Müsahibimiz bu yaxınlarda “Hind fəlsəfəsinə giriş” kitabını dilimizə tərcümə eləmiş Bakı Dövlət Universitetinin doktorantı Çinarə Məhəmməddir.
Dilimizə silsilə fəlsəfi kitablar çevirməyi planlaşdıran Çinarə xanımla söhbəti təqdim edirik.
- Çinarə xanım, bioqrafiyanıza nəzər yetirdikdə aydın olur ki, ilkin dövrdən fəlsəfəyə, özü də hind fəlsəfəsinə maraq göstərmisiniz. Bakalavr kimi “Platon və Hind fəlsəfəsi” mövzusunu, magistr kimi isə “Upanişadlar və Platon” temasını müdafiə eləmisiniz. Bu marağı istiqamətləndirən özəl bir səbəb olubmu?
- Əslində maraqlı təsadüf nəticəsində bu sahə ilə işləməyə başlamışam. Mən bakalavr işini götürmək üçün Bakı Dövlət Universitetinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasına müraciət etdikdə onlar mənə mövzulardan ibarət siyahı təqdim etdilər. O siyahıda mən “Platon və Hind fəlsəfəsi” mövzusunun sıradan kənarda qaldığını gördüm.
Bunun səbəbini soruşanda bildirdilər ki, bu, uzun illərdi kafedranın təhvil verə bilmədiyi mövzudur. Heç bir tələbə bu mövzunu işləmək istəmir. Bu, bir növ mənim üçün çağırış oldu.
- Bir çox hallarda Qərb-Şərq əlaqələrində bir müqayisə aparır və xüsusən, fəlsəfi fikir sahəsində üstünlüyü Şərqə verirlər. Qərbin Şərqin fikir xəzinəsindən bəhrələndiyi də söhbət mövzusudu. Bu fikrə münasibətiniz necədi?
- Hədsiz maraqlı, həm də çətin sualdı. Çünki buna birmənalı cavab vermək asan deyil. Dünya mütəfəkkirləri də bu suala cavabda bir neçə qütbə ayrılır. Mənim mövqeyimi soruşmuş olsanız, mən Karl Yaspersin “zaman oxu” nəzəriyyəsini dəstəkləyirəm.
“Zaman oxu” alman filosofu Karl Yaspers tərəfindən bəşəriyyət tarixində mifoloji dünyagörüşünün rasional, fəlsəfi baxışla əvəzləndiyi və bu gün mövcud olan insan tipini formalaşdıran bir dövrü təyin etmək üçün təqdim etdiyi termindir. Bu dövrə eramızdan əvvəl 800-200-cü illər aiddir.
Bu zaman kəsiyində Konfutsiçilik, Daosizm, Buddizm, Zərdüştlük, İudaizm, Yunan fəlsəfəsi formalaşmışdır. Siz təsəvvür edə bilirsinizmi bu inkişafın miqyasını və burda yaranan ideya çoxluğunu? Bu inkişafın yansımalarını biz hələ də müasir dövrümüzdə hiss edirik.
Məsələnin digər tərəfinə gəlincə, bəli, bəhrələnmə məqamları əlbəttə olub. Fəlsəfə tarixi bunu açıq-aşkar özü də qeyd edir.
Misal üçün, Miletli Falesin Misirə səyahəti, Platonun 12 il ərzində o dövrün şərq mədəniyyət mərkəzlərinə getməsi, Bizans imperiyasının xristianlığı rəsmi din elan etməsindən sonra yunan və latın dilli kitabların İsgəndəriyyə kitabxanasına köçürülməsi, daha sonra müsəlman şərqində başlayan genişmiqyaslı tərcümə prosesi... Bu proses 17-18-ci əsrlərdə Avropanın Çini, Hindistan və Yaponiyanı özlərinə kəşf etməsi ilə də davam etdi. Bu proses birtərəfli keçməyib, Şərqin də Qərbdən bəhrələnməsi halları olub və mən bunu çox təbii hal kimi qəbul edirəm.
Sualın digər bir məqamı da Şərqə verilən üstünlüyə dairdi. Şərq bütün inkişaf tarixi boyu ideya xəzinəsi olub. O səbəbdən də bu, mütəfəkkirlərdə maraq doğurub. Artur Şopenhauer Vedaların fəlsəfi hissəsi olan Upanişadları oxuyandan sonra öz əsas əsəri “Aləm iradə və təsəvvür kimi”də onların yüksək əhəmiyyətini qeyd edir. Hazırda inkişaf etmiş ölkələrdə buddizmə, dzen buddizmə maraq durmadan artır.
- Özünüz fəlsəfədə hansı sahələri araşdırır və bu yöndə işinizə davam etmək istərdiniz?
- Bundan əvvəlki sual məni ona görə elə maraqlandırdı ki, mənim də araşdırma apardığım istiqamət məhz müqayisəli fəlsəfədir. Doktorluq işim bu istiqamətdədir.
