Teleqraf.com hazırda İstanbul Azərbaycan Kültür Evinin tərkibində fəaliyyət göstərən, bu ay Mersin şəhərindəki teatr festivalına dəvət alan rejissor, aktyor Elçin İmanovla müsahibəni təqdim edir:
- Elçin bəy, Kəmalə Nəbibəyova bizə müsahibəsində dedi ki, Xocalı ilə bağlı tamaşanı hazırlamaq üçün Sizi Azərbaycandan Türkiyəyə dəvət ediblər. İstərdik, öncə bu tamaşadan danışaq. Hazırda iş nə yerdədir?
- Xocalı faciəsi bütün insanlıq tarixində qara bir ləkədir. Özünü insan sayan hər kəs bunu belə də qəbul etməlidir. Mən millətlərin bir-birilərinə qarşı durmasını insanlıq saymıram. Hansısa güclər bilərəkdən millətlər arasında savaş yaradır, bunun da acısını, uşaqlar, qocalar, qadınlar, hər birimiz çəkirik. Mənim üçün insan amili daha önəmlidir, millət amili yoxdur. Sözsüz ki, millətimi sevirəm, türkçülüyü qəbul edirəm, bunun uğrunda mübarizə aparıram. Tamaşaya gəldikdə, Aygün Həsənoğlunun “Adsız qadın” əsərini oxuyanda mənə çox təsir etdi. Bu tamaşanın ilk məşqinə 2014-cü ilin avqust ayının 18-də başlamışıq. Bir işə başlayanda rejissorların öz qeydləri olur. Mən də bu tarixi qeyd eləmişdim. Çox maraqlıdır ki, üstündən iki il keçəndən sonra Türkiyədə məşqlərə başlayanda qeyd dəftərimdə həmin günkü tarix belə yazılmışdı: 18.08.2016. İki il sonra eyni tarix. Çox qəribə təsadüf idi. Aygün xanımın əsərində Azərbaycan insanının başına gətirilən əzablar çox aydın şəkildə göstərilib. Bu hadisə ağlasığmaz bir şey idi. İnsan ağlı buna çalışmamalı idi. İnsan ağlını bu cür işgəncələrə yönəldirsə, ona artıq insan demək olmaz. Düşüncə, şüur, ağıl insana başqa şeylər üçün verilib. Müharibələri yaradan səbəblər var, bu səbəbləri aradan qaldırmağa çalışan siyasətçilər var. “Adsız qadın”da isə anaların dilindən dünyada baş verən bütün müharibələrə, qətliamlara, çevrilişlərə “Stop” deyilir. Düşmənin də anası var, o da istəməz ki, oğlu müharibədə həlak olsun. Fikirləşdik ki, anaların dili ilə insanların qəlbinə yol tapmaq daha asandır. Çünki bəşəriyyət anaların qarşısında baş əyir. Təəssüf ki, siyasət anaların qarşısında baş əymir.
- Qarabağ məsələsi “Fəryad” və “Dolu”nu çıxmaqla filmlərimizdə, tamaşalarımızda, əsərlərimizdə yetərincə işıqlandırılmır. Halbuki, tarixi hadisələrin üstündən bir-iki il ötən kimi dünyada filmlər çəkilir...
- Biz tariximizə həmişə laqeyd yanaşmışıq. Təəssüf ki, başımıza gələn bəlalardan heç vaxt dərs çıxarmamışıq. 1918-ci ildə Azərbaycan ilk dəfə müstəqillik qazananda biz o tarixi hadisələrdən dərs çıxarsaydıq, bu gün Qarabağ məsələmiz olmayacaqdı. Niyə çəkmirik sualına cavab verə bilməyəcəm. Mənim bacardığım nədirsə bir rejissor, vətəndaş olaraq ona çalışıram. Öz sənətimlə öhdəmə düşən nədirsə onu edirəm. Əminəm ki, iş görmək istəyənlər çox var. Biz Aygün xanımla razılaşdıq, “Adsız qadın”a bəzi əlavələr etdik. Dəyişikliklərdən biri odur ki, yeni mətndə ananın dilindən bir fəryad səslənir, orada deyilir: “Əgər Xocalı hadisəsi olmasaydı, Bosna-Hersek də olmayacaqdı, Xocalı olmasaydı, 11 sentyabr olmayacaqdı, Xocalı olmasaydı, Suriya, İraq, ərəb dövlətlərində olan hadisələrin heç biri olmayacaqdı”. Həqiqətən də, əgər hansısa işə vaxtında münasibət göstərə bilmiriksə, onun davamı olacaq. Heç kim o zaman Xocalını qınamadığına görə, bu gün dünya çalxalanır.
