11 Fevral 2023 09:47
1 911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Siyavuş Kərimi Türkiyədə baş verən zəlzələyə “Can Türkiyəm” adlı musiqi bəstələyib.

Bununla bağlı Siyavuş Kərimi Teleqraf.com-un suallarını cavablandırıb.

- Siyavuş bəy, bir neçə gündür sosial şəbəkədə “Can Türkiyəm” əsəriniz böyük marağa səbəb olub. Bu əsər necə və hansı şəraitdə yarandı?

- Fevralın 6-sı axşamdan biz Rafael müəllimlə (Rafael Hüseynov – red.) bir yerdə idik. Bir əsərlə bağlı müzakirə aparırdıq. Türkiyədə baş vermiş zəlzələ ilə bağlı ilkin məlumat elə orada aldıq. Amma televiziyaya baxmamışdıq və hadisə barədə dəqiq informasiyamız yox idi deyə zəlzələnin miqyasını bilmirdik.

Evə gəlib televiziyada, sosial şəbəkələrdə yayılan məlumatları, videoları görəndə bu, mənə çox pis təsir etdi. İçimdə o qədər dərin kədər vardı ki, gecəylə Rafaelə zəng etdim, dedim, mənə bir şeir, mətn göndər. Məndə çoxdan bir musiqi var idi, bunu Rafaelə göndərdim. O da musiqiyə qulaq asıb, şeir yazıb mənə göndərdi, amma nə qədər çalışdım, musiqi alınmadı. İnanın ki, gecəni səhərə qədər yata bilmədim.

Səhər göndərilmiş mətnə bir də baxdım, təxminən 10-un yarısı olardı, 15 dəqiqənin içində bir musiqi yazdım. Daha sonra mahnını da, mətni də müğənni Zabitə Alıyevaya göndərdim. O gəldi, görüşdük və bir video çəkildi. Onu Rafael müəllimə göndərdik, diqqətlə baxıb bizə səhvlərimizi dedi, yenidən məşq edib telefonla videoya çəkdik. Saat 12-yə kimi hər şey hazır idi və videonu feysbuk və digər sosial şəbəkələrdə yerləşdirdik.

Bilirsiniz, hiss edirdim ki, çox ağrıyıram. Zabitə də bunu duyaraq ifa etdi. O gün hər şey sanki üst-üstə düşdü və bu mahnı yarandı. Bu, hər birimizin içində olan ağrı, sızıltı idi.

Hadisə baş verəndən sonra Azərbaycan və digər ölkələr Türkiyəyə öz köməyini göstərdi. Amma Azərbaycanın dəstəyi o qədər səmimi, o qədər safdır ki... Burda hər kəs o ağrını öz doğmasının, qohumunun, əzizinin faciəsi kimi hiss edir. Söhbət tək bu musiqidən getmir.

Küçədə gedəndə insanların üzündə bunu hiss edə bilirsiniz. Türkiyədə baş vermiş faciəyə görə burda hamının qanı qaradır. Sanki hər kəsin evində matəm var. Bu matəmi biz musiqi dilinə çevirdik.

- “Can Türkiyəm”in həssas musiqisi və sözləri sosial şəbəkə seqmentində geniş yayıldı...

- Doğru deyirsiniz, çox yayıldı, əksəriyyət onu dəstəklədi. Hətta xəbərim var ki, Türkiyədə iş adamları, parlament üzvləri də bu musiqi ilə tanışdılar. Mənə verilən məlumata görə, baxış sayı həddindən artıq çoxdur.

Amma bu mahnı ajiotajı yaratmaq üçün yazılmayıb, sadəcə ağrımızı ifadə etmişik.

- Və sanki bir ağıdır...

- Əslində bəli. Bu, mahnı deyil. Bu gün də çıxışlarımda dedim ki, bunu mahnı kimi dəyərləndirmək düzgün sayılmır. Bu, ağıdır.

- Zabitə xanımın ifası da maraqla qarşılandı. Seçiminizi dəstəkləyənlər həddən artıq çoxdur. Başqa namizədiniz varıydımı?

- Mahnı ərsəyə gələndən sonra fikirləşirdim ki, konservatoriyada kifayət qədər güclü ifaçılar var: muğam ifaçıları, vokalçılar... Hamısını nəzərdən keçirdim, nədənsə Zabitə daha çox ağlıma batdı və onu seçdim.

Türkiyədə baş verən bu hadisə çox qəmlidir, çox acıdır. Bu bir daha onu göstərir ki, insan təbiət qarşısında çox acizdir. Dünyada nə qədər zəlzələlər, daşqınlar, tufanlar, fırtınalar olur. İnsan onun qarşısında duruş gətirə bilmir.

Allah bu zəlzədələ həyatını itirənlərə rəhmət eləsin. Ən çox ürəyimi ağrıdan südəmər uşaqlar oldu... Axı, niyə onların həyatında belə bir faciə olmalıydı? Söz demək çox çətindir.


Müəllif: Nərmin Muradova