Hal-hazırda mən alman filosofu “Artur Şopenhauerin fəlsəfədə şərq qaynaqları” mövzusu üzərində işləyirəm. Müqayisəli fəlsəfə həm bir araşdırma sferası kimi maraqlı, həm də eyni zamanda iş yükü çox olan sahədir. Həmçinin bu istiqamət indi qlobal fəlsəfi arenda da çox populyardır.
- Bu yaxınlarda S.Çatterçi və D.Dattannın "Hind fəlsəfəsinə giriş" kitabı sizin tərcümənizdə nəşr olunub. Səhv eləmiriksə, özü də ikinci dəfə. Bu kitabın tərcüməsinə sizi təşviq edən səbəb barədə nə deyərdiz? Bu bir silsilənin başlanğıcı deyil ki?
- Bu suala cavaba sondan başlayım. Bəli, bu, bir silsilənin başlanğıcıdır. Mən hazırda həcmcə bu kitabdan on dəfə böyük “Hind fəlsəfəsi” kitabı üzərində işləyirəm. Bu əsər Hindistanın ikinci prezidenti S.Radhakrişnan tərəfindən yazılıb və özündə hind düşüncə tərzinin yarandığı ilk günlərdən müasir dövrə qədər olan zamanı əhatə edir.
Onu da qeyd edim ki, növbəti kitab daha çox akademik xarakter daşıyacaq. S.Çatterçi və D.Dattannın "Hind fəlsəfəsinə giriş" kitabını bu silsilədə ilk əsər kimi seçilməyimin əsas səbəbi bu kitabın ifadə dilinin sadə olması və geniş oxucu kütləsinə istiqamətlənə bilməsidir.
1939-cu ildə ilk dəfə Kalkuta Universitetində çap olunandan sonra bu kitab dünya miqyasında Hind fəlsəfəsini öyrənməyə yönəlik ən məşhur kitaba çevrilir və dəfələrlə yenidən çap olunur. Məni bu tərcüməyə təşfiq edən digər məqam Azərbaycan dilində fəlsəfi ədəbiyyatın olmamasıdır.
- Növbəti sualımız da elə bu istiqamətdədi. Dünya fəlsəfə irsinin Azərbaycan dilinə tərcüməsi, nəşri və tədrisi haqda nə deyərdiniz? Hansı əsərləri dilimizdə görmək istərdiniz?
- Çox ağrı hissi ilə deyirəm ki, bizim bu sahədə nəşr fəaliyyətimiz çox zəifdir. Uzağa yox, yaxın ölkələrə baxsaq görərik ki, bizim qət edəsi yolumuz uzundur. Mən bir çox xarici dildə ən çətin akademik yazıları rahatlıqla oxuya bilirəm. Amma bir azərbaycanlı gənc ədəbiyyat oxuya bilməsi üçün bu qədər dil bilmək məcburiyyətində deyil. Onun öz ana dilində oxuya bilmək hüququ var. Bu səbəbdən də bu sahədə ciddi addımlar atılmalıdır.
Öz prizmamdan baxıb fəlsəfi kitablar tərcümə edilməlidir deyə bilərəm. Ancaq bütün məsuliyyətimlə anlayıram ki, tərcüməyə ehtiyacı olan kitablar çoxdur. Biz bu istiqamətdə işi universitetlər üçün ədəbiyyatların tərcüməsi ilə başlaya bilərik.
Tədris prosesinə gəlincə, düşünürəm ki, vəziyyət standartlardan uzaqdır. Bu sahədə həm tələbə, həm də müəllim olmuş biri kimi deyə bilərəm ki, ayrı-ayrı savadlı mütəxəssislərimiz olsa da, ümumilikdə tədris sistemi, proqramlar, dərsliklər üzərində ciddi iş aparılmalıdır.
- Hind fəlsəfəsinə marağınız bir kitabla məhdudlaşacaqmı?
- Əlbəttə, yox, yuxarıda artıq qeyd etdiyim kimi, mən tərcümə və elmi fəaliyyətimlə bu sahənin tam işlənməsinin tərəfdarıyam. Hətta burada bir az da irəli gedib deyim ki, mən qədim sanskrit və pali dillərini də öyrənmək istiqamətində Dehli universiteti ilə danışıqlar aparıram. Çünki hər hansı əsəri, kitabı daha əsaslı iş təqdim etmək, bunu dünya arenasında sərgiləmək istəyiriksə, oriiinal mətnlərdən istifadə mütləqdir. Hind fəlsəfəsinin qədim irsi, əhatə etdiyi geniş mövzu spektri məni qane etdiyindən düşünürəm ki, bu istiqaməti davam etmək mənim üçün daha maraqlı olacaq.
- Dünyanın, o cümlədən Azərbaycan toplumunun marağında olan təlimlərdən biri də meditasiyadı. Bu barədə bilgilərinizi bölüşməyinizi istədik. Praktik meditasiya ilə məşğul olmusunuzmu və onun sınaqdan keçirdiyiniz faydaları, təsirləri haqda nələri bizə çatdırmaq istərdiniz?