- Sizin Qarabağla bağlı bir film ideyanız varmı?
- Qarabağ haqqında bir film çəkərəmsə, yenə də Aygün xanımın ssenarisi əsasında həyata keçirmək istəyərəm. Çünki Aygün xanımın anlatdığı hadisələri başqa kiminsə yazacağına inanmıram. Onun Qarabağla bağlı kitabını oxuyurdum, gecə saat 3 idi, gözüm dolmuşdu. O işgəncələr, əzablar elə yazılmışdı ki... Mən Aygün xanıma zəng elədim ki, siz bunları bildiyiniz, yazdığınız halda necə yaşayırsınız?
- Ötən ay Oda teatrında sizin rejissorluğunuzda “Maneken” tamaşası oynanıldı. Niyə “Maneken” əsəri?
- Bu əsəri seçməkdə məqsədimiz bu idi ki, hazırda insanlar bir-birilərinə qarşı çox laqeyddirlər. Soyuqluq var aralarında. Zarafatla deyirlər ki, əvvəllər bir evə qonaq gedəndə soruşardılar ki, başmaq varmı, indi deyirlər ki, wifi-ın kodu nədir. Təbii ki, texnika inkişaf edir, buna qarşı çıxmaq olmaz. Sadəcə olaraq insanlar artıq əvvəlki kimi bir-birinə qarşı isti münasibət saxlamırlar. “Maneken”də də bir qadının başına gələn bütün bəlaların timsalında cəmiyyətə manekenləşməmək tövsiyə edilir. İnsanlar ancaq özlərinə qapansalar, ətrafla münasibətləri kəssələr, sabah bir ac qapısına gələndə heç kim üzünə baxmayacaq. İnsani dəyərləri itirməmək lazımdır.
- Uşaqlıqda riyaziyyata maraq göstərmisiniz. Amma “Hicran” tamaşasını izlədikdən sonra aktyor olmaq, hətta bu tamaşada oynamaq da istəmisiniz. Arzunuzu reallaşdıra bildinizmi?
- Çox təəssüf ki, yox. Arzu insanla doğulur, insanla ölür. Elə insan yoxdur ki, arzusuz olsun. Mən 6-cı sinifdə oxuyanda qarşıma məqsəd qoydum ki, aktyor olacam, ona da çalışdım. İndinin özündə də çalışıram ki, kimdənsə nəsə öyrənim, kiməsə nəyisə öyrədim. Mənim aktyor olacağıma ailəmizdə inanmırdılar. Ailəmizdə incəsənət adamı da yox idi. Atamın səsi vardı, el şənliklərində kimsə xahiş edəndə oxuyardı. 1988-də instituta daxil oldum, kəndə tələbə biletiylə gedəndə hamı şoka düşmüşdü. Yardımlının Tilə kəndindənəm. O vaxtı məndən imtahanı Şəfiqə Məmmədova və Həsənağa Turabov götürmüşdü. Onlar mənim səs tembrimə, dayanmadan danışdığıma, vəziyyətdən çıxma bacarığıma görə seçmişdilər. Rejissorluğu oxudum. Mənim Azərbaycanda teatr tamaşalarında çoxlu rollarım olub. Amma arzuladığım o rolu oynaya bilməmişəm. Siyavuş Aslanın oynadığı rolu. Amma artıq oynamağım üçün gecdir, amma mənimlə yaşayan arzudur. Ola bilər ki, kimsə nə zamansa yenə səhnəyə qoymaq istəsin, amma inanmıram. O üçlük artıq qızıl möhürünü vurub.
- Azərbaycan teatrına, yoxsa filminə daha çox fayda verəcəyinizi düşünürsünüz?
- Teatr mənə daha doğmadır. Kinoda sən istədiyini ala bilirsən. Amma teatrda birbaşa tamaşaçı ilə ünsiyyətdəsən, istədiyin alınmasa, biləcəklər ki, aktyor süni oynadı. Mən hazırda Türkiyədə Azərbaycan teatrı ilə bağlı nələrsə etmək, nələrsə yaratmaq istəyirəm. Türk teatrı bizimkindən tamam fərqlidir. Ona görə də Azərbaycan teatrı vasitəsilə mədəniyyətimizi heç olmasa 5 faiz tanıtmaq istəyirəm. Niyə görə Türkiyədə Cəlil Məhəmmədquluzadə, Üzeyir Hacıbəyli, Sabir tanınmasın? Deyə bilərlər ki, Elçin yuxarıdan danışır, tanınırlar. Bəli, müəyyən qədər elit kəsim tanıyır, amma böyük kütlə tanımır axı... Eləcə də, Ramiz Rövşəni niyə tanımamalıdırlar? Türklər olaraq bir qardaş o birinə məlumat verməlidir. Mənə bir təklif gəldi ki, Azərbaycandan Cəlil Məhəmmədquluzadədən nəyi səhnəyə qoymaq olar? Mən də düşünmədən dedim ki, “Ölülər”i. Əlbəttə, bu, çox məsuliyyətli işdir. Amma nəzərə alaq ki, XIX əsrdə yazılan “Ölülər”dəki cəmiyyətlə bugünkü cəmiyyət çox da fərqlənmir. Klassik də ona görə klassikdir ki, onların fikirləri illər keçəndən sonra da öz təsdiqini tapır. “Ölülər”i türk tamaşaçısına çatdırmaq mənim üçün böyük qələbə olardı. Hələ ki işləyirik. Mən söz verdimsə, edəcəyəm. Təbii ki, “Ölülər”i türk dilinə tərcümə asan deyil. Buradakı professorlarla danışmışıq, dövrün dilinin qrammatik, fonetik qaydalarını saxlamaqla çevirəcəklər.
- Rejissor kimi ilk filminiz “Tənbəlin toyu” olub. Necə oldu ki, bu filmi çəkdiniz?
- 2007-ci ildə İctimai televiziya açılandan sonra Ədəbi dram verilişlərinin redaksiyasının redaktoru Rafiq Səməndər təklif elədi ki, nəsə çəkə bilərsən? Dedim belə bir fikrim var. Salman Bayramov, Rüfət Nəzərov və mən üçümüz ssenari yazdıq, 15 gün ərzində filmi çəkdik. O film səssiz komediya idi, Çarli Çaplin filmlərinin bənzəri kimi. Tənbəlin biri sonda bir qızın onu öpməsi ilə tamam fərqli bir insan olur. Yəni əsas məqsədimiz sevginin insanı dəyişməsi ideyası idi. O film barədə çoxlu müsbət fikirlər eşitdik. Davamını istədilər. Təəssüf ki, davamı üçün pul olmadı. İlkini öz hesabımıza çəkmişdik.
- Aydan Şenerlə eyni filmdə oynamısınız? Bu necə hiss idi?
- 2013-cü ildə Şahin Zəkizadə “Həkimlər” serialını çəkirdi. 21 və ya 22-ci bölümdə Aydan xanımı dəvət etmişdi. Orada tanış olmuşduq. Aydan Şener gözəl insan, aktrisadır. Çox təəssüf ki, onunla tərəf müqabili ola bilmədim. Eyni filmdə oynadıq, amma səhnəmiz olmadı. Mən Sabir doktor idim, o da Türkiyədən gələn həkim. Əsərin qəhrəmanlarından biri beyin əməliyyatı keçirir, Aydan xanım da Türkiyədən gələn həkim rolunda oynayırdı.
- Bakıda hazırda “Əli və Nino” filmi böyük maraqla izlənir. Siz tariximizin hansı dönəmini çəkmək istəyərdiniz?
- Kiminsə gəlib tariximiz haqqında film çəkməsi yaxşıdır. Amma filmi çəkən də ən az sənin yüz illik tarixini bilməlidir. Sadəcə pul alıb film çəkmək ayrıdır, amma tarixini öyrənib çəkmək tamam ayrı. Hamı filmdən şəkillər paylaşdı, amma kimsə yazmadı ki, filmin nəyi yaxşıdır, nəyi pisdir. Mən filmi görməmişəm, danışmağım yaxşı olmaz. Filmi görəndən sonra öz fikrimi deyəcəyəm.
- Sözümü ona gətirirəm ki, Türkiyədə Osmanlı ilə bağlı çoxlu filmlər, seriallar çəkilir. Siz Şah İsmayılı çəkmək istəyərsinizmi?
- Azərbaycan dövlətinin yaradan bir şəxs haqqında film çəkmək arzumdur. Rejissorun gələcək arzuları haqqında danışması düzgün deyil. Dostumuz, yazıçı, tədqiqatçı, media eksperti Vüqar Zifəroğlunun “Sirr” romanı var. Türk tarixi ilə bağlı çox gözəl filmdir. Onu detallarına qədər işləmişəm ki, necə çəkmək olar. Amma Şah İsmayıl haqqında nəsə deməyə cürət eləmirəm. Mən gərək ən azı min illik tariximizi öyrənəm ki, nəsə çəkə bilim.
Dilqəm ƏHMƏD