…“Erməni nəsli Rəbb ilə bir yaranıb… O, əsrlərin şahidi olan əbədi ermənidir və dünyanın yaranışında Rəbb ilə bir iştirak edib” sözlərinin müəllifi olan, “erməniliyi ali ari irq” kimi dəyərləndirən Qaregin Njdenin seqakronizm təliminə görə, hər bir erməninin əsas məqsədi “Qərbi Ermənistan torpaqlarını türklərdən almaq” olmalıdır. Onun üçün ən ali dəyər millətdir və o, etnik toplumun maraqlarından kənarda yaşaya bilməz. “Ermənistan ermənilər üçündür!” Seqakronun və onun gənclər təşkilatının – III Reyxdə hitleryugentin erməni analoqu olan Seqakron Uxterin fəaliyyət prinsipini özündə əks etdirən bu şüar neoseqakronçuların – Serj Sərkisyan rejiminin aparıcı devizi olaraq qalmaqdadır. Məsələn, Qaregin Njde yazırdı: “Seqakron hərəkatının vacibliyini şərtləndirən bir əsas amil də vardır. Bu da bizim yaşlı nəslin Türkiyəyə münasibətin necə olması məsələsində üzüdönüklüyüdür. Bizim köhnə partiyalar erməni məsələsinin üzərindən xətt çəkməyə, Türkiyədə qalmış erməni torpaqlarından imtina etməyə, Türkiyə ilə yaxınlaşmağa meyillidirlər. Belə satqınlıq bizi gənc nəslin gözündə nifrətə layiq xalqa çevirə bilər”.
Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun oktyabr ayında işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.
Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın hissə-hissə dərcini davam etdirir:
Təhlillər göstərir ki, «erməni məsələsi»nin həllinə yeni iştirakçıların – şərti olaraq «müsəlman ermənilər» («zorən islamlaşdırılmış və türkləşmiş ermənilər», kriptoermənilər və «erməni» kimi identifikasiya olunan həmşinlilər) adlandırılan etnik-dini qrupların da əlavə edilməsi, onların siyasi fəallaşdırılması, ən nəhayət, «Kimliyə dönüş», «Qarabağa qayıdış» proqramlarının hazırlanması Ermənistan hakimiyyətinin və erməni diasporasının yeni icadı deyildir. Bu fəaliyyət əslində öz mənbəyini ənənəvi erməni nasizmi konsepsiyasından, seqakronizm (seqakronutyun) ideologiyasının prinsiplərindən götürmüş və Ermənistan Respublikasının dövlət siyasətinə çevrilmişdir. Bütövlükdə, bu gün Ermənistanın daxili və xarici siyasətinin təməlində, onun qonşu dövlətlər və xalqlarla münasibətində, Türkiyəyə, Azərbaycana və Gürcüstana yönəlik ərazi iddialarına yeni fəaliyyət mexanizmlərinin əlavə edilməsində həmin konsepsiya – hərbi cinayətkar, Hitlerin sadiq əlaltısı olmuş Qaregin Njdenin ideyaları dayanmaqdadır. Tam məsuliyyətlə demək olar ki, hazırda Ermənistan Respublikasında dövlət hakimiyyəti neoseqakronçuların (neofaşistlərin) əlində cəmləşmişdir. Təsadüfi deyildir ki, «Kimliyə dönüş» və «Qarabağa qayıdış» proqramlarını dövlət siyasəti səviyyəsində dəstəkləyən hakim Respublika Partiyası (sədr Ermənistan Prezidenti Serj Sərkisyandır) özünü «Qaregin Njdenin varisi» adlandırmaqla bu gün seqakronizm konsepsiyasının dövlət siyasəti səviyyəsində əsas icraçısı və həmin faşist ideyalarının təbliğatçısıdır. Belə ki, 2004-cü ildə partiyanın vəsaiti hesabına İrəvanda «Qaragin Njdenin təlimi» kitabı kütləvi tirajla çapdan çıxmış və Ermənistanın bütün ictimai-siyasi təşkilatlarında, hökumət və dövlət orqanlarında, hətta ali təhsil müəssisələrində yayılmışdır.
