16 İyun 2022 14:54
2 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev (Kobra Pərviz) Teleqraf.com-un "Sözünü de" layihəsində qonaq olub.

Onunla müsahibəni təqdim edirik:

- Pərviz bəy, Bakıda pərəstişkarlarınızla görüşdünüz. Təəssüratlarınızı eşitmək istərdik. Çox həyəcanlı idiniz...

- Bəli, pərəstişkarlarımla görüşdə həyəcan var idi. "Survivor" yarışmasında iştirak və sevənlərimlə görüş fərqli hisslər yaşadır. Adətən, məndə həyəcan olmur, amma bu dəfə həyəcanlanmışdım. İnsanlar həmişə mənimlə görüşməyə can atırlar, təvazökarlıqdan uzaq olsa da bunu deməliyəm. Yarışda iştirakım zamanı çoxlu izləyicim vardı, mənimlə bir yerdə sevinir, bir yerdə kədərlənirdilər. Zənnimcə, belə bir görüşə ehtiyac vardı.

- Türkiyənin "TV 8'' kanalında yayımlanan "Survivor All Star" yarışmasından ayağınızdan zədə aldığınıza görə uzaqlaşdınız.

- "Survivor All Star"a getməzdən iki ay əvvəl zədə almışdım. Döyüşlərdən qalma zədələrim vardı. Zədələr yarışın üçüncü həftəsində özünü büruzə verməyə başladı. Gün ərzində ağrıkəsici dərmanlar qəbul edirdim. Beləliklə, sonda yarışdan uzaqlaşmalı oldum.

"Survivor" yarışında dörd ay qaldım. Daha sonra iclas keçirildi, Acun Ilıcalı ilə danışdıq və o dedi ki, Pərviz, Türkiyədə həkim baxdı və bildirdi ki, təhlükə var.

- Yarışmada çətin anlarınız çox idi?

- Ekranda gördüyünüzün üç qatını düşünün. Veriliş iki saat yayımlanır, amma biz altı saat günəşin altında oyuna davam edirdik. Saçımı belə günəş yandırmışdı. Altı saat çəkiliş gedir acqarına...

- Siz "Survivor-2020" və "Survivor All Star" yarışmasında iştirak etdiniz. "Survivor All Star" sizin üçün nə ilə yadda qaldı?

- "Survivor All Star" yarışı mənim üçün maraqlı keçdi, aclığıyla, psixoloji sıxıntılarıyla . Evin, ailən, uşaqların üçün darıxırsan. İdarə etdiyin avtomobilin üçün darıxırsan... Orada hər şeyin dəyərini anlayırsan.

- "Survivor All Star" yarışmasında yaşam tərzi necə idi? Həqiqətən ac qalırdınız?

- Həqiqətən yemək yemirdik. Yəni verilişdə olduğu kimi oyunu qazananda yemək yeyirsən, uduzanda ac qalırsan. İki ay ərzində 10 kq arıqlamışam. Orada böyük bir aclıq yaşadım. Yarışmada ilk 2 ay ərzində elə bir vəziyyətə gəlmişdik ki, həyatla ölüm arasında get-gəl idi. Sonra ərzağın çoxalması və oyunlarda qalibiyyət vəziyyəti yaxşılaşdırdı.



- Dominikan Respublikasında baş tutan yarışmadan real həyata adaptasiya çətin oldu?

- Real həyata adaptasiya indi də davam edir. Kim mənə zəng edir, deyirəm, real həyata adaptasiya olmağa çalışıram. Hələ ki "Survivor All Star" yarışmasının təsirindəyəm. Orada yaşadığım əhvaldayam, həmin halı yaşayıram. Elə bilirəm ki, yarışmadayam...

- Üçüncü dəfə "Survivor" yarışmasına qatılmağı planlaşdırırsınız?

- Düzünü deyim ki, yarış çətin olduğuna görə artıq qatılmaq istəmirəm. Bu dəfə çox ağır keçdi.

- Yarışdakı "qaqa", "başına dönüm" və sair Azərbaycan sözləriniz çox sevilirdi. Başqa hansı ifadəniz diqqət çəkdi?

- Bəli, adada çox sözlərdən istifadə edirdim. Elə sözlər var idi, kamera arxasında danışırdıq, çəkiliş zamanı onları işlətmirdik. Əslində, "Acun Medya"dan mənə deyirdilər ki, Azərbaycan dilində daha çox danış. Sənin danışıq tərzin türklərə də şirin gəlir.

Ona görə də Azərbaycan dilində çoxlu sözlər işlədirdim. Amma bəzən Azərbaycan dilində danışanda bəzən anlamırdılar. Ona görə türk dilində danışmağa məcbur idim.

- Yarışmada oğlunuzla danışarkən göz yaşlarınızı saxlaya bilmədiniz.

- Ailəm üçün çox darıxırdım. Acun Ilıcalı çox sağ olsun, övladı olanlara danışmaq üçün şərait yaratmışdı.

- Zabit Səmədov Türkiyədə "Kuruluş Osman" serialına çəkilir. Sizə film və seriallardan təklif varmı?

- Türkiyədə yeni sezonda serial və filmlərdə çəkilə bilərəm. Tarixi serial və komediya janrında film ola bilər. Təklifləri dəyərləndirəcəyik. Türkiyədə məni çox xoş qarşılayırlar. Çox sağ olsunlar, hər zaman Azərbaycan xalqına dəstək olurlar.



- "Survivor All Star" yarışmasında Atakan Arslan çıxdı. Finalda kimi qalib görürsünüz?

- Atakan Arslan yarışdan çıxanda pis oldum. Atakan Arslanı sevənlər də kədərləndi. Amma onu gözəl həyat gözləyir. O mənim qardaşımdır. Onu yarışmanın finalında görürdüm. İndi isə finalda Nagihan Karadereni görürəm.

- Niyə seçimlərdə ön plana çıxmırdınız?

- Yarışmada bəzi məsələlər var idi, bir dəfə mən, bir dəfə o seçirdi.

- Yarışda ən yaddaqalan oyununuz hansı idi?

- Ən yaddaqalan oyunum Ogeday Girişken ilə oldu. Onunla baş tutan yarış "Survivor" tarixinin üç ən yaxşı yarışından biridir.


Müəllif: Rəqsanə Həsənova, Foto: Rüfət Mikayılov