Hərbi əməliyyatlar başa çatandan sonrakı ötən üç il ərzində görünən odur ki, Ermənistan Azərbaycana qarşı məkirli planlarından əl çəkməyib. Bu ölkə hələ də Azərbaycan ərazisində hərbi qüvvə saxlamaqda davam edir. Üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisində mina basdırır. Sözsüz ki, bunlar cavabsız qalmır. Azərbaycan dövləti Ermənistanın bu təxribatlarının qarşısının alınması üçün maksimum tədbirlər görür. Beynəlxalq ictimaiyyətə Ermənistanın Azərbaycan ərazilərini mina ilə çirkləndirməklə bağlı fəaliyyətini dayandırmadığı dəfələrlə göstərilir.
Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, Azərbaycan mediası, jurnalistlər də bununla bağlı məlumatlar dərc edir:
“Eyni zamanda Azərbaycan müvafiq təşkilatlara zəruri fakt və materiallar göndərir. Məlum olur ki, yüz illərlə Ermənistan cəmiyyətində davam edən qatı millətçilik ideologiyası hələ də beyinlərindən silinməyib. Bu tək bir qrup insan olsa idi, düşünmək olardı ki, zaman keçdikcə düzələcəklər. Ermənistanın iqtidarı-müxalifəti, ziyalısı belə Azərbaycana qarşı hədə-qorxu ilə çıxış edir”.
Deputat hesab edir ki, 2021-ci ildə istehsal olunmuş minanın Azərbaycan ərazisində basdırılmasının özü Ermənistanın vaxtaşırı bizim ərazimizə hərbi təxribat üçün daxil olduğunu göstərir:
“Bütün bunların hamısı Ermənistan tərəfindən Avropa İttifaqından dəvət edilmiş missiyanın gözü qarşısında baş verir. Atəşkəs pozulur, mina basıdırılması davam edir, Azərbaycanın ərazi bütövlüyü tanınmır, Zəngəzur dəhlizinin açılması ilə bağlı danışıqlara erməni tərəfi maraq göstərmir”.
Aydın Mirzəzadəyə görə, Ermənistanın bütün bu davranışları Azərbaycanı öz ərazi bütövlüyü uğrunda mübarizə aparmaq, suveren hüquqlarını qorumaq əzmini sındıra bilməyəcək:
“Prezident İlham Əliyevin fəaliyyəti, onun ölkəmizin müdafiə qabiliyyətinin möhkəmlənməsi üçün verdiyi tapşırıqlar və onlara nəzarət etməsi bir daha göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü əzmlə qoruyacaq”.