18 Yanvar 2023 14:22
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Litva Prezidenti Gitanas Nausedanı Azərbaycan ərazisində Xankəndi-Laçın yolunda baş verən hadisələrlə bağlı məlumatlandırıb.

Teleqraf.com xəbər verir ki, söhbət əsnasında regional məsələlər, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi, həmçinin Azərbaycan ərazisində Laçın-Xankəndi yolunda baş verən hadisələr barədə fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə Laçın yolundakı hadisələrlə əlaqədar manipulyasiya ilə məşğul olduğunu və yalan məlumatlar əsasında guya yolun bağlı olduğunu iddia etdiyini dedi. Prezident İlham Əliyev yolun mülki şəxslər və mülki təyinatlı yüklərin keçidi üçün açıq olduğunu, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə humanitar yüklərin sərbəst hərəkətinin təmin edildiyini bildirib.

Prezident İlham Əliyev Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyulmasının və kriminal ünsürlərin ərazidən çıxarılmasının vacibliyini diqqətə çatdırıb.

Azərbaycan Prezidenti Ermənistan tərəfinin ötən iki ildən artıq müddət ərzində Laçın yolundan minaların, silah-sursatın və şəxsi heyətin daşınması üçün istifadə etdiyini bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 18-də Davosda Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub.


Müəllif: Teleqraf.com