2016-cı il may ayının 11-də, İkinci Dünya müharibəsində alman faşizmi üzərində tarixi qələbənin ildönümündən iki gün sonra İrəvanın Respublika meydanında Qaregin Njdenin abidəsinin təntənəli açılışı olmuşdur. Ermənistanın neoseqakronçu prezidenti Serj Sarqsyanın həmin mərasimdə iştirak etməsi və abidənin önünə gül dəstələri qoymaqla baş əyməsi bu ölkədə faşist rejiminin hakimiyyətdə olması fikrinin reallıqlara söykənməsini təsdiqləyir. Xatırladaq ki, həmin abidə Ermənistan prezidentinin şəxsi təşəbbüsü ilə ucaldılmış və məhz Respublika meydanında qoyulmasına dair göstəriş verilmişdir. İkinci Dünya müharibəsi illərində Vermaxtın tabeliyindəki erməni hərbi birləşmələrinin yaradıcılarından biri olan, minlərlə türkün, yəhudinin, rusun, macarın, polyakın qətlində iştirak edən Qaregin Njdenin şərəfinə abidənin qoyulması dünyanın bir sıra dövlətlərində, o cümlədən Rusiya və İsraildə kəskin etirazla qarşılanmışdır. İsrailli siyasi ekspert, «Cəmiyyət üçün Beynəlxalq Layihələr» təşkilatının rəhbəri Arye Qut bu ölkədəki «News From Israel» analitik informasiya portalına verdiyi müsahibədə Serj Sərkisyanı «Njdenin erməni faşizminin və antisemitizminin varisi» adlandırmışdır. Rəsmi Moskva Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin sözçüsü, İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarova vasitəsilə öz narazılığını bildirsə də, sonralar bu reallıqla barışmalı olmuşdur. Reallıqlardan biri də budur ki, Qaregin Njdeni fetişləşdirən, onun ideyalarını dövlət siyasətinə çevirən Ermənistan Respublikası həm də BMT Baş Assambleyasının «Nasizmin qəhrəmanlaşdırılmasına, neonasizm və rasizmin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın, onlarla əlaqəli dözümsüzlüyün digər müasir formalarının güclənməsinə qarşı mübarizəyə dair» Qətnaməsinin hazırlanmasında iştirak etmiş dövlətlərdən biridir…
«Erməni nəsli Rəbb ilə bir yaranıb… O, əsrlərin şahidi olan əbədi ermənidir və dünyanın yaranışında Rəbb ilə bir iştirak etmişdir» sözlərinin müəllifi olan, «erməniliyi ali ari irq» kimi dəyərləndirən Qaregin Njdenin seqakronizm təliminə görə, hər bir erməninin əsas məqsədi «Qərbi Ermənistan torpaqlarını türklərdən almaq» olmalıdır. Onun üçün ən ali dəyər millətdir və o, etnik toplumun maraqlarından kənarda yaşaya bilməz. «Ermənistan ermənilər üçündür!» Seqakronun və onun gənclər təşkilatının – III Reyxdə hitleryugentin erməni analoqu olan Seqakron Uxterin fəaliyyət prinsipini özündə əks etdirən bu şüar neoseqakronçuların – Serj Sərkisyan rejiminin aparıcı devizi olaraq qalmaqdadır. Məsələn, Qaregin Njde yazırdı: «Seqakron hərəkatının vacibliyini şərtləndirən bir əsas amil də vardır. Bu da bizim yaşlı nəslin Türkiyəyə münasibətin necə olması məsələsində üzüdönüklüyüdür. Bizim köhnə partiyalar erməni məsələsinin üzərindən xətt çəkməyə, Türkiyədə qalmış erməni torpaqlarından imtina etməyə, Türkiyə ilə yaxınlaşmağa meyillidirlər. Belə satqınlıq bizi gənc nəslin gözündə nifrətə layiq xalqa çevirə bilər». Digər məqaləsində isə, seqakronutyun ideologiyasının təməl prinsiplərindən olan «ermənilərin öz tarixi torpaqlarına qayıdışının vacibliyi» haqqında bildirirdi: «Bir xalqın doğma torpağı digər xalqın daimi vətəni ola bilməz… İşğal olunmuş torpaqlar həmişə, gec və ya tez öz tarixi sahiblərinin əlinə keçməlidir… Seqakronutyun mühacir erməninin müqəddəs andı, vətəninə qayıtmaq, öz torpağına sahib olmaq iradəsidir».
