olaraq mövqeləri sarsılmağa başlayıb. İran Cənubi Qafqazda Rusiyanın yerini tutmaq istəyir. Əlbəttə, bu, Azərbaycan və qardaş Türkiyə tərəfindən qəbuledilməzdir.
Ayrıca, Rusiya nə qədər zəif olsa da leşi kifayət qədər ağır yükdür. Yəni Rusiyanı bəri başdan siyahıdan silmək doğru olmazdı. Düşünürəm ki, İran başından böyük istəklərinə rəğmən geosiyasi hədəflərinə çata bilməyəcək.
İranın daxilində elə bir etiraz dalğası başlayıb ki, bu onu çox ciddi şəkildə sarsıdacaq. Bu dalğa artıq İranın dini-siyasi sütununu silkələməyə başlayıb. Bundan sonra İrandakı rejim bir yerə qədər özünü saxlaya bilər. Ancaq həmin yerdən sonra corab söküyü kimi sökülməyə başlayacaq və bunun qarşısını almaq mümkün olmayacaq.
Qənaətimə görə, proses İranın bir neçə yerə parçalanmasına qədər davam edə bilər. Yəni İran bölgədə “geosiyasi lider” olmaq eşqinə düşməkdənsə, öz daxilindəki xaotik prosesi tənzimləməyə çalışmalıdır. Çünki artıq bunun üçün zamanı qalmayıb.
- Avrasiya qitəsində geosiyasi gərginliyin coğrafiyasının genişləndiyi vaxtda Türkmənistan da qərar verdi: Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv olacaq. Türkmənistanın bu addımı Türk Birliyinə nə qazandıracaq?
- Bu qərar artıq bir çox geosiyasi gerçəkliyin Türkmənistan tərəfindən də qəbul edilməsinin göstəricisidir. Türkmənistan görür ki, dünənə qədər üfüqdə görülməyən hadisələr çox sürətlə baş verir, yeni geosiyasi şəkillənmə gedir. Türkmənistan bu fonda kiçik bir ada kimi kənarda qala bilməz. Türkmənistan Rusiyanın Ukrayna və Mərkəzi Asiyada mövqelərinin zəifləməsini, Cənubi Qafqaz və qlobal geosiyasi meydandan sıxışdırılıb çıxarılmasını görməmiş deyil.
Bu baxımdan, Türkmənistan özünü nə qədər neytral ölkə saymış olsa da, beynəlxalq münasibətlər sisteminin tamamilə darmadağın olduğu bir dünyada neytral qalmağın mümkün olmadığını da anlamağa başlayıb.
Bu gün dünyada beynəlxalq hüquq deyilən bir mexanizm yoxdur. Beynəlxalq səviyyədə bunu təmzimləyəcək mexanizmlər, bundan məsuliyyət daşıyan BMT kimi qurumlar işləmir. Bu gün Rusiya beynəlxalq hüququ ayaqları altına alıb Ukrayna ərazilərini işğal və ilhaq edir. BMT-nin də bu fonda Rusiyanı qınayan qətnaməsi elə Rusiyanın öz vetosu ilə ləğv edilir.
Bu onu göstərir ki, artıq BMT bir mexanizm olaraq işləmir. Belə bir vəziyyətdə Türkmənistan da ciddi təhlükəsizlik çətiri altında olmaq istəyir ki, özünü gələcək bəlalardan sığortalasın. Bu çətir işğalçıları çəkindirməlidir. Belə bir çətir Türk Dövlətləri Təşkilatıdır.
Türk Birliyinin əsas aparıcı gücü Azərbaycan və qardaş Türkiyədir. Orta Asiyanın Qırğızıstan, Qazaxıstan və Özbəkistan kimi dövlətləri də artıq bu birlikdədir. Bu proses gedir və düşünürəm ki, kimsə bunu dayandıra bilməz. Türkmənistan da mövcud reallığı qəbul edərək, türk çətiri altında gəldi. Bu, bütün türk dövlətlərinin bir nüvədə birləşməsini tamamlayacaq addımdır. Türk dünyası üçün çox müsbət hadisədir. Türk Birliyi böyük dövlətlər üçün çəkindirici gücə çevrilir.