- Rüstəm müəllim, Prezident Trampın Yaxın Şərq səfərini necə qiymətləndirirsiz?
- Trampın Yaxın Şərq səfəri Səudiyyə Ərəbistanı və İsraildən başladı. İsrail və Səudiyyə Ərəbistanı Amerikanın Yaxın Şərq siyasətində məhək daşdır. Vaxtilə Türkiyə və Misir də bu siyahıya daxil idi. Lakin məlum səbəblərdən Türkiyə və Misir bu siyahıdan çıxıb. Bu gün İsrail və Səudiyyə Ərəbistanı Amerikanın Yaxın Şərq siyasətində mühüm rol oynayır. Üstəlik Tramp bu səfəri zamanı mühüm mesajlar verdi. Əlbəttə, səfərin maliyyə tutumu da oldu. Ancaq əsas məsələ maliyyə müqavilələri deyil. Bu gün Yaxın Şərqin taleyi həll edilir. Yaxın Şərq kiminlə olacaq, kimin nəzarətinə keçəcək, kim orada hegemonluq edəcək məsələsi var. Bu gün Yaxın Şərq probleminin əsas səbəbi hegemonluq davasıdır.
- Ancaq dünyada hegemonluq məsələsi yeni anlayış deyil...
- Tamamilə haqlısınız. Əslində hegemonluq davası XX əsrin əvvəlindən başlayıb. Bunun nəticəsi olaraq Osmanlı imperiyası dağıdılıb, Rus imperiyası çöküb. Yaxın Şərqin taleyi bu gün yeni formatda həll edilir. Amerika istəyir ki, ərəb dünyasına real hakim kimi Səudiyyə Ərəbistanı çıxış etsin.
- Səfər zamanı Səudiyyə Ərəbistanı ilə ABŞ arasında misli görünməmiş müqavilələr imzalandı. Vaşinqton Səudiyyə Ərəbistanına dəyəri 100 milyardlarla ölçülən müasir silahlar verəcək. Bunun izahı nədir?
- Nəzərə almaq lazımdır ki, artıq neçə illərdir Yaxın Şərqdə müharibələr gedir. Üstəlik böyük müharibələr də başlaya bilər. Odur ki, Səudiyyə Ərəbistanına hər cür müasir silahlar verilir ki, Əl-Riyad sona qədər dözümlü olsun. Təbii ki, bunun müqabilində ABŞ həm də pul qazanır.
- Siz Yaxın Şərq coğrafiyasında böyük müharibələr gözləyirsinizmi?
- Bəli, mən böyük müharibələr gözləyirəm. Onsuz da müharibələr gedir.
- Əl-Riyadda ABŞ və Səudiyyə Ərəbistanının İranla bağlı mövqelərində ciddi yaxınlıq müşahidə edildi. Bu baxımdan İran faktorunu necə qiymətləndirirsiniz?
- Əgər xatırlayırsınızsa, Tramp prezidentliyə namizəd olduqdan sonra İranla bağlı qəti mesajlar göndərirdi. Bu mesajlar indi də qüvvədədir. Başqa sözlə, ABŞ İrandan əl çəkməyib və çəkmək fikrində də deyil. Əslində müharibələrin qızışması baş verə bilər. Başqa sözlə, İran-Ərəb, ABŞ müharibəsi olacaq.
- Trampın İsrail səfərini necə qiymətləndirmək olar?
- Prezident Tramp İsrailə getdi, eləcə də Fələstin məsələsi haqqında danışdı. Məncə, Tramp mesaj verir ki, İsrail-Fələstin münaqişəsi yaxın mərhələdə qızışmamalıdır. Əksinə, sakit dayanmalıdırlar. Üstəlik Fələstin bu prosesdə kiçik oyunçudur. Nəzərə alın ki, Fələstin bu mübarizədə uzun illərdir ki, digər dövlətlərin əlinə baxıb, onların arzusu ilə hərəkət edib. Məncə, bu səfərdə həm də Fələstinə mesaj verildi ki, çox da hoppanıb düşməsin. Əks halda aləm qarışar və bundan da Fələstin xeyir qazanmaz. Səfər həm də ABŞ-ın İsrailə dəstək mesajı kimi qiymətləndirilə bilər. Həm də bu səfər İsraili oyundan çıxarmaq məqsədi daşıyır. Çünki böyük müharibə olarsa, İsrail bata bilər. Odur ki, məqsəd həm də İsraili bu oyundan çıxarmaqdır.
- Əvəzində ərəb ölkələrini müharibə prosesinə qoşmaqdır?
- Onsuzda ərəblər müharibə içindədir. Qurbanlıq quzu kimi ərəblər irəli verilir.
- Trampın Vatikanda Roma Papası ilə müzakirələr aparması etiket naminə baş tutan görüşdür?
- Yox! Bu, dünya müsəlmanları ilə xristian aləminin qarşıdurmasına Roma Papasının dəstək verməsidir. Tramp bu dəstəyi almaq istəyirdi. Hesab edirəm ki, Trampın çox irəli gedən niyyətləri var.
- Sizcə, Papa Prezident Trampa dəstək verdimi?
-Əlbəttə, verəcək.
- Prezident Tramp Vatikandan dərhal sonra Brüsselə-NATO ölkələri liderlərinin zirvə görüşünə getdi. Sizcə, bu görüş faktı dünyaya mesajdır, yoxsa müttəfiq ölkələrlə cari məsələlərin müzakirəsidir?
- Məncə, Prezident Tramp NATO-nu müəyyən dərəcədə hərəkətə gətirir, start vəziyyətə hazır edir. Çünki müharibə imkanları genişdir.