Bakıda qətl törətməkdə təqsirləndirilən Rəşad Həsənov və Aftandil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Növbəti proses fevralın 28-də davam edəcək.
İttihama görə, hadisə ötən il iyulun 3-də Nəsimi rayonunda baş verib. Memarlıq və İnşaat Universitetinin tələbəsi Samir Mehdiyevin zorakılıq əlamətləri olan meyiti rayonun Fikrət Əmirov küçəsində aşkar edilib.
Qətli törədən Bakı sakini Rəşad Həsənov və Ağstafa rayon sakini Aftandil Məmmədov həbs edilib. Tələbəni öldürən hər iki şəxsin əvvəllər məhkumluq həyatı yaşadığı məlum olub.
Samir Mehdiyev həmin ərazidə tikinti şirkətlərindən birinin tikdirdiyi binada gözətçi işləyib. Gecə saatlarında Rəşad Həsənov və Aftandil Məmmədov tikinti materialları oğurluğuna gəliblər. Samir Mehdiyev oğurluğun qarşısını almaq istəyib.
Onların arasında mübahisə yaranıb və oğrular Samir Mehdiyevi döyərək öldürüblər.
İstintaqa ifadə verən şübhəli şəxslər törətdikləri cinayəti etiraf ediblər.