Seqakronizm həm də Erməni Həvari kilsəsinə alternativ olan dini təlim (etanizm) – «qəhrəman Haykın, erməni irqi əcdadlarının bərpa edilmiş qədim inancı» kimi də yaradılmışdır. Hakim Respublika Partiyası isə sadəcə olaraq seqakron ideyalarını «təkmilləşdirmiş», əsas mövqeyə din amilini deyil, vətənpərvərliyi, mədəniyyətin, dilin və ənənələrin qorunmasını çıxarmışdır. Əslində, Eçmiədzin və indiki Ermənistian hakimiyyəti arasında yaranmış soyuq münasibətin kökündə də bu fakt dayanır. Seqakronutyun ideologiyası erməniləri «keyfiyyət göstəricilərinə» görə üç növə ayırır:
• sexemardlar – erməni nəsli və erməni milləti üçün yaşayanlar;
• joğovurdlar – tərəddüd edən ermənilər;
• tananklar – antimillilər, erməni ideyasına xəyanət edən kütlə.
Bu bölgüyə əsasən, Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın və xaricdəki erməni diasporasının radikal millətçi nümayəndələri, eləcə də Türkiyədəki həmfikirləri sexemardlardır və onlar erməni xalqını ümumi məqsədə doğru istiqamətləndirən aparıcı zümrədir. Erməni identikliklərini və qriqorian dininə mənsubiyyətlərini gizlədən və bunun üçün əlverişli məqam gözləyən kriptoermənilər – joğovurdlar sayca ikinci olsalar da, onları missionerlik fəaliyyəti və erməniliyin təbliği vasitəsilə islah etmək mümkündür. Müsəlman ermənilərdən və həmşinlilərdən ibarət olan ən aşağı növlü itirilmiş ermənilər – tanaklar isə «erməni məsələsi»nin reallaşdırılması üçün statist rolunu oynayan qurbanlıq kütlədir. «Qərbi Ermənistan torpaqlarının qaytarılması», «Kimliyə dönüş» planlarında həmin «tanaklara» ayrılan missiya joğovurdlarla birlikdə Türkiyə ərazisində «beşinci kolon»u formalaşdırmaqdır.
Türkiyədəki müsəlman ermənilərin «etnik və dini kimliklərinə» qayıdışı «erməni məsələsi»nin tərkib hissəsi olmaqla yanaşı, regionda maraqları olan dövlətlərin həm qondarma «erməni soyqırımı»nın rəsmi Ankaraya tanıdılması, həm də «erməni məsələsi»ndən irəli gələn tələblərin reallaşdırılması səylərində əlavə təzyiq vasitəsi kimi dəyərləndirilməlidir. Türkiyənin qabaqcadan iflasa məhkum olunan uğursuz «demokratik açılım» (etnik açılım, multikulturalizmin Qərb modeli) siyasəti bu fəaliyyətə – ölkədə kriptoermənilər də daxil olmaqla, etnik kollaborasionist qruplaşmaların, etnik «beşinci kalon»un formalaşmasına əlverişli şərait yaratmışdır. Təsadüfi deyildir ki, qondarma «erməni soyqırımı»nın tanınmasında maraqlı olan dövlətlər bir tərəfdən müsəlman ermənilərin «etnik və dini identikliyə qayıdışı» çərçivəsində Türkiyədə xristian amilinin gücləndirilməsi, «Qərbi Ermənistan ərazilərinin öz tarixi sahiblərinə qaytarılması» istiqamətində siyasi fəaliyyətlərini daha da artırmış, bu amildən ölkədə etnik və dini tarazlığın, ictimai-siyasi sabitliyin pozulmasında, ən nəhayət, rəsmi Ankara ilə Qərb dövlətləri arasında yaranmış soyuq münasibətlərdə təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Digər tərəfdən isə Türkiyədəki «zorən islamlaşdırılmış erməniləri» və kriptoerməniləri «leqallaşdırmağa» çalışmaqla, süni demoqrafik göstəricilərlə erməniləri etnik azlıqdan çıxarıb onları ölkədəki siyasi proseslərə təsir göstərə biləcək «etnik çoxluq» kimi təqdim edirlər. Elə isə sual olunur: Bu gün xristian təəssübkeşliyini ümumbəşəri prinsiplərdən üstün tutan Qərb dövlətləri işsizlik, total korrupsiya üzündən Ermənistanı tərk edərək «əbədi düşmən» saydıqları Türkiyəyə sığınan, böyük hissəsi burada qeyri-leqal şəraitdə yaşayan 100 mindən çox qaçqın xristian erməniyə nə üçün sahib çıxmırlar? Əgər məsələ onların erməni xalqına «vəfa borcudursa», onda hansı səbəbə görə öz qapılarını Suriya hadisələri zamanı həyatlarını, ailələrinin təhlükəsizliyini qorumaq məqsədilə Türkiyəyə mühacirət etmiş bir o qədər suriyalı müsəlman erməninin də üzünə bağlamışdılar? «İslam təəssübkeşliyini» dövlət siyasəti səviyyəsinə qaldıran bəzi müsəlman dövlətlərinə də sual ünvanlamaq olar: Görəsən, onlar heç olmazsa məzhəb mənsubiyyətinə görə suriyalı və iraqlı din qardaşlarını, o cümlədən müsəlman erməniləri nə üçün indiyədək öz himayələrinə götürməyiblər?
