Dövlətin iqtisadiyyata dəyən zərəri müəyyən qədər kompensasiya etmək üçün ayırdığı maliyyə müsbət addımdır. Çünki həm sahibkarlar, həm iş adamları, həm də insanlar koronavirus səbəbindən ziyana düşürlər. Belə bir durumda dövlətin özəl sektoru vəziyyətdən çıxarmaq üçün atdığı addımlar dəstəklənməlidir.
Bu fikirləri Teleqraf.com-a iqtisadçı professor Əli Əlirzayev dövlət başçısının iqtisadiyyata dəyən zərəri qarşılamaq, orta və kiçik sahibkarlığa dəstək vermək, aztəminatlı ailələrə yardım etmək məqsədilə 19 martda imzaladığı sərəncam haqqında danışarkən deyib.
Əli Əlirzayev bildirib ki, dünya iqtisadiyyatında, ayrı-ayrı ölkələrin iqtisadiyyatında müşahidə edilənlər bizdə də müşahidə olunur. Onun sözlərinə görə, pandemiya bütün ölkələrə ciddi zərər verib:
“Virsua görə, istehsal dayanır, iş yerləri bağlanır. İstehsal, bazar, əmtəə olmayanda özəl qurumlar da məcburdur ki, işçiləri işdən çıxarsınlar və ya fəaliyyətlərini dayandırsınlar. Bu, qlobal problem xarakteri alıb. Belə bir məqamda insanların iş yerini itirməməsi, sahibkarlara dəyən ziyanı qarşılamaq, müəssisələrin fəaliyyətini davam etdirmək üçün dövlət tərəfindən dəstəyin göstərilməsi böyük addımdır.
Elə müəssisələr var ki, onlar sırf sosial müdafiə səbəbindən işləyir. Mən internat məktəblərini, qocalar evlərini və digər bu səpkili yerləri nəzərdə tuturam. Belə məqamlarda həmin strukturlara yardım lazımdır”.
Əli Əlirzayev əlavə edib ki, hazırda dövlətin ayırdığı maliyyə dəstəyinin həyata keçirilməsi mexanizmləri hazırlanır:
“Bunun necə həyata keçiriləcəyi qurulacaq mexanizmlərdən asılıdır. Elə mexanizmlər tapılmalıdır ki, bu effekt versin. Həm də bu prosesə nəzarət olmalıdır. Sözsüz ki, bu vəsaitlər uzunmüddətli kapital qoyuluşu formasında olmayacaq. Daha çox bazara məhsul çıxaran kiçik və orta sahibkarlara üstünlük verilməlidir. Hər halda mən belə düşünürəm. Çünki mal istehsal edib bazara çıxaran sahibkarlar həm də ölkəni asılılıqdan qurtarır. Bunlar vacib məsələlərdir. Söhbət ondan gedir ki, bugünkü təlabatı ödəyək. Firimcə, kənd təsərrüfatı sahəsinə də diqqət olmalıdır”.
Əli Əlirzayev sosial baxımından aztəminatlı ailələrə dövlət dəstəyinin də mühüm hadisə olduğunu qeyd edərək bu addımın insanların rifahının aşağı düşməməsində vacib rol oynayacağını düşünür:
“Müsbət hal odur ki, bu addımlar avtomatik sürətdə həyata keçiriləcək. Yəni burada kimsə maraq güdə bilməyəcək. Bu da insanların razı qalmasına səbəb olacaq”.