- Müşahidəmə görə, son on illik dövrdə Azərbayacanda meditasiyaya maraq artıb. Dünyada bu tendensiya Alan Watts kimi avropalıların missioner fəaliyyətinin nəticəsində XX əsrin əvvəllərindən başlamışdı.
Mən Azərbaycanda uzun illər Hindistan səfirliyi ilə birlikdə beynəlxalq yoqa günlərinin keçirilməsinə dəstək durmuş, Azərbaycana dəvət olunmuş məşhur yoqistlərlə görüşlərdə istirak etmişəm.
Sizə maraqlı bir məsələni də danışım. Mən cənab Sanjay Rananın səfir olduğu dövrdə Hindistan səfirliyinə gedir və Hindistandan olan insanlara hind fəlsəfəsindən mühazirələr oxuyurdum. Sizi inandırım ki, onlar çox maraqla dinləyir və hətta təəccüblənirdilər bu fəlsəfəsin müxtəliflik və genişlik dərəcəsinə.
Mən özüm praktik yoqa ilə məşğul olmuşam. Bu ilk olaraq psixoloji cəhətdən insanın rahat olması, bədənini tanıması baxımından inanılmaz üstünlüklər verir. Meditasiyanı maraqlı edən bir məqam da ondan ibarətdir ki, bu çoxlarının bildiyi kimi bu, yalnız fiziki yox, həm də əqli iş tələb edir. Meditasiyada biz əvvəl əqli kontrol etməyi, daha sonra bu kontrolu söndürməyi və düşüncə dənizində özümüzü sərbəst buraxmağı öyrənirik. Əlbəttə, burda düzgün fiziki və tənəffüs hərəkətləri də olmalıdır.
- Din və fəlsəfə - bu iki istiqaməti vahid məcrada görmək, qəbul etmək mümkündürmü? Yeri gəlmişkən, bildiyimiz qədər İudaizm və Buddizmə aid də kitablarınız çıxacaq. Maraq dairəniz genişlənir, düz ifadə etdikmi? Bu kitablar orijinaldı, yoxsa tərcümə?
- Din və fəlsəfə bir birinə ziddir, yoxsa bir-birinə dəstək durur kimi sullar məncə cavabı çətin olan sahəyə aiddir. Çünki SSRİ dövründə fəlsəfə ateizmin təbliğində istifadə olunan bir alət idi. Amma mənim öz tərəfimdən etdiyim müşahidə və gəldiyim nəticə bundan ibarətdir ki, bu iki sahə bir-birini təkzib etmir. Din fəlsəfənin dünyanı və cəmiyyəti ifadə etmə tərzlərindən biridir.
Mənim İudaizm və Buddizmə aid kitabların tərcümə prosesində iştirakımın səbəbi dünya dinləri ilə yaxından maraqlanmağım və “Qanun” nəşriyyat evinin bu istiqamətdə kitab silsiləsi çap etmək lahiyəsinə dəvət aldığımdır.
- Azərbaycanda fəlsəfə elminin vəziyyəti haqda nə deyərdiz? Bizdə niyə filosof yetişmir, sizcə?
- Çox dərin kədərlə deyə bilərəm ki, Azərbaycanda fəlsəfə elminin vəziyyəti ürəkaçan deyil. Bizdə filosof yetişməməyinin səbəbi ilk öncə tədris prosesi, ikinci növbədə isə filosofların yetişməsi üçün universitet zəminin olmamasıdır.
Öz təcrübəmdən deyə bilərəm ki, biz bakalavr təhsili zamanı fəlsəfənin öyrənilməsini Hegellə yekunlaşdığımız halda dünya fəlsəfəni məhz Hegeldən sonrakı dövrü öyrənməklə başlayır. Beynəlxalq fəlsəfə konqreslərində iştirak zamanı bunun şahidi oluram. Bizim tədris prosesində istifadə etdiyimiz məlumatlar artıq uzun illər öncə dünya arenasından çıxıb. O səbəbdən də bizdə özünü bu sahəyə bağlayan gənc araşdırmaçı uzağa gedə bilmir.
- Qarşıda nə planlarınız var?
- İlk öncə fəlsəfəni daha sadə dildə insanlara çatdıra biləcək ədəbiyyat portfelini formalaşdırmağa və bu sahəni “çox qəlizdir” damğasından azad etməyə çalışacayıq. Çünki insanlarda bu sahəyə maraq yaransa, biz onların arasında fəlsəfə düşünürləri yetişdirə biləcəyik.
Elmi yaradıcılığıma gəlincə mən mütəmadi olaraq dünyada məşhur olan fəlsəfi tədbirlərə qoşulur, orada məqalələr ilə çıxış edirəm. Bununla da beynəlxalq arenada Azərbaycan adınının səslənməsinə öz tövhəmi vermis oluram.