Xüsusilə qeyd etmək lazımdır ki, Ermənistanın «zorən islamlaşdırılmış və türkləşmiş ermənilər» məsələsi, «Kimliyə dönüş» və «Qarabağa qayıdış» proqramları çoxvektorludur. Bu mövzuların gündəmə gətirilməsi məqsədlərindən biri müsəlman erməniləri vahid dini icma kimi formalaşdırmaqla onun imkanları hesabına islam dövlətləri, xüsusilə islam təşkilatları ilə yaxınlaşmaq, intensiv əlaqələr qurmaq və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi daxil olmaqla hərbi-siyasi, iqtisadi problemlərin həllində onlardan dəstək almaqdır. Bundan başqa, rəsmi İrəvanın mülahizələrinə görə, həmin icmanın, xüsusilə Suriya və İraqdan olan müsəlman erməni qaçqınlarının Azərbaycanın işğal olunmuş bölgələrində yerləşdirilməsi bir tərəfdən qondarma «Dağlıq Qarabağ Respublikası»nın islam dünyasında tanıdılmasına əlverişli zəmin yaradacaq, münaqişəni «Ermənistan-Azərbaycan» və islam ölkələri üçün «erməni (xristian) - müsəlman» müstəvisindən çıxaracaq, «müsəlman-müsəlman» formatına keçirəcəkdir. Digər tərəfdən rəsmi İrəvan həm də bu qənaətdədir ki, «DQR»-in müsəlman dini icmasının əsasən şiə məzhəbli və ələvi ermənilərdən (Suriya, İraq) ibarət olması İranın bəzi dini dairələrinin bu bölgəyə siyasi marağının artması və həmin amildən Azərbaycana əlavə təsir vasitəsi kimi istifadə edilməsi ilə nəticələnəcəkdir.
Vaxtilə şərti olaraq «Türkiyə Ermənistanı» adlandırılan əraziləri – Sivas, Ərzincan, Bingöl, Van, Ərzurum, Qars, Tunceli, Elazığ, Ərzurum, Muş, Bitlis, Ağrı, Diyarbəkir, Adıyaman və s. bölgələri bu gün Ermənistan təbliğatı ümumiləşdirərək «Qərbi Ermənistan» kimi tanıdır. Türkiyədəki kürd separatizmi isə həmin torpaqları «Şimali Kürdüstan» əraziləri hesab edir. Bu isə Türkiyənin ərazi bütövlüyünə qarşı mübarizədə ortaq maraqlardan çıxış edən erməni və kürd separatizmi arasında hazırda kəskin mənafe ziddiyyətlərinə səbəb olmuşdur. Nə kürdlərin, nə də ermənilərin öz iddialarını güzəştə getmək niyyətləri var. PKK funksionerlərinin və onların başçısı Abdulla Öcalanın «Kürdüstanda erməni və kürd bayraqlarının birgə dalğalanması, ermənilərə ən yüksək siyasi və mədəni hüquqların verilməsi» kimi təklifləri də indiyədək cavabsız qalmışdır. Nəticədə, Ermənistan adekvat cavab qismində «kürdləşmiş müsəlman ermənilərin etnik kimliklərinə qayıdışı» məsələsini sürətlə gündəmə gətirmiş, rəsmi şəkildə yezidiləri (yezidi kürdləri) «etnik kürdlərlə bağlılığı olmayan müstəqil xalq» kimi tanımışdır. Yaranmaqda olan qarşıdurmanın anonsu kimi hazırda Ermənistanda kürdlərə qarşı rasizm təbliğatının getdikcə güclənməsini, onların «gəlmə xalq» qismində burada məskunlaşması, hətta qondarma «erməni soyqırımı»nda xüsusi qəddarlıqla seçilmələri və türklərlə müqayisədə daha çox ermənini qətlə yetirmələri barədə təbliğat materiallarının geniş yayılmasını göstərmək olar.
