14 Noyabr 09:36
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında mühüm mesajlar səsləndirdi. Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin fəal rolunun beynəlxalq arenada yüksək qiymətləndirilməsi ilə izah edildi. 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək imkanı verilib. Beləliklə, Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimində Prezident İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreş Sammitdə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıb. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev Liderlər Sammitinin açılış mərasimində çıxış edərək ölkəmizin mötəbər tədbirə ev sahiliyinin yaratmış olduğu imkanlardan bəhs edib. Cənab Prezident Azərbaycana gəlmiş qonaqları salamlayaraq ölkəmizin enerji siyasətindən, eyni zamanda yaşıl enerji strategiyasından, hədəflərindən danışıb. Azərbaycanın zəngin karbohidrogen ehtiyyatlarına sahib ölkə kimi bu gün qlobal miqyasda alternativ enerji mənbələrinin yaradılması, təşviq edilməsi istiqamətində qarşıya qoymuş olduğu vəzifələr açıqlanıb. Ekoloji mühitin yaxşılaşdırılması, qlobal təhdidlərə qarşı Azərbaycanın ortaya qoymuş olduğu mövqenin bu gün bütün dünya dövlətləri tərəfindən təqdir edildiyi vurğulanıb.

Bunu Teleqraf.com-a YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, COP29-a aparan yolda Azərbaycana verdiyi dəstəyə görə BMT-nin Baş katibi Antonio Quterreşə və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə təşəkkürlərini çatdıran Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti, Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı və onun bütün komandasını Dubayda COP28-də əldə olunmuş tarixi konsensus münasibətilə təbrik edib. Ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verilib. Sözsüz ki, bu qərar ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada dövlətimizin fəal rolun dəyərləndirilməsidir. Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir. Bu, təkcə coğrafiya ilə bağlı deyil. Burada müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpüləri mövcuddur. Azərbaycanın həyata keçirdiyi meqalayihələr artıq Avrasiyanın enerji siyasətində mühüm rol oynayır. Eyni zamanda bu amil çoxtərəfli əməkdaşlıq formatının qurulması baxımından da əhəmiyyətlidir. Ölkəmizin başçısı həmçinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulması məsələsini də COP29 Konfransının iştirakçılarının diqqətinə çatdırdı. 4 il öncə Azərbaycan II Qarabağ müharibəsində tarixi Qələbə əldə edərək özünün beynəlxalq birlik tərəfindən tanınan və qəbul edilən ərazi bütövlüyünü təmin etməklə yanaşı BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsini də özü təkbaşına icra etməklə beynəlxalq hüquqa, BMT-nin çıxarmış olduğu qərarlara olan yüksək hörmət və ehtiramını nümayiş etdirdi. Sözsüz ki, hazırda COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni etmək iqtidarındadır. Azərbaycan 120 ölkənin yekdil qərarı ilə dörd il ərzində, BMT-dən sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına uğurla sədrlik edib. Həmçinin ölkəmiz təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Avropa İttifaqının 10 üzvü ilə Azərbaycan sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib. Bütün bunlar imkan verir ki, Azərbaycan iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola bilsin”.

Millət vəkili bildirib ki, eyni zamanda ölkə başçısı tərəfindən Azərbaycanın çoxtərəfliliyin tərəfdarı olduğu da diqqətə çatdırılıb: “Ölkəmiz mədəniyyətlərarası dialoqda fəal rol oynayır. BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə Azərbaycan iki ildən bir Bakıda Mədəniyyətlərarası Forum təşkil olunur. Multikulturalizm Azərbaycanda dövlət siyasəti və həyat tərzidir. Azərbaycan xalqı etnik və dini mənsubiyyətindən asılı olmayaraq sülh və razılıq şəraitində bir ailə kimi yaşayır. Ölkəmizin başçısı həmçinin Azərbaycanın Yaşıl gündəliyi ilə bağlı da hədəflərindən bəhs edib. Azərbaycanın bərpaolunan enerjidə texniki potensialı qonaqların diqqətinə çatdırıldı. Ölkəmizin quruda 135 giqavat və dənizdə isə 157 giqavat bərpaolunan enerji ehtiyyatlarının olduğu bildirilib. Bu istiqamətdə ötən il BƏƏ-nin Masdar Azərbaycanda 230 meqavatlıq Günəş enerji stansiyası fəaliyyətə başlayıb. Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir. Həmçinin COP29 çərçivəsində Birləşmiş Krallığın BP şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı saziş imzalanacaq. Bu layihə sayəsində dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında dekarbonlaşma təmin ediləcək. Həmçinin yaşıl enerjinin ixrac bazarlarına da diqqət yetirilir. Bu məqsədlə Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün ölkəmizin tərəfdaşları ilə fəal iş aparılır. Beləliklə Azərbaycan Avropaya yaşıl enerjini ixrac etmək imkanı əldə edəcək. Bununla bağlı Azərbaycanın hədəfləri böyükdür. Azərbaycanın Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları yaşıl enerji zonaları elan edilib”.

Sevinc Hüseynova Azərbaycan Prezidenti çıxışında son zamanlar ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasına münasibət bildirərkən həmin şər-böhtan yuvalarının bütün əsassız arqumentlərini ifşa etdiyini söyləyib: “Azərbaycanın neft və qazla bağlı siyasətini fonunda onun ekoloji siyasətinə qarşı aparılan çirkin kampaniyanın heç bir əhəmiyyət kəsb etmədiyi vurğulanıb. Dövlətimizin başçısı bildirib ki, “Azərbaycan COP29-a ev sahibi seçildikdən dərhal sonra biz əlaqələndirilmiş və yaxşıca təşkil olunmuş qarayaxma və böhtan kampaniyasının hədəfinə çevrildik. Qərbin yalan xəbər mediası, dırnaqarası müstəqil QHT-ləri və bəzi siyasətçiləri sanki ölkəmiz haqqında dezinformasiya və səhv məlumatın yayılmasında yarışa çıxıblar. Neftimizin olmasında bizi ittiham etmək bir növ Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlamağa bənzəyir”. Bütün bu təhdidlərə baxmayaraq Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün bütün hədəflərinə çatıb. Cənab Prezident bildirib ki, “ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib”.

Təftiş Komissiyasının sədri hesab edir ki, Azərbaycana qarşı bir ildir boykot kampaniyası aparanlar növbəti dəfə məyus oldu: “Çünki əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Dövlətimizin başçısı da çıxışında qeyd etdi ki, “onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz”. Bütün bunlar onu deməyə əsas verir ki, bəzi qüvvələr Azərbaycanın yaratmış olduğu reallığa qarşı çıxsalar da onu gözdən salmağa çalışsalar da sonda niyyətlərinə çata bilmirlər. Çünki Azərbaycan dövləti bu gün öz tarixinin ən güclü və qüdrətli dövrünü yaşayır. Ərazi bütövlüyü və suverenliyini tam təmin etmiş Azərbaycan bu gün regional və qlobal miqyasda söz, nüfuz sahibi olmaqla yanaşı dünya dövlətləri və xalqlarının gələcəyi ilə bağlı vacib təşəbbüslər irəli sürür, onu reallığa çevirir. Məhz cənab Prezident İlham Əliyevin yaratmış olduğu yeni reallıq bundan ibarətdir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər