5 İyun 2022 22:26
1 940
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əfsuslar olsun ki, mən aktrisa kimi ilk addımlarımı kinoda atmışam. Fikrimcə, aktyor və aktrisanın ən böyük xoşbəxtliyi teatr səhnəsində oynamaq, səhnə mədəniyyətini bilməyidir. Arzum gerçəkləşir”.

Bunu Teleqraf.com-a açıqlamasında aktrisa, rəqqasə, prodüser Oksana Rəsulova deyib.

O teatrda tamaşa oynamağın çoxdankı arzusu olduğunu gizlətməyib:

“Teatr səhnəsində çıxış etmək çoxdankı arzumdur. Mənim istəyimlə “M-Teatr”ın rəhbəri, xalq artisti Vidadi Həsənovun təklifi üst-üstə düşdü. Çox sevinirəm ki, Vidadi müəllim mənə inanıb teatra dəvət edib.

Ümid edirəm ki, iyul ayında tamaşaçılar məni “M-Teatr”ın səhnəsində “Maraqlı fiqur və ya siçan qadın” tamaşasında görə biləcəklər. Tamaşada tərəf müqabilim istedadlı aktyor Ziya Ağadır”.

Teatrın incəsənətin çətin və maraqlı növü olduğunu deyən aktrisa səhnə həyəcanını bizimlə bölüşüb:

“Teatr və kino tamamilə fərqli dünyadır. Teatr incəsənətin çətin, amma eyni zamanda maraqlı növüdür. Məhz teatr səhnəsində aktyor və aktrisa bacarığını, nəyə qadir olduğunu başa düşür.

Vidadi müəllimin dərslərində olanda, onunla müzakirələr edəndə, səhnəni araşdıranda mənim üçün maraqlı bir dünya açılır. Düşünürəm ki, hər bir aktyor teatr səhnəsində çıxış etməli, səhnə mədəniyyətini bilməlidir”.

Aktrisa bildirib ki, 11-12 iyun tarixlərində “M-Teatr”da Oktay Mehdiyevin mono –tamaşasının premyerası keçiriləcək.

“M-Teatrının üzvü olaraq mən hər kəsi Oktay Mehdiyevin tamaşasına dəvət edirəm”, -deyə aktrisa bildirib.


Müəllif: Nərmin Muradova