İraqın şimal ərazilərində müstəqil kürd dövlətinin elan olunması ehtimalı Ermənistan diplomatiyasını da mürəkkəb seçim, onun «zorən islamlaşdırılmış ermənilər» layihəsini isə iflas təhlükəsi qarşısında qoymuşdur. Türkiyə əleyhinə mübarizədə və ərazi iddialarında onunla strateji tərəfdaş olan kürd separatizminin müstəqil dövlətə yiyələndikdən sonra gələcəkdə Türkiyə ərazisindəki «Qərbi Ermənistan torpaqlarını» da «kürd əraziləri» elan etmək perspektivinin «erməni məsələsinə» sarsıdıcı zərbə olduğunu aydın dərk edən rəsmi İrəvan indi iki yol ayrıcındadır. Kürd separatizminin «Qərbi Ermənistan» ərazilərindən imtina edəcəyi və «islamlaşdırılmış ermənilər»in siyasi hüquqlarını tanıyacağı təqdirdə İrəvan «müstəqil kürd dövləti» ilə iqtisadi-siyasi sahələrdə əməkdaşlıq edərsə, yaxın müttəfiqləri (Rusiya və İran) bu addımı onun Qərbə meyilliliyinin təzahürü kimi dəyərləndirəcək, İraqın ərazi bütövlüyünün tərəfdarı olan Türkiyə ilə münasibətlərini daha da gərginləşdirməklə yanaşı, İran ilə əlaqələrinə də mənfi təsir göstərəcəkdir. Rusiyanın isə bu məsələdə qəti qərarının olmaması Ermənistanı hələlik gözləmə mövqeyini tutmağa vadar etmişdir. Lakin kürd separatizmi Türkiyəyə ərazi iddiaları irəli sürərsə, bu, Ermənistanın İranın yanında ola bilməsinə və Türkiyə ilə münasibətlərdə müəyyən və müvəqqəti yumşalmaya səbəb ola bilər.
Ermənistanın daxili siyasətinə gəldikdə isə rəsmi İrəvan dini mənsubiyyət mülahizələrinə görə indiyədək «etnik erməni» kimi identifikasiya etmədiyi «islamlaşdırılmış erməniləri» və Suriya müsəlman erməni qaçqınlarını birdən-birə xatırlamaqla, onları Ermənistan və işğal altında olan Qarabağ ərazilərində yerləşdirmək niyyəti ilə bir sıra çətin problemlərini aradan qaldırmaq niyyətindədir. Məqsədlərindən birincisi həmin insanları Ermənistana cəlb etməklə, yerli əhalinin kütləvi şəkildə tərk etdiyi ölkənin demoqrafik vəziyyətini yaxşılaşdırmaq, «qocalmış erməni genofondunun» bərpasına nail olmaqdır. İkincisi, gəlmələrdən ibarət ucuz işçi qüvvəsini kənd təsərrüfatı sektoruna yönəltməklə ölkədə iqtisadi vəziyyəti və ərzaq problemlərini nisbətən yoluna qoymaqdır. Üçüncü məqsəd isə Ermənistanın indiki ağır iqtisadi-maliyyə vəziyyəti ilə bağlıdır. Belə ehtimal edilirdi ki, həm imkanlı suriyalı qaçqınlar, həm də diaspora nümayəndələri güzəştli şərtlərlə yerli iqtisadiyyata həvəslə sərmayə qoyacaq, onun böhrandan çıxarılmasına çalışacaqlar. Ən nəhayət, rəsmi İrəvanın qənaətinə görə, Ermənistana ayaq basdıqları ilk iki gün ərzində vətəndaşlıq pasportu alan müsəlman ermənilər vasitəsilə orduya çağırış problemləri də aradan qaldırılacaqdır.
