12 Oktyabr 2023 09:54
2 924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc rejissor Səməd Ağayev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Səməd bəy, “Salam, İsa” qısametrajlı filminiz Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu tərəfindən keçirilən MDB ölkələrinin beynəlxalq tələbə film festivalında “Ən yaxşı bədii film” nominasiyasında qalib olub. Təbrik edirik. Film nədən bəhs edir?

- Film belə başlayır: İsa valideynlərinin qəbrini ziyarət edir. Qərara gəlir ki, gecə ata evində qalıb səhəri gün Bakıya qayıtsın. Səhər oyananda görür ki, ata-anası, hətta bir neçə il əvvəl dünyasını dəyişən dostu da sağdır. Bu durumda necə hərəkət edəcəyini, nəyin həqiqət, nəyin xəyal olduğunu müəyyənləşdirə bilmir. Film haqda bu qədər danışa bilərəm, qalanını tamaşaçı özü görəcək...

- Daha öncə neçə film çəkmisiniz?

- "Köz təndir" adlı sənədli filmimi 2019-cu ildə çəkmişəm. Daha bir sənədli filmim də var, amma heç yerdə nümayiş etdirməmişəm. Montajı bitməyən bədii filmim var. Ola bilsin, yenə filmim var, açığı yadımda deyil.

- Çəkdiyin filmi necə unutmaq olar?..

- İnanın, insanın həyatında bəzən elə hadisələr baş verir ki, çox şeyi unudur. Yəni mümkündür...

- Rejissor təhsili alırsınız?

- Birinci ali təhsilim iqtisadiyyat üzrədir, ikinci ali təhsilim isə rejissorluqdur. 2019-cu ildən 2023-cü ilə qədər Mədəniyyət və İncəsənət Universitetində təhsil aldım, bu il məzum oldum. Filmlərimi də 2019-cu ildən çəkirəm, "Salam, İsa" diplom işimdir.

Bu yaxınlarda yeni sənədli filmin çəkilişlərinə başlayacam. Janr olaraq sənədli film mənə daha yaxındır.

- Niyə?

- Çünki sənədli film daha çox həqiqəti, həqiqəti də çılpaqlığı ilə göstərmək gücünə malikdir.

- Bu, “Salam, İsa”nın qatıldığı ilk festival idi?

- Bəli. Kafedra müdirimiz Elnur Mehdiyev mənimlə bir neçə yoldaşımı çağırdı və bu festival barədə məlumat verdi.

Festivala 8 film göndərilmişdi. Festivalda Azərbaycandan iki sənədli, bir bədii film seçilmişdi.

Biri Nicat Qulamın "Ata haqqı", digəri isə Roman Maçalovun "Qolbol" filmi idi. “Ata haqqı” çox gözəl filmdir, amma təəssüf ki, həmin kateqoriyada da onu yox, erməni filmini qalib elan etdilər. "Qolbol" isə jürinin diplomuna layiq görüldü.

Festivalın proqramında 8 ölkədən 43 film yarışırdı. Əlaqələr qurmaq baxımından festivallar çox əhəmiyyətli platformadır. Xairic ölkələrdən gələn, müxtəlif mədəniyyəti, dünyagörüşü təmsil edən insanlarla tanış olmaq, çəkdiklərini izləmək, onlarla fikir mübadiləsi aparmaq fürsəti yaranır.

Festivalda filmlərin 80 faizinə baxdım. Düşünürdüm ki, filmim finala çıxa bilər, amma qalib olacağı barədə düşünmürdüm.

- Mükafatınızı dünyanın məşhur rejissoru Emir Kusturitsadan almısınız. O an nələr yaşadınız?

- Festival çərçivəsində Kusturitsanın ustad dərsi təşkil olundu, Rusiyanın müxtəlif universitetlərindən gənclər gəlib onu izləyirdilər. Zal dolu idi.

Qalib gəldiyimi deyəndə həyəcanlandım, səhnəyə çıxıb Kusturitsanın əlindən mükafatı alanda sevincimin həddi-hüdudu yox idi. Mükafatı alıb təşəkkür etdim. Çıxış edəndə o qədər həyəcanlıydım ki, Kusturitsanın hələ də səhnədə olduğunu hiss etməmişdim. Qayıdıb yerimdə oturanda dostum dedi ki, Kusturitsa səhnədə olanda sən ona əhəmiyyət vermədin. Yəni çıxışımın sonuna qədər Kusturitsanın orada olduğunun, səhnədən mənimlə bərabər düşdüyünün fərqinə varmamışam.

Bu film çox böyük əziyyət hesabına ərsyə gəldi. 3000 manat kreditə pul götürməli oldum. Texniki olaraq istədiyim nəticəni əldə etmək üçün komanda, demək olar ki, qəpik-quruşa işləyirdi. İki günə çəkilməli film 19 saata çəkildi. Bunun üçün ön məşqlər etmişdik. Çox əziyyətlərlə üzləşdik.

Əsas odur, filmi başa çatdırdıq. Çəkdiyin əziyyətin qarşılığını sonradan bu formada görəndə istər-istəməz qürur hissi keçirirsən.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər