7 İyul 2022 11:05
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyanın paytaxtı Abucanın bir qədər kənarında yerləşən Kuje həbsxanasına ötən gecə naməlum silahlı şəxslər tərəfindən basqın edilib və 900-ə yaxın məhbus qaçıb.

Teleqraf.com xəbər verir ki, İŞİD terror təşkilatı Kuje həbsxanasına basqının məsuliyyətini üzərinə götürüb.

Sözügedən basqını ilk növbədə terror təşkilatı Boko Haramın həyata keçirdiyi vurğulansa da, həbsxana basqınına görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.

Bildirilib ki, basqın zamanı təhlükəsizlik qüvvələri ilə hücum edənlər arasında qarşıdurma baş verib, 4 məhbus, 1 mühafizəçi və çoxlu hücumçu öldürülüb, 16 nəfər yaralanıb.

Nigeriya Penitensiar Xidməti bildirib ki, basqın zamanı həbsxanada 879 məhbus olub. Qaçan məhbuslardan 443-ü ələ keçirilib, 436 məhbus axtarılır.

Nigeriya prezidenti Muhammadu Buhari Qurban bayramı üçün məmləkəti Daurada olarkən basqının keçirildiyi həbsxanaya baş çəkib və araşdırmalar aparıb.

Nigeriyanın müdafiə naziri Bəşir Maqaşi jurnalistlərə açıqlamasında terror təşkilatı Boko Haram üzvü olan 64 məhbusun da qaçdığını bildirib.

Qeyd edək ki, 2020-ci ildən bəri Nigeriya həbsxanalarından 5000-dən çox məhbus qaçıb.


Müəllif: Nemət