Lakin Ermənistanda onu da yaxşı bilirlər ki, yerli əhalinin həqarətlə «dönmələr», «din xainləri», «türklərin maraqlarını müdafiə edən satqınlar» adlandırdıqları müsəlman ermənilərin ölkədəki mədəni-siyasi mühitə adaptasiyası asan olmayacaqdır. Həm qriqorian kilsəsi, həm də millətçi təbəqə onları «erməni identikliyinə və milli təhlükəsizlik maraqlarına ciddi təhlükə» kimi qiymətləndirir. Bununla belə, müsəlman ermənilərin Ermənistana deyil, «bufer zonasına» – işğal altında olan Azərbaycan ərazilərinə yönəldilməsi həm obyektiv, həm də subyektiv səbəblər üzündən hələlik geniş miqyas ala bilməmişdir. Ermənistan Prezidenti S.Sərkisyan BMT Baş Assambleyasının iclasında ölkəsinin Suriyadan 16 min erməni qaçqınını qəbul etdiyini bildirsə də, bu qaçqınların böyük hissəsi kənd təsərrüfatı ilə məşğul olmayan Hələb və Dəməşq şəhərlərinin sakinləridir və onların demək olar ki, böyük qismi Qarbağın boşaldılmış kəndlərində məskunlaşmaq, güllə altında yaşamaqdan imtina ediblər. Eyni zamanda, imkanlı suriyalıların bir çoxu rəsmi İrəvanın şirnikləşdirici vədlərinə inanmayaraq, Ermənistan Respublikası vətəndaşı pasportunu aldıqdan dərhal sonra ailələri ilə birlikdə «tarixi vətənlərini» başılovlu tərk etməyi, Avropa dövlətlərində yaşamağı daha üstün tutublar. Digər tərəfdən, Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatları da Suriya ermənilərini işğal altında olan ərazilərə köçməkdən çəkindirmişdir. Lakin münaqişənin uzun müddətə dondurulması, hərbi əməliyyatların dayandırılması təqdirdə bəzi Qərb və islam dövlətlərinin dəstəyi ilə bu proqramın reallaşması perspektivi də hələlik istisna edilmir. İrəvanın rəsmi mənbələrinə görə, Qarabağda məskunlaşmış suriyalı ermənilərin sayı hələlik yüz nəfərə yaxındır.628 Ermənistan onların dini mənsubiyyəti haqqında məlumat vermir. Lakin burada gələcək köçkünlərin məskunlaşması üçün yeni yaşayış məntəqələrinin tikintisinin planlaşdırılması, dağıdılmış məscidlərin bərpası Ermənistanın həmin iddialarından əl çəkmək fikrində olmadığını təsdiqləyir. Belə ki, hətta Azərbaycan ya siyasi, ya da hərbi yolla öz ərazi bütövlüyünü bərpa edəcəyi təqdirdə Qarabağa köçürülmüş qaçqınlar – müsəlman və xristian ermənilər rəsmi Bakı üçün ciddi məsələyə – həllini beynəlxalq hüquq müstəvisində tələb edən növbəti problemə çevriləcəkdir.
Ermənistanın əsasən Suriyadan olan müsəlman erməniləri Azərbaycanın işğal altında olan ərazilərində yerləşdirməsi təkcə rəsmi İrəvanın deyil, onunla ortaq maraqları olan dövlətlərin də məqsədlərinə cavab verir. Məhz bu plan üçün süni tarixi, etnik və siyasi əsaslar formalaşdırmaq məqsədilə Azərbaycanın Qarabağda, Naxçıvanda və Şirvan bölgələrində yaşayan etnik türk əhalisi guya orta əsrlərdə «könüllü və ya zor gücünə müsəlmanlaşmış və türkləşmiş ermənilər» kimi təbliğ edilir, bu mövzuda «elmi-praktiki» konfranslar kençirilir. Yanlış ictimai rəyin formalaşdırılmasına yönəldilmiş bu siyasət Ermənistanın işğalçılıq planlarına etnik və dini bəraət qazandırmaqla, təkcə həmin bölgələrdə deyil, 1918-ci ildə tarixi Azərbaycan ərazilərində yaradılmış Ermənistan Respublikası ərazilərindəki məscid və mədrəsələri, ziyarətgahları «müsəlman ermənilərin maddi-mədəni irsi» kimi tanıtmağa əsas verəcəkdir.
Hazırda Ermənistanın diqqəti həm də Türkiyənin siyasi baxımdan getdikcə fəallaşmaqda olan kriptoermənilərə və özlərini «erməni» kimi identifikasiya edən bəzi həmşinli qruplarına yönəldilmişdir. Bu məqsədlə Türkiyə, Rusiya (Krasnodar vilayəti) və Mərkəzi Asiyadakı həmşinlilər arasında «Qarabağa qayıdış» planı çərçivəsində geniş təbliğat aparılır. Türkiyədəki müsəlman ermənilərin xristianlaşdırılması prosesi davam etməkdədir. «Aqos» qəzetinin məlumatına görə, son dövrlərdə Türkiyədə müsəlman həmşinlilər arasında «xristian dininə qayıdış» halları nəzərəçarpacaq dərəcədə artmışdır. Bəzən onların vəftiz - xaç suyuna salınması ayini təntənəli şəkildə Yerusəlimdəki erməni-qriqorian kilsəsində icra olunur. Ermənistanın və xaricdəki erməni diasporasının tələbinə əsasən, Diyarbəkir və Ağtomar qriqorian patriarxlıqları fəaliyyətə başlayacağı təqdirdə kütləvi vəftiz ayinlərinin burada keçirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, həmin patriarxlığın Eçmiədzinin tabeliyinə verilməsinə dair tələblər də səslənməkdədir.
Onu da vurğulamaq lazımdır ki, əcdadlarını oğuz və qıpçaq tayfaları, «yörüklü türkmənlər» ilə bağlayan, müəyyən tarixi məqamlarda Qafqaz Albaniyasının etnomədəni irsi ilə əlaqələri müşahidə edilən həmşinlilərin Azərbaycana və onun mədəniyyətinə, həmşinlilər və azərbaycanlılar arasında etnomədəni yaxınlığın öyrənilməsinə böyük maraqlarına baxmayaraq, bu istiqamətdə iş lazım olan səviyyədə deyildir. Halbuki, Həmşinin Azərbaycan meyilli geniş sosial bazası həm mədəni əlaqələrin qurulmasında, həm də Azərbaycan həqiqətlərinin təbliğində geniş intellektual imkanlara malikdir. Belə ki, özlərini «etnik türk» kimi identifikasiya edən həmşinlilərdə Ermənistana və onun işğalçılıq siyasətinə, Türkiyəyə qarşı iddialarına mənfi münasibət formalaşmışdır və Şərqi Anadoluya, Qara dəniz bölgəsinə hələ də maneəsiz daxil olan İrəvan emissarlarının, missionerlərinin onları «müsəlman ermənilər» və ya «kriptoermənilər» kimi tanıtması mənfi reaksiya doğurmaqdadır. Lakin ermənilərin «Həmşin siyasətində» üzləşdiyi əsas problem Azərbaycanın bu bölgədə zəif təbliğ olunmasına baxmayaraq, əhalinin Azərbaycan türklərini «qardaş xalq» və «əqrabalar» adlandırmasıdır. Bununla belə, yaranmış boşluqdan bəhrələnən Ermənistan Respublikası burada öz təbliğatını gücləndirməyə, oğuz və qıpçaq tayfalarına aid maddi-mədəni irs nümunələrini erməniləşdirməyə, ən nəhayət, anti-Azərbaycan yönümlü təbliğatını genişləndirməyə başlamışdır.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycana və Türkiyəyə qarşı yönəldilmiş, Azərbaycan tarixşünaslığında və etnoqrafiyasında, regionun tarixində böyük izlər qoymuş «xristian türklər» və «xristian tatlar» amilinin fundamental səviyyədə öyrənilməməsi, bu istiqamətdə tədqiqatların fərdi təşəbbüslər əsasında epizodik səviyyədə aparılması Ermənistana həm «zorən islamlaşdırılmış və türkləşmiş ermənilər», həm də «tatlaşmış xristian ermənilər» mifini yaratmağa, onu elmi dövriyyəyə buraxmağa münbit şərait yaratmışdır. İrəvanın tat xalqını «sasanilər dönəmində bölgəyə köç etmiş və sonralar irandilli xalqların təsiri nəticəsində tatlaşmış ermənilər» kimi təbliğ etməsi təxribat xarakteri daşımaqla polikultural Azərbaycanda etnik zəmində qarşılıqlı etimadsızlığın və münaqişənin yaranmasına yönəldilmişdir.
Türkiyədən (Şərqi Anadolu, Qara dəniz bölgəsi), Azərbaycandan (Naxçıvan) və Gürcüstandan (Cavaxetiya) qopardılmış torpaqlar hesabına «Qərbi Ermənistan dövləti»nin yaradılması ideyasının fəallarından biri olan politoloq Samvel Kazaryan Ermənistanın müsəlman ermənilərə, eləcə də zorən «etnik erməni» kimi təqdim etdikləri həmşinlilərə yönəlik siyasətinin mahiyyətini – onlardan ümumerməni ideyaları naminə qurbanlıq insan kütləsi kimi yararlanmaq niyyətini dəqiqliklə belə ifadə etmişdir: «Tarix göstərir ki, bütün imperiyalar əvvəl-axır parçalanır. Vaxt gələcək ki, Türkiyə bir neçə dövlətə bölünəcək. Biz ermənilər bu dəyişikliyə indidən hazır olmalıyıq. Əgər biz – Qərbi Ermənistan ermənilərinin varisləri hansısa müqavilələr əsasında o torpaqların heç olması bir hissəsini geri ala bilməyəcəyiksə, orada kimlər məskunlaşacaq? Müsəlman ermənilər artıq orada yaşayırlar. Onlar müsəlman kimi qalsalar belə, bu diyarın dirçəlişində, torpaqlarımızda erməni dövlətçiliyinin bərpasında əsas qüvvə olacaqlar… Müsəlman ermənilər neçə müddətdir ki, dövlət xadimlərinin, məmurların qapılarını döyərək Ermənistana və ya Dağlıq Qarabağa köçmək üçün onlara imkan verilməsini xahiş edirlər. Onlar ancaq tarixi vətənlərində öz ailələri üçün bir parça torpaq istəyirlər… Bu gün, XXI əsrdə millətimizin mənəvi dayağı hesab etdiyimiz Kilsə də mütləq müsəlman ermənilərin mövcudluğunu qəbul etməli və erməni xalqının mənafeyi naminə onlarla əməkdaşlığa başlamalıdır».
Türkiyə Respublikasının xarici siyasətinin əsas məqsədlərindən biri «qonşularla «0» problem» prinsipidir. Azərbaycan Respublikası da həm Cənubi Qafqaz ölkələri, həm də regionla qonşu olan dövlətlərlə mövcud problemlərin aradan qaldırılmasına, sülh və qarşılıqlı faydalı əməkdaşlığa yönəlik müstəqil xarici siyasət xətti yürütməkdədir. Lakin təcrübə göstərdi ki, bu gün həmin prinsiplərə, regionda sabitliyin bərqərar olunmasına, regionda və onun əhatəsində olan dövlətlər və xalqlar arasında sıx əməkdaşlığın, tərəfdaşlığın qurulmasına mane olan yeganə təhdid elementi bu problemlərin yaradıcısı və daşıyıcısı olan Ermənistan Respublikası və onun cinayətkar hakim rejimidir. Bu gün Ermənistan regionda mövcud sərhədləri, dövlət quruluşlarını və əməkdaşlıq prinsiplərini dəyişmək yolu ilə və ya burada «islamlaşdırılmış ermənilər», «etnik mənşələrini unutmuş həmşinlilər» kimi siyasi miflər, «Kimliyə dönüş», «Qarabağa qayıdış» kimi avantürist proqramlar vasitəsilə Türkiyədə və Cənubi Qafqazda əlavə təhdid və siyasi təzyiq mənbələri, etnik və dini zəmində qarşıdurmalar, münaqişələr yaratmaqla, öz geosiyasi mənafelərini ödəmək istəyən xarici qüvvələrin dəstəyi ilə yeni və daha genişmiqyaslı münaqişə ocaqlarını alovlandırmaq niyyətindədir. Türkiyə, Suriya və İraqdakı müsəlman ermənilər ətrafında cərəyan edən proseslər, Qarabağ, Cavaxetiya, Abxaziya və Həmşində baş vermiş hadisələr isə «partladıcı qurğunun» saat mexanizminin artıq işə salındığını göstərir…
SON