Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Oqtay bəy, Ermənistan sülh prosesini ləngidən, maneə olan mövqeyindən əl çəkmir. Ötən ilin sonuna yaxın yaranmış müsbət dinamika yenidən sıfırlanır. Prosesin uzanması tərəflərə nə vəd edir?
- Ermənistan tərəfindən son dövrlər verilən açıqlamalar onu göstərir ki, İrəvan sülhə hazır deyil. Sülh terminini daha çox işlətsələr də, faktiki olaraq irəli sürülən fikirlər, işlədilən ifadələr Ermənistanın terminoloji məsələlərini önə çəkmələri, qəbuledilməz şərtlərlə prosesi əngəllməyə, uzatmağa çalışdığını göstərir. Bunun müəyyən səbəbləri var. Fransa və digər ölkələrin təhriki ilə Ermənistan faktiki olaraq növbəti savaşa hazırlanır. Bu siyasət artıq müşahidə edilir. Erməni tərəfindən fərqli-fərqli fikirlər söylənsə də, Nikol Paşinyan və Ararat Mirzoyanın son bir ayda olan açıqlamaları heç də sülhə yönəlməyib. Daha çox Azərbaycan tərəfi əsassız olaraq ittiham olunur.
- İrəvanın sülhün əksinə olan hərəkətələri nədən ibarətdir?
- Hazırkı şərtlərə uyğun olmayan tələblər irəli sürülür. Avropa Şurasında Ermənistan nümayəndə heyətinin tutduğu mövqe onu göstərir ki, onlar Azərbaycanla sülhdə maraqlı deyillər. Digər tərəfdən Ermənistan separatçı qurumun fəaliyyətinə göz yumur. Bu da diqqətdən yayınmır. Ermənistan Xarici İşlər Nazirliyinin saytında hələ də keçmiş qondarma qurumla bağlı bölmə qalıb. İrəvan beynəlxalq təşkilatlara müraciətində tarixin arxivinə göndərilmiş rejimin də adı qeyd edilir. Bütün bunlar Ermənistanın sülh prosesinə hazır olmadığı göstərən faktlardır.
- Bu günlərdə açıqlanan mina xəritələri ilə bağlı məsələ hansı yeni faktları üzə çıxara bilər?
- Mirzoyanın açıqlamasında Azərbaycan ərazilərinin mina xəritəsi ilə bağlı ifadənin yer alması bu ölkənin son 3 ildə bu xəritələr üzərində manipuliyasiya etdiyini göstərir. Bu sübut edir ki, Ermənistan növbəti dəfə yalana əl atıb. İndiyə kimi təqdim edilən xəritələrin dəqiqliyi isə 25 faizdən aşağıdır.
- 1974-78-ci illərin xəritələri əsasında sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı erməni tərəfi növbəti açıqlama yayıb. Hətta 1974-1991-ci ilə aid xəritələrdən də bəhs olunur. Sizcə, Ermənistan niyə ən son sovet dövrünün xəritələrinə istinad edir?
- Çünki həmin dövrlərə qədər Azərbaycanın bir xeyli əraziləri qeyri-qanuni şəkildə Ermənistana ya bağışlanıb, ya da onların istifadəsinə verilib. Həmin torpaqlar isə həmin dövrün xəritələrində Ermənistan ərazisi kimi göstərilib. Amma bunların heç birinin hüquqi əsası yoxdur. Sadəcə olaraq hansısa vəzifəli şəxsin direktivi əsasında icarəyə və yaxud istifadəyə verilmiş torpaqlar kimi qeyd edilib. Örüş yeri, meşə zolaqları və s ərazilər nəzərdə tutulur. Sonradan isə Ermənistan bu torpaqları da nəzarətində saxlayıb. Ona görə də, məhz həmin dövrün xəritələrinə istinad olunur.
- Anklav və esklavlarla bağlı mövcud xəritələr hansı faktlara əsaslanır?
- Qazaxın 7-i, Naxçıvanın Kərki kəndi həmin xəritələrdə Azərbaycan ərazisi kimi göstərilib. Ermənistan isə bu günə qədər həmin kəndləri boşaltmaq istəmir. Belə olan halda Ermənistanın niyyəti tam aydın görünür.