2023 - cü il ölkəmiz üçün mühüm nailiyyətlərlə yadda qaldı. Azərbaycan başa vurduğumuz ildə bir çox uğurlar qazandı. Ən əsası Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Azərbaycan Prezidenti İlham Əliyev 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində bu məqamları xüsusi vurğuladı.
Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
O qeyd edib ki, xüsusilə dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaq: “2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa edib, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilib, düşmən ordusu məhv edilib, düşmənin hərbi texnikası məhv edilib və ya qənimət kimi götürülüb. Dövlət başçısının dediyi kimi, “üç il ərzində Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirmədi, hətta əksinə, bizə qarşı yeni hərbi təxribatlar hazırladı və onları həyata keçirdi”. Qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu Qarabağdan çıxarılmadı. Əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi və bizə qarşı mina terroru davam etdirildi. Bu nailiyyətlər ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə təsadüf edir. Həm Heydər Əliyevin, həm də şəhidlərimizin ruhu şaddır.
Millət vəkilinə görə, Ermənistan Azərbaycanın xəbərdarlığından nəticə çıxarmadı: “Bu ölkə xarici havadarlarına güvənərək ölkəmizə qarşı təxribatlarını davam etdirdi. Nəticə isə göz qabağındadır. Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq qanuni tədbirlər həyata keçirdi. Bunun nəticəsində də tarixi ədalət bərpa olundu. Hazırda isə işğaldan azad edilmiş ərazilərdə möhtəşəm bərpa və yenidənqurma işləri həyata keçirilir. Cənab Prezident xalqa müraciətində daha bir müjdə verdi ki, 2024-cü ildə Xankəndi, Xocalı, Kərkicahan, Malıbəyli və Turşsuya böyük qayıdış baş verəcək”.
Sevinc Fətəliyeva hesab edir ki, bütövlükdə ötən il ərzində ölkəmizin xarici siyasəti kifayət qədər uğurlu oldu: “Cari ildə də Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə uğurlu siyasət həyata keçirəcək və böyük nailiyyətlər əldə edəcək”.