12 Noyabr 2018 16:13
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada hər kəs eyni dildə danışmır, buna görə də insanlarla ünsiyyətdə təkcə öz ana dilini bilmək kifayət etmir. Bir neçə əcnəbi dili bilməklə ayrı-ayrı insanlarla ünsiyyət qurmağı daha da asanlaşdırırıq. Dünyanın başqa-başqa dillərini bilməklə səyahət edə biləcəyimiz ölkələrin siyahısını genişləndirmək, daha əlverişli iş yerləri tapmaq imkanı qazanmaq, yeni insanlarla tanış ola bilmək, ən əsası da öz dünyagörüşümüzü genişləndirmək kimi fürsətlər əldə edİrik.

Şübhəsiz ki, söhbət bir ölkəni dünyanın ayrı-ayrı yerlərində təmsil edən siyasilərdən gedirsə, işin rəngi bir qədər tündləşir, özünə ciddiyyət qazanır. Görəsən, Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri hansı əcnəbi dilləri bilirlər, yaxud ana dilimizdən başqa hansı ölkənin ədəbiyyatını, mətbuatını onun öz dilindən oxuyurlar?

Teleqraf.com mövzu ilə əlaqədar siyasətçilər arasında sorğu keçirib.

Həmin sorğuya cavabları təqdim edirik:

“...sona çatdıra bilmədim”

Keçmiş baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn: “Mən Azərbaycan, rus və Türkiyə türkcəsində oxuyuram. İngilisdilli ictimai-siyasi ədəbiyyat, yaxud mətbuata baxıram, amma mütaliəmdə rus dili üstünlük təşkil edir. O cümlədən, bədii ədəbiyyatı rus dilində oxuyuram. Son dövrlərdə rus dilində Sorokinin bir povestini oxumağa başladım, amma onu da sona çatdıra bilmədim”.

“Bu, strateji kəşfiyyat haqqındadır”

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər: “Əsasən, rus dili və Türkiyə türkcəsində oxuyuram. İngilis dilində olan bəzi qısa materialları mütaliə edə bilirəm. Sonuncu oxuduğum kitab rus dilində nəşr olunmuş strateji kəşfiyyat haqqındadır. Amma müəllifi amerikalı Xartdır”.

“Sonadək yalnız bu dili qavraya bilirəm”

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev: “Əsasən, rus dilində oxuya bilirəm. Sonuncu dəfə Paulo Koelyonun rus dilinə tərcümə edilmiş əsərini oxumuşam. Yəni, əcnəbi dillərdən sona qədər qavradığım dil rus dilidir. Siyasi mövzularda ingilis dilində başa düşə, oxuya və fikrimi izah edə bilirəm. Amma bu, ədəbiyyatı oxuyub başa düşəcək qədər deyil”.

“Hər gün bu dillərdə oxuyuram”

Deputat, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə: “Əlbəttə, bir qayda olaraq hər gün Azərbaycan dilində olan və əsas informasiya daşıyıcısı olan mətbu orqanları oxuyuram. Əcnəbi dillərdən isə, hər gün ingilis və rus dillərində mütaliə edirəm. Eyni zamanda, digər dillərdə də oxuya bilirəm. Sonuncu dəfə Frensis Fukuyamanın ingilis dilində nəşr olunmuş kitabını oxumuşam”.

“Bunu əcnəbi dil hesab etmirəm”

Deputat Aqil Abbas: “Əsasən, rus dili və Türkiyə türkcəsində oxuyuram. Amma türk dilini əcnəbi dil hesab etmirəm. Sonuncu dəfə rus dilində hekayələr oxumuşam”.

“Ən mükəmməl bildiyim əcnəbi dil...”

Deputat Rasim Musabəyov: “Əcnəbi dillərdən ən mükəmməl bildiyim dil rus dilidir. Gündəlik olaraq da, əsasən rus dilində oxuyuram. İstər ədəbiyyat olsun, istərsə də mətbuat olsun, əsasən rus dilinə üstünlük verirəm”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər