Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də SOCAR-ın “Caspian Drilling” Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində deyib.
Prezident bildirib ki, bu layihənin icrası üçün həm Dövlət Neft Fondundan, həm SOCAR-dan qoyulan vəsaitin miqdarı təxminən 1 milyard dollara yaxındır: “Yəni bu həm bizim gücümüzü, həm imkanlarımızı, həm də Azərbaycan iqtisadiyyatının uğurlu inkişafını göstərir. Xarici şirkətlər Azərbaycana sərmayələr qoyanda bizim əsas şərtlərimizdən biri o idi ki, Azərbaycanda bu sərmayələr eyni zamanda neft sənayesinin inkişafına xidmət göstərsin, Azərbaycanda iş yerləri yaradılsın, bizim işçilər yaxşı maaş alsınlar, onların peşəkarlığı artsın, onlar üçün təlim kursları təşkil edilsin və biz bu gün bunu görürük. Bu gün Azərbaycan vətəndaşları bütün əsas neft layihələrində uğurla işləyirlər və həm özləri üçün, həm ölkə üçün böyük fayda gətirlər, fayda verirlər. Bu qazma qurğusunun yaradılması tarixi hadisədir və təsadüfi deyil ki, bu qazma qurğusuna ulu öndər Heydər Əliyevin adı verilib.
Dövlət başçısı qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycanın neft sənayesinin banisidir: “Heydər Əliyevin neft strategiyası bu gün uğurla icra edilir. 1994-cü ildə Əsrin müqaviləsinin imzalanması ilə Azərbaycan neft sənayesində yeni dövr başlamışdır. Bununla bərabər hələ 70-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan neft sənayesi üçün çox önəmli addımlar atılıb. O cümlədən Dərin Özüllər Zavodunun tikintisi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanıb. Həmin zavodun bu gün ölkə və neft sənayesi üçün əvəzolunmaz rolu var”.