20 Fevral 2023 12:47
1 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Eyni anda iki stulda oturmaq mümkün olmasa da, Ermənistan Baş naziri Nikol Paşinyan bunu etməyə çalışır”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın “Hraparak” qəzetinin müxbiri Vaxtanq Siradeqyan yazır.

“Paşinyanın sözlərinə görə, o, eyni anda iki stulda oturmağı bacarır. Əlbəttə, bu halda özünü yaxşı hiss edir. Elə buna görə də bəziləri onu “Putinin ayaqqabısını yalayan”, bəziləri də “Qərbin qulu” hesab edirlər. Amma Putinin ayaqqabılarını yalamağın Ermənistanın maraqlarına nə qədər uyğun olub-olmaması sual altındadır. Çünki kiminsə ayaqqabısını yalamaq yox, ləyaqətli münasibətlər qurmaq Ermənistanın maraqlarına uyğun olardı”, - müəllif bildirir.

Siradeqyana görə, Nikol Paşinyan hakimiyyətə “Ermənistanın suverenliyinin gücləndirilməsi” şüarı ilə gəlsə də bu istəyinə nail ola bilməyib:

“Şimalla Qərbin əbədi fikir ayrılığı ona gətirib çıxardı ki, Ermənistan Rusiyada artıq dost ölkə kimi qəbul edilmir. Bu, həm sadə vətəndaşlar, həm də Kreml səviyyələrində özünü göstərir. Qərbli aktorlar isə ondan yalnız Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq məqsədilə istifadə edirlər. Bu baxımdan, Nikolun Qərbin qulu olduğu fikri ilə razılaşmalıyıq. Çünki quldan həmişə “danışan alət” kimi istifadə olunur. Məsələn, Fransa Prezidenti Emmanuel Makronun fikrincə, Nikolun onların dostu olmasının önəmi yoxdur və onun yanında olmağa davam edəcəklər.

Kiminsə yanında olmaq ona dəstək olmaq deməkdir. Amma həm 44 günlük müharibə zamanı, həm də ondan sonra Makronun dəstəyi söz səviyyəsindən o yana keçmədi. Makron isə bunu edəcəyini demişdi”.

Jurnalist digər qərbli liderlər kimi Fransa prezidentinin də Ermənistanı aldatdığını iddia edir.


Müəllif: Mənsur Rəğbətoğlu